Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-232/2023 26.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-41/2022 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə Borclu tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icraatında olan e120964/2023-5-34 saylı icra işi üzrə qanuni qüvvəsini almış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-41/2022 saylı qətnaməsinin icrasına 1 il müddətinə möhlət verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı X15 ona və digər cavabdehlərə qarşı “istifadə hüququna xitam verilməsi, evdən çıxarma və dəymiş ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və daha sonra iddia tələbinin həcminin artırılması barədə nümayəndə vasitəsi ilə ərizə təqdim edərək, onun və digər cavabdehlər X2, X4, X21, X7, X12, X13, X5 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ona aid təcrid edilmiş ayrıca qapısı olan 3/5 pay hissəyə aid olan sahədən çıxarılmaları, həmin paya aid olan hissəyə iddiaçının mülkiyyətçi kimi köçürülməsinin təmin edilməsi və mülkiyyətdə olan payın üzərində tikilmiş özbaşına tikilinin cavabdehlərin vəsaiti hesabına sökülməsinin təmin edilməsi, cavabdehlərin paya aid olan hissədə istifadə hüquqlarına xitam verilməsi və əldən çıxmış fayda məbləğinin cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-41/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, onun və digər cavabdehlər Borclu, X3, X4, X22, X7, X12, X13, X5 iddiaçı X8 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ona aid təcrid edilmiş ayrıca qapısı olan 3/5 pay hissəyə aid olan sahədən çıxarılmaları, həmin paya aid olan hissəyə iddiaçı X8 mülkiyyətçi kimi köçürülməsi, cavabdeh Borclu və digərlərinin ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin iddiaçıya aid təcrid edilmiş ayrıca qapısı olan 3/5 pay hissəyə istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılmış və qanuni qüvvəsini alaraq icra olunması üçün Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir. Bildirir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 1/5 hissəsi bacısı X1 paylı mülkiyyətində olan vaxt, bacısına məxsus həmin payın üzərində bacısı Səbinə Hacıdadaş qızının razılığını alaraq təxmini 2016-cı ildə 30.000 manat pul vəsaiti xərcləyərək özünə ev tikmişdir və həmin vaxtdan bu günə kimi həmin evdə yaşayır. İddiaçı həmin evin qanunsuz tikili hesab edilib onun hesabına sökülməsini məhkəmədən tələb etsə də, məhkəmə öz qətnaməsində həmin hissədə iddia tələbini rədd etmişdir. Bu o deməkdir ki, həmin ev qanunsuz tikili deyil və uzun müddətdir ki, onun sahibliyindədir və onun həmin evə dair gözlənilən mülkiyyət hüququ vardır. Bu hüququndan istifadə edərək “həmin ev üzərində mülkiyyət hüququmun tanınması” tələbi ilə bağlı və yaxud X9 qarşı “evə çəkdiyim pul vəsaitinin mənə ödənilməsi” tələbi ilə bağlı məhkəməyə müraciət edəcəkdir. Həmin məhkəmə prosesləri ən azı 1 ildən artıq müddət çəkəcəkdir. Bu müddət ərzində onun həmin ünvandan çıxarılması Konstitusiyada nəzərdə tutulmuş yaşamaq hüququnun pozulmasıdır. Əgər hazırki vəziyyətdə o, həmin həyətdə yerləşən özü tərəfindən tikilmiş 33 kv.m sahəsi olan evdən çıxarılsa çöldə qalacaqdır və başqa yaşayış yeri yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən qətnamənin icrasına möhlət vermə və ya qətnaməni hissə-hissə icra edilməsinə dair ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə qanunvericiliyin tələblərinə əsasən ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni və iş materiallarını araşdırıb, həmçinin hazırki ərizənin obyektiv və hərtərəfli araşdırılması məqsədilə tələb edilmiş e120964/2023-5-34-004 saylı icra işində olan sənədlərə baxış keçirərək hesab edir ki, ərizənin təmin edilməsinə əsaslar müəyyən edilmədiyindən, ərizə rədd edilməlidir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 41/2022 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Borclu, X2, X4, X21, X7, X12, X13, X5 iddiaçı X8 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ona aid təcrid edilmiş ayrıca qapısı olan 3/5 pay hissəyə aid olan sahədən çıxarılmaları, həmin paya aid olan hissəyə iddiaçı X8 mülkiyyətçi kimi köçürülməsi, cavabdehlər Borclu, X2, X4, X21, X7, X12, X13, X5 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin iddiaçıya aid təcrid edilmiş ayrıca qapısı olan 3/5 pay hissəyə istifadə hüquqlarına xitam verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Yuxarıda qeyd edilən qətnamədən cavabdeh Borclu tərəfindən apelyasiya şikayəti verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-827/2023 saylı qətnaməsi ilə apelyasiya şikayətinin təmin edilməməsi, hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-41/2022 saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə qeyd edir ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, hazırda borclu ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin icrasına 1 il müddətinə möhlət verilməsini xahiş edir. Bu xahişini isə 2(006)-41/2022 saylı mülki iş üzrə iddiaçıya (X9) qarşı iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi ilə və s. hallarla əsaslandırır. Məhkəmə qeyd edir ki, qətnamənin icrasına möhlət verilməsi qətnamənin icrası prosesində baş verən hallardan asılıdır. Belə bir zərurət, bir qayda olaraq, o halda yaranır ki, tərəflərin mövcud əmlak vəziyyəti və digər hallar qətnaməni qanunla müəyyən edilmiş müddətdə icra etməyə imkan verməsin. Qətnamənin icrasına möhlət verilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qətnamənin icrasına möhlət verilməsinin əsası kimi nəzərə alınmalı olan borclunun əmlak vəziyyəti onun elə bir maddi təminat səviyyəsini nəzərdə tutur ki, bu vəziyyətdə borclu ona məxsus və tələbin yönəldilməsi mümkün olan əmlakının realizəsi hesabına qətnamə üzrə tələbi qısa müddətdə könüllü və ya məcburi qaydada tam icra edə bilmir. Bundan əlavə, qətnamənin icrasına möhlət verilməsi zamanı tələbkarın qanuni mənafeyi mütləq nəzərə alınmalı, icrasına möhlət verilməsi qaydası müəyyən edilərkən ağlabatanlıq və ədalətlilik meyarları rəhbər tutulmalıdır. Məhkəmə hesab edir ki, borclunun ərizəsi əsassızdır və təmin edilə bilməz. Belə ki, Borclu ərizəsi təmin edilməsi tələbkarın hüququnun (icra sənədi üzrə tələbin yerinə yetirilməsini tələb etmək hüququnun) pozulmasına gətirib çıxara bilər. Belə ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın məhkəmə müdafiəsi hüququnun mahiyyətinə xələl gətirəcəkdir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci və 13-cü bəndlərində göstərilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair» 4 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin əsasları icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr yaratmamalıdır. Məhkəmə qətnamənin icrasına möhlət verilməsi barədə məsələyə baxarkən hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsi, 71-ci maddəsinin İİ hissəsi, 127-ci maddəsinin İV hissəsi və ədalət prinsipindən irəli gələrək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının mütənasiblik prinsipi əsasında, bütün tələbkarların və borcluların hüquq və qanuni maraqlarının balansını təmin etməklə qiymətləndirməli və etməlidir. Məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin mümkünlüyü isə ədalət tələbinə uyğun, adekvat olmalı və icra icraatının iştirakçılarının konstitusiya hüquqlarının mahiyyətinə toxunmamalıdır. Eyni zamanda, məhkəmə qətnamənin icrasına möhlət verilməsi barədə borclunun irəli sürdüyü bütün əsasları, tələbkarın belə möhlətin verilməsinə qarşı mümkün olan etirazlarını öz daxili inamına görə qiymətləndirməli, hərtərəfli, tam, obyektiv və bilavasitə araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Beləliklə məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alıb və ən əsası qanunvericiliyin tələblərini rəhbər tutub hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-41/2022 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə Borclu tərəfindən verilmiş ərizə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-41/2022 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə Borclu tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №8(006)-232/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-232/2023
26.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver