Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-233/2024 15.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X6 oğlunun katibliyi, İcra sənədi üzrə Tələbkar ASC-nin nümayəndəsi X1, Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X2 iştirakları ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-953/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Tələbkar ASC tərəfindən verilmiş “icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan şikayət”ə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-953/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Borclu 827,50 manat əsas, 98,80 manat faiz, 41 manat cərimə borcu olmaqla, cəmi 967,30 manat məbləğində pulun və 28 manat dövlət rüsumunun tutularaq Tələbkar ASC-yə ödənilməsi qət edilmişdir. Hazırda Tələbkar ASC şikayət ilə məhkəməyə müraciət edərək, Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və icra sənədinin yenidən icraya göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 953/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Borclu 827,50 manat əsas, 98,80 manat faiz, 41 manat cərimə borcu olmaqla, habelə 30,90 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 998,20 manat məbləğində pulun Tələbkar ASC-nin hesabına tutulması qət edilmişdir. İcra sənədi icra olunması üçün Nəsimi rayon İcra Şöbəsinə göndərilmişdir. Lakin sonradan Nəsimi rayon İcra Şöbəsi tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə əsasən icraata xitam verilmiş və icra sənədi Nəsimi Rayon Məhkəməsinə geri qaytarılmışdır. Qeyd edilən maddəyə əsasən icraata xitam verilməsi üçün tələb tam icra olunmalıdır. Halbuki, tələb tam icra edilməmişdir. Bununla da icra sənədi bu günə kimi icra edilməmiş və icra edilməsi üçün də müvafiq tədbirlər görülməmişdir. Hazırda qətnamə üzrə Borclu tutularaq Tələbkar ASC-yə ödənilməli olan cəmi 998,20 manat məbləğində borc tam şəkildə ödənilməmiş olaraq qalmışdır. Eyni zamanda, qərar icra sənədi üzrə Tələbkar ASC-yə rəsmi şəkildə təqdim edilməmişdir. Tələbkar tərəf kimi Tələbkar ASC hər dəfə icra sənədinin icra vəziyyəti ilə bağlı Nəsimi rayon İcra Şöbəsinə müraciət etsə də, işin real vəziyyəti ilə bağlı onlara tam dolğun məlumat verilməmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə müraciətə şifahi şəkildə cavab olaraq bildirilmişdir ki, “artıq icra işi üzrə icraata xitam verilib və xitam qərarını özünüz tapıb ondan şikayət verə bilərsiniz. O zaman icra sənədi üzrə Tələbkar ASC-yə məlum olmuşdur ki, artıq icra sənədinə 1 (bir) ildən artıq müddətdir ki, xitam verilmişdir. Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı qanunsuz olduğundan ləğv edilməlidir. İşin hallarından da görünüdüyü kimi, Nəsimi rayon İcra Şöbəsi heç bir əsas olmadan icra işinə özbaşına və qanunsuz olaraq xitam vermiş və xitam qərarı barədə icra sənədi üzrə Tələbkar ASC-yə məlumat verməmişdir. Məhkəmə iclasında icra sənədi üzrə Tələbkar ASC-nin nümayəndəsi X3 şikayəti müdafiə edib bildirdi ki, icra sənədi üzrə tələb təmin edilməmişdir. Buna görə də şikayətin təmin edilərək mübahisələndirilən qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X4 borclunun iş yeri tərəfindən İcra şöbəsinə göndərilən məktubun icra məmuru tərəfindən səhv başa düşüldüyünü, şöbənin depozit hesabında həmin icra sənədi üzrə pul olmadığını bildirərək, tələb təmin olunmadığından, şikayətin təmin olunmasına etiraz etmədi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, icra sənədi üzrə Borclu məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayəti, ona əlavə edilmiş sənədləri və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-953/2023 nömrəli mülki işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, şikayətə əlavə edilmiş: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-953/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Tələbkar ASC ilə Borclu arasında bağlanmış kredit müqaviləsi ləğv edilmiş, Borclu həmin kredit müqaviləsi üzrə 827,50 manat əsas, 98,80 manat faiz, 41 manat cərimə borcu olmaqla, cəmi 967,30 manat, ödənilmiş 30,90 manat dövlət rüsumunun 28 manat hissəsi alınaraq Tələbkar ASC-yə ödənilməsi qət edilmişdir. Məhkəmə aktı xx.xx.2023-cü il tarixdə qüvvəyə minmiş, xx.xx.2023-cü ildə icra vərəqəsi verilmişdir. Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, icra məmuru Cəlaləddin Əliyev tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-953/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə həmin icra sənədində qeyd olunan tələb Borclu tərəfindən tam şəkildə təmin olunduğuna görə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. Tələbkar ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə Borclu əsas 827,50 manat, faiz borcu 98,80 manat, cərimə faizi üzrə 41 manat məbləğində ödənilməmiş borcu və 30.90 manat ödənilməli olan məhkəmə rüsumu qalmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-953/2023 nömrəli mülki işinin materiallarında olan “DOST İş Mərkəzi” tərəfindən elektron poçt vasitəsilə İcra şöbəsinə ünvanlanmış cədvəldən (16-cı qrafadan) görünür ki, Borclu adı qarşısında aprel və iyun ayları üzrə ödəniş edilməmiş, may ayı üzrə 292,17 yazılmış, “xitam olunub” qeydi edilmişdir. Məhkəmə qeyd edir ki, borcludan pul tutulması barədə olan icra sənədi tam icra edilmədən onun iş yeri tərəfindən İcra şöbəsinə göndərilmiş “xitam olunub” qeydinin icra məmuru tərəfindən yanlış başa düşülməsi nəticəsində icra sənədi üzrə icraata xitam verilmişdir. Tələbkar tərəfindən verilmiş şikayət məhkəməyə daxil olduqdan sonra icra məmuru depozitdə pul olmadığını müəyyən edərək, borclunun iş yeri ilə əlaqə saxlamış və müəyyən etmişdir ki, “xitam olunub” qeydi borclunun əmək müqaviləsinə xitam verildiyini bildirmək üçün yazılmışdır. Beləliklə, icra məmurunun icraata xitam verilməsi barədə qərarı yanlışlıqla qəbul etməsi müəyyən edilmişdir. İcra sənədi üzrə tələb tam təmin edilmədiyindən məhkəmə hesab edir ki, tələbkarın şikayəti əsaslıdır. Belə olan halda məhkəmənin qənaətinə görə şikayət təmin edilərək, qərar ləğv edilməli, icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün İcra şöbəsinə qaytarılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 15.2-15.3-cü maddələrinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. 20.1-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: - məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; - məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; - tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; - icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; - qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə; - icra sənədi tam icra olunduqda. 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 20.6-cı maddəsinə görə, icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, tələbkar tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-953/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında Nəsimi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Nəsimi rayon İcra şöbəsinə qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Tələbkar ASC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-953/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında Nəsimi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İcra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Nəsimi rayon İcra Şöbəsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №8(006)-233/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-233/2024
15.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver