Məhkəmə qərarları › İş №8(006)-251/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-251/2024

12.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-251/2024 12.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Borclu iştirakları ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, e-2(006)- 326/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair Borclu tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, e-2(006)-326/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Borclu ərizəni müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-326/2024 saylı qətnaməsi ilə ümumilikdə 1018 manat pulun ondan tutularaq Tələbkar ödəniməsi qət edilmişdir. O, hazırda əmək fəaliyyəti ilə məşğuldur və aylıq 775 manat əmək haqqı alır. Himayəsində azyaşlı övladı var və müxtəlif banklardan götürdüyü xeyli miqdarda kreditlə bağlı hər ay bir sıra banklara ödənişlər edir. Ona görə də adıçəkilən qətnamədə qeyd edilən vəsaiti birdəfəyə ödəməyə maddi imkanı çatmır. Ona görə də həmin vəsaiti hissə-hissə ödəməyə ona şərait yaradılmasını xahiş etmiş, əlavə olaraq sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, qeyd edilən qətnamə ilə bağlı tələbkara hər hansı məbləğdə ödəniş etməmişdir. Tələbkarın borcun hissə-hissə ödənilməsinə razığı ilə bağlı onunla danışmamışdır. Məlumatı yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Nəsimi rayon İcra şöbəsinin icra məmuru və tələbkar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən qətnamənin icrasına möhlət vermə və ya qətnaməni hissə-hissə icra edilməsinə dair ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Belə olan halda məhkəmə hazırkı ərizəyə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə borclunun izahatını dinləyib, ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsinə əsaslar müəyyən edilmədiyindən, ərizə rədd edilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci və 13-cü bəndlərində göstərilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Qətnamənin icrasına möhlət verilməsinin və ya onun hissə-hissə icrasının əsası kimi nəzərə alınmalı olan borclunun əmlak vəziyyəti onun elə bir maddi təminat səviyyəsini nəzərdə tutur ki, bu vəziyyətdə borclu ona məxsus və tələbin yönəldilməsi mümkün olan əmlakının realizəsi hesabına qətnamə üzrə tələbi bir dəfəyə könüllü və ya məcburi qaydada tam icra edə bilmir. Həmin Qərara əsasən, borclunun əmlak vəziyyətini nəzərə almaqla qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yalnız o halda mümkün sayıla bilər ki, məhkəməyə möhlət müddətinin sonunda və ya qətnamənin hissə-hissə icrası zamanı icra edilməli hissələrin icra müddəti çatdıqda borclunun qətnaməni icra etmək üçün kifayət qədər əmlaka malik olacağı barədə sübut təqdim edilmiş olsun. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülkiprosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. «İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin icra məmurlarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Konvensiyanın 6-cı maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq” qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir.” Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər. (“Burdov Rusiyaya qarşı”, şikayət №59498/000. ECHR.2002). Məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icraya yönəldiyi vaxtdan bu günə kimi hərəkətsiz qaldığını, borclu tərəfindən hissə-hissə ödəmə aparmaqla məhkəmə qətnaməsinin icrasının uzun müddət davam edəcəyini, bununla da tələbkarın dövlət tərəfindən təminat verilən «ədalətli məhkəmə baxışına olan hüququ»nun pozulacağını və tələbkar tərəfin buna razı olması barədə heç bir münasibət bildirməməsini, borclunun rəsmi iş yeri olmaqla əmək haqqsının olmasını nəzərə alaraq, hesab edir ki, ərizə əsassızdır və rədd olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, e-2(006)- 326/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair Borclu tərəfindən verilmiş ərizə rədd edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Nəsimi Rayon Məhkəməsinə şikayət verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar