Məhkəmə qərarları › İş №8(006)-257/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-257/2023

13.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-257/2023 13.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X7 oğlunun katibliyi, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X3, İcra sənədi üzrə borclu "xxxx" MMC-nin vəkili-nümayəndəsi Vəkil iştirakları ilə, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişovanın Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-3963/2022 saylı icra sənədi üzrə Tələbkar orta əmək haqqının və ya əmək haqqı fərqinin ödənilməsi barədə ərizəsinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişova məhkəməyə ərizə ilə müraciət edərək, icra sənədi üzrə "xxxx" MMC-dən tələbkarın işdən çıxarıldığı gündən bu günə kimi orta əmək haqqının və ya əmək haqqı fərqinin işçiyə ödənilməsinə dair qərardad verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-3963/2022 saylı icra sənədinə əsasən “borclu "xxxx" MMC-nin Tələbkar ilə əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli, 12 saylı əmri ləğv olunmalıdır. Tələbkar məcburi iş buraxmaya görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək ştat cədvəlinə uyğun əmək haqqı ödənilməklə, o, əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunsun. Borclu "xxxx" MMC-dən 2000 (iki min) manat mənəvi ziyana görə pul tutularaq Tələbkar ödənilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 127 (bir yüz iyirmi yeddi) manat məbləğində pul borclu "xxxx" MMC-dən alınaraq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir”. İcra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclu "xxxx" MMC-nin icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində tələbi təmin etməmiş, ona dəfələrlə xəbərdarlıq göndərilmişdir. "xxxx" MMC-nin fəaliyyət göstərdiyi ünvana gedilmiş, borclunun faktiki ünvanda olmadığı aşkarlanmış və bu barədə icra məmuru tərəfindən akt tərtib edilmişdir. Ötən müddət ərzində borclu dəfələrlə xəbərdarlıq edilsə də, o, tələbi təmin etməmişdir. Borclu tərəfindən Nəsimi rayon İcra şöbəsinə ünvanlanmış izahatda icra sənədi üzrə Ali Məhkəmənin Plenumuna yeni açılmış hallarla bağlı ərizə verildiyini, bu səbəbdən icraatın dayandırılmalı olduğu bildirilmişdir. İcra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclu hüquqi şəxsin rəhbəri barədə protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. İş üzrə tələbkar ötən müddət ərzində işə bərpa olunmamış, işə bərpa olunmadığı üçün onun əmək haqqı məbləğinin hesablanması mümkün olmamışdır. Göründüyü kimi, icra məmuru tərəfindən işə bərpa olunma ilə bağlı zəruri icra tədbirləri görülməkdədir. Tələbkara ödənilməli olan əmək haqqı məbləğinin fərqinin ona ödənilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında Nəsimi rayon İcra şöbəsinin icra məmuru X4 ərizəni müdafiə edib, ərizənin məzmununa uyğun izahat verərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında icra sənədi üzrə borclu "xxxx" MMC-nin vəkili-nümayəndəsi Vəkil ərizəni qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını və çıxışını dinləyib, ərizəni, iş materiallarını və icra işini nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, ərizəyə əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)- 3963/2022 saylı icra vərəqindən görünür ki, "xxxx" MMC-nin apellyasiya şikayətinin təmin edilməməsi, Tələbkar apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-442/2022 saylı, 17 yanvar 2022-ci il tarixli qətnaməsinin “mənəvi ziyanın rədd edilməsi hissəsində” ləğv edilməsi, həmin hissədə iddia tələbinin qismən təmin edilməsi, "xxxx" MMC-dən 2000 (iki min) manat mənəvi ziyana görə pul tutularaq Tələbkar ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamə 11 oktyabr 2022ci il tarixdə qanuni qüvvəyə minmişdir. Ərizəyə əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişova tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-3963/2022 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Ərizəyə əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, borclu "xxxx" MMC-yə icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. Ərizəyə əlavə edilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, borclu "xxxx" MMC Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-3963/2022 saylı icra sənədini könüllü icra üçün müəyyən olunmuş vaxtda icra etmədiyindən barəsində qanunamüvafiq qaydada məcburi icra tədbirlərinin tətbiq olunacağı barədə xəbərdar edilmişdir. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən "xxxx" MMC-nin vəkili Vəkil ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC-nin tərəf olduğu mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2022-ci il 11 oktyabr tarixli qərarından "xxxx" MMC-nin verdiyi məhkəmə aktına yeni açılmış hallar üzrə işə yenidən baxılması haqqında ərizəsi Ali Məhkəməyə daxil olmuşdur. Ərizəyə əlavə edilmiş borclu "xxxx" MMC tərəfindən Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişovaya ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx.xx.2022-ci il tarixli 2(102)-5141/2022 saylı qərarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizə ilə Ali Məhkəməsinin Plenumuna müraciət edildiyindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-3963/2022 saylı icra vərəqəsi üzrə icraatın dayandırılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İcra işinin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-132/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X3 borclu "xxxx" MMC-nin rəhbəri Sevda Yusubovanın məcburi gətirilməsi barədə təqdimatının təmin edilməməsi qərara alınmışdır. İcra işinin materiallarında olan Nəsimi rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3963/2022 saylı icra sənədinin icra edilməsi barədə borclu "xxxx" MMC edilən xəbərdarlığa məhəl qoymayaraq, tələbi təmin etməmişdir. Nəticədə MMC-nin vəzifəli şəxsi Sevda Yusubova tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sevda Yusubova izahatında bildirmişdir ki, icra sənədi üzrə Ali Məhkəmənin Plenumuna şikayət verilmişdir. İcra işinin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-2123/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun və toplanmış materialın Nəsimi rayon İcra şöbəsinə qaytarılması qərara alınmışdır. İcra işinin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-132/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X3 borclu "xxxx" MMC-nin rəhbəri Sevda Yusubovanın məcburi gətirilməsi barədə təqdimatının təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)- 3963/2022 saylı icra sənədi üzrə xx.xx.1961-ci il təvəllüdlü, ünvan 7 ünvanında qeydiyyatda olan borclu "xxxx" MMC-nin rəhbəri Sevda Yusubovanın Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə məcburi gətirilməsi, qərarın icrasının Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə və Nəsimi rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İcra işinin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən "xxxx" MMC-nin vəkili Vəkil ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2022-ci il tarixli, 2(102)-5141/2022 nömrəli qərarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizə Ali Məhkəmənin Plenumunun icraatındadır. Nəticəsi barədə məhkəmə tərəfindən məlumat veriləcəyi qeyd edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, icra məmuru tərəfindən məhkəməyə təqdim edilmiş hazırki ərizədə göstərilən tələb Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-3963/2022 saylı icra vərəqəsində qeyd edilmiş məhkəmə aktının nəticə hissəsi ilə açıqaşkar eynilik təşkil edir. Buna görə də həmin icra vərəqəsinin icrası istiqamətində belə bir ərizənin verilməsinə və yaxud ərizənin məhkəmə tərəfindən təmin edilməsinə zərurət yoxdur. Bundan əlavə qeyd edilməlidir ki, icra sənədi üzrə borclu tərəfindən yekun məhkəmə aktı üzrə yeni açılmış hallarla əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumuna müvafiq qaydada müraciət edilmiş və ərizə Plenumun icraatına qəbul edilmişdir. Bu hal icra sənədi üzrə icraatın dayandırılması hallarının qanunvericiliklə müəyyənləşdirilmiş siyahısında nəzərdə tutulmadığından, icra məmuru icra sənədi üzrə hərəkətləri davam etdirir. Lakin göründüyü kimi, borclu şirkət məsələ üzrə mübahisəni davam etdirdiyindən həmin tələbi təmin etmir. Belə olan halda məhkəmə bir daha qeyd edir ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişovanın Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-3963/2022 saylı icra sənədi üzrə Tələbkar orta əmək haqqının və ya əmək haqqı fərqinin ödənilməsi barədə ərizəsində göstərilmiş tələb icra vərəqəsində qeyd edilmiş məhkəmə aktının nəticə hissəsi ilə eynilik təşkil etdiyindən, həmin ərizənin təmin edilməsinə əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişovanın icra sənədi üzrə Tələbkar orta əmək haqqının və ya əmək haqqı fərqinin ödənilməsi barədə ərizəsi təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişovanın icra sənədi üzrə Tələbkar orta əmək haqqının və ya əmək haqqı fərqinin ödənilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar