Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-249/2024 01.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Borclu iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-5129/2023 saylı qətnaməsinin “icra üsulunun və qaydasının dəyişdirilməsi” barədə Borclu ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Borclu ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcun birdəfəlik ödənilməsi maddi vəziyyətinin ağır olması səbəbilə mümkün olmadığından qətnamənin icrasının dəyişdirilərək borcun 25%-nin ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sonradan, Borclu ərizəsində dəqiqləşmələr apararaq, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-5129/2023 saylı qətnaməsi əsasında kartından aparılan tutulmaların 25%-ə endirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Tələbkar ona və digər cavabdeh X1 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 23.500 manat borc məbləğinin və 160 manat dövlət rüsumunun onlardan müştərək qaydada öz xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsi iddianın təmin olunmaması barədə qətnamə qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2(103)-5129/2023 nömrəli qətnaməsi ilə (hakim M.Ə. Rüstəmlinin sədrliyi və məruzəsi ilə, hakimlər V.N.Sadıqovdan və A.Ə.İsgəndərovdan ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, e-2(006)1662/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilmiş, ondan 23500 manat məbləğində pulun və iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun 80 manatının, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 80 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı Tələbkar ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 fevral 2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5129/2023 nömrəli iş üzrə 02 oktyabr 2023-cü il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, iddianın təmin olunmuş hissəsində qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Yoldaşı xx.xx.2014-cü il tarixində vəfat etmişdir. O, təkbaşına uşaqlarını saxlamışdır. Hazırda himayəsində qızı və onun uşağı ilə yaşayır. Özü təqaüdçüdür, alıdığı məvacib onu və ailəsinin saxlanmasına güclə çatır. Özü hipertonik şəkər xəstəsidir. Tez-tez tutmalar ilə xəstəxanalarda çarəsiz vəziyyətdə qalır. Nəvəsinin ciddi müalicə və əməliyyata ehtiyacı vardır. Hətta 18 yaşına kimi bir neçə dəfə əməliyyat olunmalıdır. Həmin qətnamənin 23500 manat məbləğində pul hissəsinin ödənilməsində çətinliyi vardır. Məhkəmə qətnaməsində qət edilmiş borc hissəsinin hissəhissə ödənilməsinə imkan yaradılmasını istəyir. Məhkəmə iclasında Borclu ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmə qətnaməsi ilə qət edilmiş məbləğdən başqa banka borc öhdəliyinin olduğunu, bu öhdəliyə görə də kartından tutulmaların aparıldığını qeyd edərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən qətnamənin icrasına möhlət vermə və ya qətnaməni hissə-hissə icra edilməsinə dair ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə qanunvericiliyin tələblərinə əsasən ərizəyə tələbkarın və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunun izahatını dinləyib, ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-5129/2023 saylı qətnaməsi ilə iddiaçı Tələbkar tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)- 1662/2023 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Borclu 23.500 manat məbləğində pul, iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun 80 manatı və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 80 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı Tələbkar ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)- 504/2024 saylı qərarı ilə cavabdeh Borclu tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2(103)- 5129/2023 nömrəli qətnaməsinin iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - “Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarışa əsasən Borclu Gəncə- Daşkəsən Regional Təhsil İdarəsində metodist vəzifəsində çalışır, aylıq əmək haqqısı 830 manat təşkil edir. Eyni zamanda, Borclu yaşa görə təyin edilmiş pensiya məbləği 401,80 manat təşkil edir. - 159cdGNJD/24 saylı kredit müqaviləsinə əlavəyə görə Borclu "xxxx" KB ASC qarşısında 12 ay müddətinə illik 12.5% dərəcəsi ilə götürmüş olduğu 12.000 manat kredit məbləğinə görə öhdəliyi mövcuddur. Aylıq ödəniş məbləği 1069 manat təşkil edir. Beləliklə məhkəmə qeyd edir ki, işin faktiki hallarından da müəyyən olunur ki, məhkəmənin yuxarıda qeyd edilən qətnaməsi ilə Borclu Tələbkar xeyrinə 23.500 manat məbləğində pul, iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun 80 manatı və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 80 manat məbləğində dövlət rüsumunun ödənilməsi qət edilmiş və qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması məqsədilə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə yönəldilmişdir. Lakin borclu maddi imkanının tələbkara olan borcunu birdəfəlik ödəməsinə yetərli olmadığını qeyd edərək, maddi sıxıntılar yaşadığından ailə və əmlak vəziyyətinin nəzərə alınaraq hazırda kartından tutulan məbləğin 50%-nin 25%-ə endirilməsi barədə müvafiq məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Qanunun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdrilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 176-cı maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2023-cü ilə tarixli qərarında qeyd edilən hüquqi mövqeyi nəzərə alan məhkəmə qeyd edir ki, məhkəmə qərarı ilə hər hansı mülki müqavilə, eləcə də kredit müqaviləsi üzrə kreditorun tutmanın borclunun əmək haqqına yönəldilməsi barədə tələbi əlli faizədək həcmdə təmin edilə biləcəyi halda, müvafiq münasibətlər üzrə işçinin könüllü iradə ifadəsi əsasında belə tutmanın daha az həddə məhdudlaşdırılması Əmək Məcəlləsinin 175 və 176-cı maddələrinin hüquqi təyinatı və yerinə yetirdiyi funksiya ilə uzlaşmır. Bu həddin müəyyən edilməsi digər şəxslərin, o cümlədən mülki müqavilələr üzrə kreditorların mənafeyinə və qanuni maraqlarına xələl yetirmədən işçiyə yaşayış üçün minimum təminat imkanı vermək və bununla da əmək haqqının sosial-iqtisadi funksiyasının həyata keçirilməsinin təmin edilməsi məqsədini daşıyır. Məhkəmə işin hallarını, borclunun maddi vəziyyətini, təkcə qətnamə ilə qət edilmiş məbləğə görə deyil eyni zamanda bankla arasında bağlanmış olan kredit müqaviləsinə görə öhdəliyinin olmasını, ümumilikdə kartına mədaxil edilən vəsaitlə öhdəliklərinə görə məxaric edilən vəsaitin məbləğinin mütənasibliyini və digəq diqqətəlayiq halları nəzərə alıb, ərizənin təmin edilməsini mümkün hesab edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-5129/2023 saylı qətnaməsinin “icra üsulunun və qaydasının dəyişdirilməsi” barədə Borclu ərizəsi təmin edilməli, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-5129/2023 saylı qətnaməsinə əsasən Borclu kartından tutulan məbləğin 50%-dən 25%-ə endirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-5129/2023 saylı qətnaməsinin “icra üsulunun və qaydasının dəyişdirilməsi” barədə Borclu ərizəsi təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-5129/2023 saylı qətnaməsinə əsasən Borclu kartından tutulan məbləğin 50%-dən 25%-ə endirilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №8(006)-249/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-249/2024
01.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver