Məhkəmə qərarları › İş №8(006)-263/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-263/2023

17.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-263/2023 17.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X6 oğlunun katibliyi ilə, Tələbkar MMC-nin nümayəndəsi Nümayəndə Nəsimi rayon İcra Şöbəsinin icra məmuru Vüqar Qaralovun “icra sənədinin qaytarılması barədə” 09 iyun 2023-cü il tarixli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar MMC-nin nümayəndəsi Nümayəndə şikayət ilə məhkəməyə müraciət edərək, Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X1 “İcra sənədinin qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı Tələbkar MMC cavabdeh Borclu qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edib. Bakı şəhəri Yasamal rayon Məkhəməsinin xx.xx.2014-cü il tarixli 2(004)-4574/2014 saylı qətnaməsinə əsasən cavabdeh Borclu 530(beş yüz otuz) manat pulun tutularaq iddiaçı Tələbkar MMC-yə ödənilməsi qərara alınıb. Məhkəmənin qeyd edilən qərarı icra edilməsi üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə göndərilib. Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X1 “İcra sənədinin qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarı ilə icra sənədinin “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 23.1.2-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinə geri qaytarılması məlum olub. Mübahisələndirilən qərar 16 iyun 2023-cü il tarixdə poçt vasitəsilə tələbkarın ünvanına daxil olmuşdur. Həmin qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, borclunun adında əmlakın olmaması icra məmurunu məhkəmə aktını icra etmək vəzifəsindən azad etmir. Bundan başqa iş üzrə icra məmuru məhkəmə qərarını ağlabatan müddətdə icra etməyib. İcra məmuru mübahisələndirilən qərarı qərəzli olaraq qəbul edib. Belə ki, İcra Şöbəsinin məhkəmə qərarını icra etməməsi barədə yuxarı dövlət orqanlarına şikayət ərizələri ilə müraciət edilib. İcra Şöbəsi tələbkar tərəfin ərizə və şikayətlərindən sonra qərəzli olaraq icra vərəqəsini məhkəməyə geri qaytarıb, həmçinin mübahisələndirilən qərarı uzun müddət tələbkar tərəfə göndərməmişdir. Göstərilənlərə əsasən, qərarın məhkəmə tərəfindən ləğv edilməsi zəruridir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakları olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, şikayətə əlavə edilmiş: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4574/2014 nömrəli, xx.xx.2014-cü il tarixli məkhəmə əmrindən görünür ki, xx.xx.1969-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu iddiaçı Tələbkar MMC-nin xeyrinə 510 manat məbləğində əsas borcun və 20 manat məbləğində dövlət rüsumunun tutulması əmr edilmişdir. xx.xx.2014-cü il tarixli qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən Yasamal rayon Məkhəməsinin 2(004)-4574/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və Borclu tələbi könüllü icra etmək üçün 10 gün müddət verilmişdir. xx.xx.2019-cu il tarixli aktdan görünür ki, icra məmuru və 2 nəfər hal şahidi Borclu qeydiyyatda olduğu ünvan 1 ünvanı söküldüyünü öz imzaları ilə təsdiq etmişlər. İcra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi barədə xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Borclu qeydiyyatda olduğu ünvan 1 ünvanına baxış keçirildiyi, lakin həmin ünvanın söküldüyü, elektron sistemdən çıxarışdan Borclu Bakı şəhəri, Nəsimi rayonu ünvanında qeydiyyatda olduğu məlum olmuşdur. Buna görə də Yasamal rayon icra və probasiya Şöbəsinin icra məmuru tərəfindən Yasamal rayon Məkhəməsinin 2(004)-4574/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədinin Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə göndərilməsi qərara alınmışdır. xx.xx.2019-cu il tarixli qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən Yasamal rayon Məkhəməsinin 2(004)-4574/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və Borclu tələbi könüllü icra etmək üçün 10 gün müddət verilmişdir. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Nəsimi rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Borclu Nəsimi rayonu, İbrahim Əbilov küçəsi, ev 92 ünvanında qeydiyyatdadır. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X4 2 nəfər hal şahidinin iştirakı ilə borclunun qeydiyyatda olduğu ünvan 6 ünvanda borcun yönəldilə biləcək əmlak aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli qərardan və məlumatdan görünür ki, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən Yasamal rayon Məkhəməsinin 2(004)-4574/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədinin Yasamal rayon Məhkəməsinə qaytarılması qərara alınmış, bu barədə məhkəməyə və tələbkara məlumat verilmişdir. Qərardan görünür ki, icra məmuru borclunun qeydiyyatda olduğu ünvanda yaşamadığını, həmçinin, borclunun adına daşınar və daşınmaz əmlakların olmadığını müəyyən etmişdir. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli və mübahisələndirilən qərar ləğv edilməlidir. Belə ki, qərarın əsaslandırıcı hissəsində göstərilən “borclunun qeydiyyatda olduğu ünvanda yaşamaması və adına heç bir əmlak olmaması” icra məmurunun icra sənədini məhkəməyə qaytarması üçün əsas hesab olunmamalıdır. İcra məmuru icra haqqında qanunvericilikdə nəzərdə tutulmuş məcburi icra tədbirlərini tətbiq etməyə cəhd etmədən, borclu (əmlakı və ya uşağı) barəsində axtarış qərarı qəbul etmədən icra sənədinin məhkəməyə qaytarılması haqqında qərar qəbul etməklə yanlışlığa yol vermişdir. Buna görə də həmin qərar ləğv edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: 27.1-27.2-ci maddələrinə görə, icra sənədləri üzrə icraat zamanı borclunun yeri məlum olmadıqda, icra məmuru öz təşəbbüsünə və ya tələbkarın ərizəsinə əsasən borclunun axtarılması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Borclunun əmlakının və ya uşağının axtarılması barədə də icra məmuru qərar qəbul edir. 23.7-ci maddəsinə əsasən, icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, tələbkarın nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilməli, Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərarı ləğv edilməli, icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Nəsimi rayon İcra Şöbəsinə qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-4574/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə verilmiş “icra sənədinin qaytarılması barədə” Nəsimi rayon İcra Şöbəsinin icra məmuru Vüqar Qaralovun 09 iyun 2023-cü il tarixli qərarı ləğv edilsin. İcra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Nəsimi rayon İcra Şöbəsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar