Məhkəmə qərarları › İş №8(006)-247/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-247/2024

03.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-247/2024 03.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X7 oğlunun katibliyi, İcra sənədi üzrə borclu "xxxx" MTK-nın vəkili-nümayəndəsi X2, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 iştirakları ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-2052/2024 nömrəli icra sənədi üzrə borclu "xxxx" MTK tərəfindən verilmiş “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və s. barədə” şikayətə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-2052/2024 nömrəli icra sənədi üzrə borclu "xxxx" MTK şikayət ilə məhkəməyə müraciət edərək, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Pərviz Babayevin hərəkətlərinin qanunsuz hesab edilməsi, icra məmurunun tələbin məcburi icraya yönəldilməsi barədə qərarının və inkasso sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(006)-2052/2024 nömrəli qətnaməsi xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir. xx.xx.2024-cü il tarixdə icra sənədi Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir. İcra vərəqəsi xx.xx.2024-cü il tarixdə icra şöbəsi tərəfindən qəbul edilmişdir. İcra məmuru Pərviz Babayev “İcra haqqında” Qanunun tələblərini pozaraq, tələbin könüllü icrası üçün "xxxx" MTK-ya bildiriş göndərmədən məcburi icra tədbirlərinə başlamış və xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-də olan bank hesablarına inkasso sərəncamı qoymuşdur. İcra məmuru qanunun tələbini kobud şəkildə pozmuş, tələbi könüllü icra etmək üçün borcluya bildiriş göndərməmişdir. Ona görə də borclu icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi üçün məhkəməyə müraciət edir. İcra sənədi üzrə borclu "xxxx" MTK ərizə göndərərək, şikayətə əlavə olaraq bildirmişdir ki, Bakı şəhəri Nəsimi rayonu İcra şöbəsi tərəfindən könüllü icra müddətini gözləmədən (icra vərəqəsinin tarixinə və silinmə tarixləri əsasdır) icra vərəqəsində qeyd olunmuş məbləğ inkasso sərəncamı əsasında hesabdan silinmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri Nəsimi rayonu İcra şöbəsinin icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi, qanunsuz olaraq hesabımızdan silinmiş məbləğin geri qaytarılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Nəsimi rayon İcra şöbəsinin icra məmuru X3 icra sənədinin xx.xx.2024cü il tarixdə icraata daxil olduğunu, bundan sonra borclunun icra sənədində göstərilən ünvanına könüllü icra barədə bildirişi göndərdiyini, borclunun ünvanını dəyişib-dəyişməməsi barədə onlara heç bir məlumat vermədiyini, qəbul etdiyi inkasso sərəncamının isə artıq icra edildiyini, lakin pulların hələ də İcra şöbəsinin depozitində saxlanıldığını bildirərək, şikayətin əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında icra sənədi üzrə borclu "xxxx" MTK-nın vəkili-nümayəndəsi X4 məhkəmə qətnaməsinin onlara rəsmi qaydada verilmədiyini, icra məmurunun da könüllü icra barədə bildirişi vermədən onların hesabından pul tutduğunu bildirərək, icra məmurunun qanunsuz qəbul etdiyi və banklara göndərdiyi inkasso sərəncamlarının ləğv edilməsini, borclunun hesabından tutulmuş vəsaitin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, icra sənədi üzrə tələbkarlar məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tələbkarların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və icra işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, icra işinin materiallarında olan: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-2052/2024 nömrəli icra vərəqəsindən görünür ki, cavabdeh "xxxx" MTK-dan 2022-ci ilin iyun – 2024-cü ilin mart ayı üçün ödənilməmiş kirayə haqqının əvəzi olaraq 39600 manatın alınaraq Tələbkar2; 2022ci ilin iyun – 2024-cü ilin mart ayı üçün ödənilməmiş kirayə haqqının əvəzi olaraq 26400 manat və hüquqi yardıma görə ödənilmiş 320 manatın Tələbkar1 xeyrinə ödənilməsi; ödənilmiş dövlət rüsumuna görə 288 manatın alınaraq Tələbkar2 və Tələbkar1 xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə aktı xx.xx.2024-cü il tarixdə qüvvəyə minmiş, xx.xx.2024-cü il tarixdə elektron qaydada imzalanmaqla icra sənədi verilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-2052/2024 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, borcluya icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. Bildiriş borclunun icra sənədində göstərilən “ünvan 1 ünvanına göndərilmişdir. 1 ədəd zərfdən görünür ki, borcluya göndərilmiş məktub “sökülüb” qeydi ilə xx.xx.2024-cü il tarixdə İcra şöbəsinə qaytarılmışdır. xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, borcludan 4.663 manat məbləğində icra ödənişinin İcra şöbəsinin depozit hesabına köçürülməsi və borclunun bankda olan hesablarının və hesabındakı pul vəsaitlərinin üzərinə, cəmi 71.271 manat həcmində həbs qoyulması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli inkasso sərəncamlarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-2052/2024 nömrəli icra sənədi üzrə borcun ödənilməsi məqsədilə sərəncamlar icra edilməsi üçün "xxxx" ASC və "xxxx" ASC-yə göndərilmişdir. "xxxx" ASC tərəfindən İcra şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-2052/2024 nömrəli icra vərəqəsinin icrası ilə bağlı borclunun adına tərtib edilmiş xx.xx.2024-cü il tarixli inkasso sərəncamı tam ödəniş icra edilərək geri qaytarılmış və hesablara qoyulmuş həbs ləğv edilmişdir. İcra şöbəsi tərəfindən "xxxx" ASC və "xxxx" ASC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, tələb tam icra edildiyi üçün bank hesablarının üzərindən həbsin götürülməsini və inkasso sərəncamının icrasının dayandırılmasını xahiş etmişdir. Beləliklə, məhkəmə tərəfindən icra işinin materialları əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-2052/2024 nömrəli qətnaməsi əsasında icra sənədi xx.xx.2024-cü il tarixdə elektron qaydada imzalanmaqla verilmişdir. İcra sənədi Nəsimi rayon İcra şöbəsinin icra məmuru Pərviz Babayevin icraatına daxil olmuş və o, xx.xx.2024-cü il tarixli qərarla icra sənədi üzrə icraata başlamış, həmin tarixdə borclunun icra sənədində göstərilən ünvanına tələbin könüllü icrası haqqında bildiriş göndərərək, icra sənədinin 10 gün müddətində könüllü olaraq icra edilməsini təklif etmiş, əks təqdirdə məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə məlumat vermişdir. Borclunun icra sənədində göstərilən ünvanına göndərilmiş həmin məktub “sökülüb” qeydi ilə xx.xx.2024-cü il tarixdə İcra şöbəsinə qaytarıldığından, zərf icra işinin materiallarına əlavə edilmişdir. Bundan 5 gün sonra – xx.xx.2024cü il tarixdə icra məmuru borclunun bankda olan hesablarının və hesabındakı pul vəsaitlərinin üzərinə icra sənədində göstərilən məbləğ və buna müvafiq olaraq hesablanmış icra ödənişi – cəmi 71.271 manat həcmində həbs qoyulması barədə qərarlar qəbul edərək, mübahisələndirilən inkasso sərəncamlarını qanunamüvafiq qaydada tərtib edib icra edilməsi üçün "xxxx" ASC və "xxxx" ASCyə göndərmişdir. "xxxx" ASC xx.xx.2024-cü il tarixli məktubla inkasso sərəncamının tam ödəniş icra edildiyindən geri qaytarıldığını və hesablara qoyulmuş həbsin ləğv edildiyini bildirmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə icra məmuru hər iki banka məktub göndərərək, tələb tam icra edildiyi üçün bank hesablarının üzərindən həbsin götürülməsini və inkasso sərəncamının icrasının dayandırılmasını xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, icra sənədi üzrə borclunun hazırkı şikayəti əsassızdır. Çünki məhkəmə tərəfindən icra sənədi üzrə həyata keçirilmiş tədbirlər zamanı icra məmurunun hərəkətlərində qanuna uyğun olmayan heç bir hal aşkar edilməmişdir. Belə ki, borclunun icra sənədində göstərilən ünvanına göndərdiyi məktub geri qayıtdıqdan sonra icra məmuru haqlı olaraq icra sənədi üzrə məcburi icra tədbirlərini həyata keçirməyə başlamışdır. İcra məmuru haqlı olaraq hazırkı məhkəmə iclasında da bildirmişdir ki, borclu bütün məhkəmə bildirişlərindən xəbərdar olmuş, iclaslarda iştirak etmiş, buna görə də məhkəmə tərəfindən verilmiş icra vərəqəsində göstərilmiş ünvanı əgər dəyişmişdirsə də belə, bu barədə məhkəməyə və İcra şöbəsinə məlumat vermək borclunun öhdəliyi olmuşdur. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, hazırkı şikayətə əlavə edilmiş etibarnamədə də məhz həmin ünvanın göstərilməsi könüllü icra haqqında bildirişin borcluya çatmaması icra məmurunun heç bir qanunsuz hərəkəti nəticəsində olmamışdır. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasının təmin edilməsi məcburi olduğundan, məhkəmənin mövqeyinə görə icra haqqında qanunvericilikdə göstərilmiş tələblərə də məhz bu prizmadan yanaşılmalı, yəni həmin qanunvericilik normalarına formal olaraq istinad etməklə tələbkarın hüquqlarının pozulmasına, həmçinin, məhkəmə qərarının icra edilməməsi üçün şərait yaradılmasına rəvac verilməməlidir. Buna görə də məhkəmə borclunun icra məmurunun qanunla müəyyən edilmiş müddət gözləmədən məcburi icra tədbirlərinə başlaması barədə dəlilini, həmçinin, buna görə inkasso sərəncamlarının ləğv edilməsini və hesabdan tutulmuş pulun geri qaytarılmasını tələb etməsini əsassız hesab edir. Əvvəlla inkasso sərəncamları ilə bağlı qeyd edilməlidir ki, həmin sərəncam müvafiq bank tərəfindən icra edilərək geri qaytarıldığından, icra məmuru tərəfindən digər banka da məktub göndərilərək, sərəncamın icrasının dayandırılması tələb olunmuşdur. Deməli, mübahisələndirilən inkasso sərəncamları artıq bankların icraatında deyildir. Əlavə olaraq qeyd edilməlidir ki, cavabdeh (borclu) tərəfindən qətnamədən apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə verilsə də, ərizə təmin edilməmiş, apellyasiya şikayəti isə müvafiq müddət keçdikdən sonra verildiyindən məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Deməli, qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin icraatında olmadığından, inkasso sərəncamlarının nəticələrinin ləğv edilməsinə, yəni borclunun hesabından tutulmuş pulun geri qaytarılmasına heç bir əsas mövcud deyildir. Məhkəmə öz qənaətini aşağıdakılarla əsaslandırır: “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 8.1-8.2-ci maddələrinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 8.3-cü maddəsinə görə, icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 8.5-ci maddəsinə əsasən, tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. 12.1-ci maddəsinə görə, bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. 44.1-44.2-ci maddələrinə əsasən, məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: - bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; - icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; - könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. 45.2-45.3-cü maddələrinə görə, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Borclunun banklarda və digər kredit təşkilatlarında saxlancda əmlakının və hesabının mövcudluğu, habelə hesab üzrə qalıqlar barədə məlumatlar icra məmuru tərəfindən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə uyğun olaraq əldə edilir və onların (olduqda) üzərinə bu Qanunun 45.7-ci maddəsinə uyğun olaraq icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə həbs qoyulur. 45.7-ci maddəsinə əsasən, tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. 78.1-ci maddəsinə görə, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-15.3-cü maddələrinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-2052/2024 nömrəli icra sənədi üzrə borclu "xxxx" MTK tərəfindən verilmiş “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və s. barədə” şikayət əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3, 8, 12, 44-45, 78.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15, 263-264, 266- 268-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-2052/2024 nömrəli icra sənədi üzrə borclu "xxxx" MTK tərəfindən verilmiş “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və s. barədə” şikayət təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar