Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-263/2024 30.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X6 oğlunun katibliyi, İcra sənədi üzrə Tələbkar MMC-nin nümayəndəsi X1, İcra sənədi üzrə Borclu iştirakları ilə İcra sənədi üzrə Borclu “Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1639/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin hissə-hissə icra edilməsi barədə” ərizəsinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İcra sənədi üzrə Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1639/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə qətnaməsinin hissə-hissə olmaqla ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 1639/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 1.342 manat ödənilməmiş hissə, 67 manat cərimə borcu olmaqla, cəmi 1.409 manat məbləğində pulun, eyni zamanda, ödənilmiş dövlət rüsumunun 33 manat hissəsinin alınaraq iddiaçı Tələbkar MMC-yə verilməsi qət edilmişdir. Borclu ərizə ilə müraciət edən günədək 110 manat məbləğində pulu iddiaçının hesabına ödəmişdir. Hal-hazırda heç bir yerdə işləmir, sahibkarlıq fəaliyyəti ilə məşğul olmur, pensiya və təqaüd almır, mülkiyyətində ona məxsus daşınar və daşınmaz əmlak yoxdur. Ona görə də icra sənədi üzrə borcu tam şəkildə ödəmək imkanı yoxdur. Məhkəmə iclasında icra sənədi üzrə Tələbkar MMC-nin nümayəndəsi X2 ərizəyə etiraz edib, təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında icra sənədi üzrə Borclu ərizəni müdafiə edib bildirdi ki, qətnamə icraya yönəldiləndən sonra cəmi 100 manat məbləğində pul ödəmişdir. Hazırda hər ay 10 manat ödəməyə imkanı olduğunu qeyd edib, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X3 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə icra məmurunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, ərizəni və icra işinin materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, icra işinin materiallarında olan: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1639/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Borclu cəmi 1.409 manat pul və 33 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı Tələbkar MMC-yə verilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X3 icra sənədi üzrə icraata başlamışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Borclu icra sənədinin icrasını könüllü təmin etmək üçün vaxt verilmiş, o, bildirişi xx.xx.2024-cü il tarixdə almışdır. Borclu xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o, icra sənədi barədə xəbərdar olduğunu, tələbkar tərəfindən ona problemli mal verildiyini, malın qiymətindən 1.036 manat və 122 manat ödəniş etdiyini, tələbkar həmin malı düzəltsə, kuryer işləyib borcunu ödəyə biləcəyini bildirmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, icra sənədi üzrə 1.442 manat məbləğində pul borclu tərəfindən tələbkara ödənilməli olduğu və borclu bu icra sənədindən xəbərdar olduğu halda, 3 aya yaxın keçməsinə baxmayaraq, o, tələbi tam icra etməmişdir. Belə ki, borclu işsiz olması və maddi imkanının olmaması səbəbindən icra sənədi üzrə aylıq 10 manat məbləğində ödəniş edə biləcəyini bildirərək, qətnamənin hissə-hissə icra edilməsi barədə qərar qəbul edilməsini xahiş etsə də, tələbkar icra sənədinin bu formada icra edilməsinə etirazını bildirmiş və öz etirazını aylıq 10 manat məbləğində ödəniş edilməsinin icra sənədinin tam icrası üçün həddindən artıq vaxt tələb edəcəyi ilə əsaslandırmışdır. Məhkəmə tələbkarın etirazı ilə razılışaraq hesab edir ki, hazırkı ərizənin təmin edilməsi tələbkarın mənafeyinə zidd qərarın qəbul edilməsi ilə nəticələnəcəkdir. Buna görə də məhkəmə ərizənin təmin edilməməli olması qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 231.1-231.2-ci maddələrinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qətnamənin icrasına möhlət vermə və ya qətnaməni hissə-hissə icra edilməsinə dair ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 231.4-cü maddəsinə görə, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-13-cü bəndlərində göstərilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Qətnamənin icrasına möhlət verilməsinin və ya onun hissə-hissə icrasının əsası kimi nəzərə alınmalı olan borclunun əmlak vəziyyəti onun elə bir maddi təminat səviyyəsini nəzərdə tutur ki, bu vəziyyətdə borclu ona məxsus və tələbin yönəldilməsi mümkün olan əmlakının realizəsi hesabına qətnamə üzrə tələbi bir dəfəyə könüllü və ya məcburi qaydada tam icra edə bilmir. Borclunun əmlak vəziyyətini nəzərə almaqla qətnamənin icrasına möhlət verilməsi və ya onun hissəhissə icrası yalnız o halda mümkün sayıla bilər ki, məhkəməyə möhlət müddətinin sonunda və ya qətnamənin hissə-hissə icrası zamanı icra edilməli hissələrin icra müddəti çatdıqda borclunun qətnaməni icra etmək üçün kifayət qədər əmlaka malik olacağı barədə sübut təqdim edilmiş olsun. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 may 2015-ci il tarixli qərarında qeyd olunur ki, qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında məhkəmə aktının hissə-hissə icrasının mümkünlüyünü müəyyən etməklə yanaşı, bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətəlayiq hallarından asılı etmişdir. Qanunvericiliyin mənasına görə bu zaman borclunun əmlak vəziyyətinin və ya digər halların borcun birdəfəlik ödənilməsinə imkan verməməsini sübut etmək vəzifəsi belə ərizə ilə məhkəməyə müraciət etmiş borclunun üzərinə düşür. Bu cür ərizələrə baxılarkən tələbkarın əmlak mənafeləri də nəzərdən yayınmamalıdır. Qeyd edilməlidir ki, məhkəmə qərarlarının vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Çünki, məhkəmə qərarının uzun müddət ərzində icra olunmaması daxili qanunvericiliyin tələblərinin pozulması ilə yanaşı, həmçinin, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə də zidd olardı. Avropa İnsan Hüquqları Məhkəməsinin «Əfəndiyeva Azərbaycana qarşı» (2007) işdə olan hüquqi mövqeyinə görə, 6-cı maddənin yalnız məhkəməyə müraciət hüququ ilə və məhkəmə prosesinin həyata keçirilməsi ilə bağlı olan maddə kimi şərh edilməsi iştirakçı dövlətlərin Konvensiyanı ratifikasiya edərkən hörmət etməyi öhdələrinə götürdükləri qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxara bilər. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. «İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin icra məmurlarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Konvensiyanın 6-cı maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq” qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir.” Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər. Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndi “məhkəmə çıxış hüququna” təminat verir. Lakin dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hərəkətsiz qalmasına imkan verirsə, məhkəməyə çatmaq hüququ xəyali xarakter alar. Beləliklə, qanunvericilik məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq, məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutsa da, həmin institutları tənzimləyən MPM-in 231.1-ci maddəsinin məzmununa əsasən bu imkanlar, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirilmiş, eləcə də məhkəmə aktının ağlabatan müddət ərzində icra edilməsinin təmin edilməsinə yönəlmişdir. Məhkəmə aktının hissə-hissə icra edilməsinə icazə verilməsi bunu xahiş edən şəxsin əmlak vəziyyətinin həmin aktın icrasına maneə törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılı olduğu qədər, həm də onun təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı və məhkəmə aktının real icrasını təmin etməli, tələbkarın həmin aktın icrasının qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi mütləq nəzərə alınmalıdır. Göstərilənlərə əsasən, məhkəmə Borclu tərəfindən verilmiş ərizənin təmin edilməsinin tələbkarın mənafeyinə uyğun olmadığını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İcra sənədi üzrə Borclu “Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1639/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin hissə-hissə icra edilməsi barədə” ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №8(006)-263/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-263/2024
30.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver