Məhkəmə qərarları › İş №8(006)-222/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-222/2023

12.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-222/2023 12.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Pərviz Babayevin Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-6677 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə təqdimatına baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon icra şöbəsinin icra məmuru Pərviz Babayev təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-6677 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə qərardadın çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6677/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X3 (Bəxtiyarovna) qızı və xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu hər ay hər uşaq üçün 160 manat olmaqla, ümumilikdə 320 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 verilməsi, alimentin tutulma müddətinin xx.xx.2019-cu il tarixdən müəyyən edilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərarın surəti, bildirişlə birlikdə borclunun ünvanına göndərilmiş, icra sənədində olan tələbi könüllü olaraq həyata keçirmək üçün “10” gün müddət təklif edilmişdir. Lakin könüllü icra müddətində icra sənədi üzrə tələb borclu tərəfindən təmin edilməmişdir. Sözügedən icra sənədi üzrə borclunun olduğu və yaşayış yeri müəyyən edilmədiyindən onun barəsində tərəfimizdən axtarış haqqında qərar qəbul edilərək icra edilməsi üçün Nəsimi rayon Polis İdarəsinə göndərilmişdir. İcraat zamanı müəyyən edilmişdir ki, (mia.gov.az) borclu barəsində xx.xx.2022-ci il tarixdən axtarış elan olunmuşdur. Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsi, tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, borclu və tələbkar isə məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Təqdimata əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 6677/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X3 (Bəxtiyarovna) qızı və xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu xx.xx.2019-cu il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 160 manat olmaqla, ümumilikdə 320 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 verilməlidir. Təqdimata əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon icra şöbəsinin borclunun axtarılması haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Borclu barəsində axtarış elan edilməsi və saxlanılaraq Nəsimi rayon icra şöbəsinə təhvil verilməsi qərara alınmışdır. «İcra Haqında» Azərbaycan Respublikası Qanununun 18.1.5-ci maddəsinə əsasən, borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda icra sənədi üzrə icraat dayandırıla bilər. Həmin Qanunun 19.1.2-ci maddəsinə əsasən bu Qanunun 17-ci və 18-ci maddələrində nəzərdə tutulmuş hallarda icraat borclunun və ya tələbkarın Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissələrində müddətli həqiqi hərbi xidmətdə olduğu, üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda, stasionar müalicə müəssisəsində olduğu və ya borclunun, onun əmlakının axtarışda olduğu və ya ondan alınmış uşağın axtarışda olduğu halda - müvafiq olaraq hərbi xidmətdən buraxılanadək və ya kontrakt üzrə hərbi xidmətə başlayanadək, icra hərəkətlərinin keçirildiyi yerin hüdudlarına qayıdanadək, müalicə müəssisəsindən çıxanadək yaxud borclunun, onun əmlakının və ya ondan alınmış uşağın axtarışı başa çatanadək dayandırılır. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və icra məmurunun təqdimatının təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. Beləliklə məhkəmə hesab edir ki, Borclu yaşayış və olduğu yer müəyyən edilmədiyindən, sonuncunun axtarışı ilə bağlı icra məmuru tərəfindən qərar qəbul edilməklə, icra edilməsi üçün aidiyyəti üzrə göndərildiyindən, bununla da məhkəməyə verilmiş təqdimat əsaslı olduğundan, təqdimat təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6677/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraat Borclu axtarışı başa çatanadək dayandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6677/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraat Borclu axtarışı başa çatanadək dayandırılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar