Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-264/2024 10.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Tələbkar, onun nümayəndəsi və vəkili Vəkil2, Borclunun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə X1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-706/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin icra qaydası və üsulunun dəyişdirilməsi barədə ərizəsinə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdeh Tələbkar arasında bağlanmış nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-706/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə X8 ilə Tələbkar arasında 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2019-cu il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3228 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X6 nikah pozulduqdan sonra anası- Tələbkar yanında saxlanılması, xx.xx.2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla X3 hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq Tələbkar verilməsi qət edilmişdir. X2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-706/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin icra qaydası və üsulunun dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çalanadək saxlanılması üçün X3 hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında müəyyən edilmiş alimentin 50%-nin yetkinlik yaşına çatmayan X6 adına açılmış bank hesabına köçürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)- 706/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh X7 qarşı nikahın pozulması və azyaşlı uşağın saxlanılması üçün aliment tələbinə dair iddia tələbi təmin edilərək, tərəflər arasındakı xx.xx.2019-cu il tarixli 3228 saylı nikahın pozulması və xx.xx.2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla X3 hər ay qazancının və başqa gəlirlərinin dördddə bir hissəsi miqdarında alimentin tutularaq Tələbkar verilməsi qət edilmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-706/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında verilmiş Qazax rayon İcra Şöbəsinin 187/3 saylı, xx.xx.2024-cü il tarixli İcra sənədi icraya yönəlmişdir. Borclunun işlədiyi “BP" (BP X10 Limited) şirkətinin verdiyi 26 avqust 2024-cü il tarixli arayışa əsasən 23 yanvar 2024-cü il tarixdən hesablanmaqla X5 yaranmış aliment borcuna görə mart ayında onun qazancının və digər gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulması ilə yanaşı, yığılmış borca görə əlavə 1,105 AZN, cədvəl üzrə tutulma haqqında məlumat aşağıdakı qaydada Tələbkar Əli qızının bank hesabına köçürülmüşdür:
1. 2024 mart - 25%- bank hesabına köçürülmüş alimentin məbləği -5.388, 63 AZN 2. 2024 aprel-25%- bank hesabına köçürülmüş alimentin məbləği -1.125,73 AZN 3. 2024 may- 25%- bank hesabına köçürülmüş alimentin məbləği -1.125. 73 AZN 4.2024 iyun-25%bank hesabına köçürülmüş alimentin məbləği - 3.608 AZN 5. 2024 avqust-25 %-bank hesabına köçürülmüş alimentin məbləği -1.125, 73 AZN. Tələbkar 13.499,55 AZN 23 yanvar 2024-cü ildən avqust 2024-cü ilədək bir uşağın saxlanılması üçün alimentə görə borclu P.Paşayevin aylıq əmək haqqından və bütün gəlirlərindən cəmi 13.499,55 AZN məbləğində pul ödənilmişdir, orta hesabla hər ay uşağın saxlanılmasına 1930 AZN pul ödənilir, 2 yaşlı uşağın saxlanılması üçün hər ay göstərilən miqdarda pulun ödənilməsi uşağın xərclərindən izafi dərəcədə artıqdır. Hesab etmişdir ki, bir uşağın saxlanılması üçün minimum yaşayış həddinin miqdarı 2024-cü il üçün AR Nazirlər Kabinetinin Qərarı ilə 235 manat təyin edilmişdir. xx.xx.2022-ci il təvəllüdlü X6 əvvəlki həyat tərzi və tələbatının saxlanılması nəzərə alınmaqla, ödənilən alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi daha məqsədə müvafiqdir. Tələbkar nümayəndəsi və vəkili Vəkil2 ərizəyə etiraz təqdim edərək, onun təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, borclunun maaşına uyğun olaraq ondan hər ay 1.125 manat aliment tutulur və tələbkara ödənilir. Ərizədə göstərilən 5.388 manat aliment qətnamə icraya yönəldilənə qədər toplanmış bir neçə ayın aliment puludur. Bundan başqa qətnamə icraya yönəldilənə qədər borclu tərəfindən tələbkara nağd şəkildə 2100 manat aliment ödənildiyindən qətnamə icra olunduqda borclunun iş yerinin mühasibatlığı tərəfindən aliment ödənilməyə başladıqdan sonra tələbkar borcluya 2.100 manat, 200 manat, 300 manat və 55 manat olmaqla pul məbləğlərini bank köçürməsi yolu ilə qaytarmışdır. 2. AR Nazirlə Kabineti 1 uşağın saxlanılması üçün minimum aylıq xərcin miqdarını müəyyən edib. Eyni zamanda bu xərc sağlam uşağa münasibətdə müəyyən olunub. Lakin, X9 vitamin D çatışmazlığının yaratdığı raxit xəstəliyindən əziyyət çəkir və hər ay onun müalicəsinə xeyli vəsait xərclənir. Uşağın foto şəkilləri ərizəyə əlavə olunub və onun başının bədəninə nisbətbə xeyli böyük olması aydın görünür. Bundan başqa təkcə aylar üzrə toplanmış qəbzlərdən görünür ki, uşağa iyul ayında 495 manat, avqust ayında 330 manat, sentyabr ayında 410 manat pul xərclənib. Lakin bura müalicə, əyləncə xərcləri daxil deyil. Uşağın müalicəsi məqsədilə həkimlər onun üzgüçülük kurslarına yazılmasını tövsiyyə ediblər. Bu yaşda uşaqlar üçün üzgüçülük məşqləri üçün həftədə 2 dəfə getməklə 300 manat, 3 dəfə getməklə isə 400 manat ödəniş tələb olunur. 3. Bu xərclərdən başqa tələbkar ünvan 1 ünvanda ayda 350 manata kirayədə qalır. Belə ki, borclu onu birgə nikah dövrüddə əldə olunmuş mənzildən qovduğundan onun yaşamaq üçün başqa mənzili yoxdur. Hal-hazırda Qazax Rayon Məhkəməsində həmin mənzilin, avtomobilin və birgə nikah dövründə əldə olunmuş məişət əşyalarının bölünməsi ilə bağlı məhkəmə prosesi gedir. Borclu dəfələrlə tələbkara mənzilə, avtomobilə və ev əşyalarına payından imtina etməyi təklif edib və əks təqdirdə alimentə münasibətdə icra üsulunun dəyişdirilməsi barədə məhkəməyə ərizə verəcəyini bildirmişdir. Məhkəmə iclasında borclunun nümayəndəsi və vəkili ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar, onun nümayəndəsi və vəkili ərizəni müdafiə edərək, onun təmin olunmamasını xahiş etdi. Məhkəmə ərizənin dəlillərini araşdıraraq, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan BP Exploration (Caspian Sea) Limited tərəfində verilmiş arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdən hesablanmaqla yaranmış aliment borcuna görə 2024-cü il mart ayında onun qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulması ilə yanaşı, yığılmış borca görə əlavə 1105 manat tutulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş № 04/2023 saylı qərardadın 20-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan alimentin 50 faizindən çox olmayan məbləğinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi qətnamənin icrası qaydasıdır. Həmin Qərardadın 24-cü maddəsinə əsasən alimentin tutulması barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra aliment ödəyən şəxsin Ailə Məcəlləsinin 55.3cü maddəsində nəzərdə tutulan tələbinə baxıldıqda, aliment yenidən tutulmur və ya onun məbləği müəyyən edilmir, yalnız alimentin bir hissəsinin hansı qaydada ödəniləcəyi müəyyən olunur. Bu müraciətə iddia icraatı qaydasında deyil, MPM-in 231.1-ci maddəsində nəzərdə tutulmuş icra icraatı qaydasında baxılmaqla, müvafiq qərardad qəbul edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Məhkəmə qeyd edir ki, aliment almaq uşağa məxsus olan hüquqdur (Ailə Məcəlləsi, maddə 55.1), buna müvafiq olaraq aliment uşağa məxsus olan vəsait sayılır. Sərəncamına aliment daxil olan valideyn bu vəsaiti təyinatı üzrə xərcləmək vəzifəsi daşıyır. Əgər müəyyən olunarsa ki, valideyn alimenti tam olaraq təyinatı üzrə, yəni uşağın saxlanmasına, tərbiyəsinə və təhsilinə xərcləmir, belə halda 55.3-cü maddə tətbiq edilə bilər. Bu qanun bir növ uşağın mənafeyinə xidmət edir. Hissə şəklində tutulan alimentin miqdarı yüksək olduğu halda onun bir hissəsinin uşağın gələcək təminatı üçün yığılaraq toplanmasını nəzərdə tutmuşdur. Bank hesabına daxil olan vəsait uşağa məxsus olur və uşaq yetkinlik yaşına çatdıqda həmin vəsait üzərində sərəncam vermək hüququnu əldə edir. Borclunun verdiyi ərizə üzrə dəlillərinin əsasında “ölkə üzrə bir uşağın saxlanılması üçün 2024-cü ilə münasibətdə 235 manat olduğu halda, ondan hər ay 2 yaşlı uşağın saxlanılmasına 1930 manat miqdarda pulun ödənilməsi uşağın xərclərindən izafi dərəcədə artıq olması” durmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş № 04/2023 saylı qərardadına əsasən ödənilən alimentin məbləğinin ölkədə uşaqlar üçün müəyyən olunan yaşayış minimumundan yüksək olması özü-özlüyündə alimentin artıq olan hissəsinin bank hesabına köçürülməsi üçün əsas vermir. Belə ki, bu zaman uşağın yaşı, təhsili (ödənişli və ya ödənişsiz), o cümlədən əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, müxtəlif dərnəklərə getməsi, səhhəti, həmçinin bu qaydanın müəyyən edilməsinin uşağın mənafelərinə uyğunluğu da nəzərə alınmalıdır. Ödənilən aliment məbləğinin yüksək olması əsası ilə onun bir hissəsinin bank hesabına köçürülməsi barədə müraciət edən şəxs bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini əsaslandırmaq və sübut etmək vəzifəsi daşıyır. Müraciət, alimentin (bir hissəsinin) uşağa deyil, başqa məqsədlərə sərf olunması əsası ilə edildiyi halda da mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı ümumi prinsiplərinə uyğun olaraq, sübutetmə yükü bu müraciəti edən tərəfin üzərinə düşür. Məhkəmə qeyd edir ki, ölkə üzrə uşaq minimumunun ondan tutulan alimentdən daha aşağı olması alimentin artıq olan hissəsinin bank hesabına köçürülməsi üçün mütləq əsas deyildir. Lakin, bununla yanaşı məhkəmə bəzi məsələlərlə bağlı aşağıdakıların nəzərə alınmasını zəruri hesab edir. Tələbkar öz etirazında alimentin çox hissəsinin uşaqda olan D vitamini çatışmazlığından yaranmış xəstəliklə bağlı müalicəsinə, yaşayış yerinin olmaması səbəbindən kirayə və gündəlik məsrəflərinə sərf olunduğunu qeyd etmişdir. Bununla yanaşı məhkəmə iclasında uşağın məktəbəqədər təhsil müəssisəsinə gətməsi barədə də məlumat verildi. Qeyd olunanlarla yanaşı uşağın müəlicəsi ilə əlaqədar gələcəkdə yaranacaq məsrəflərin (üzgüçülük kusu və sair) müəyyən edilməsi ödəniləcək aliment məbləğinin miqdarından asılı olacağı bildirildi. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, valideyn özünə məxsus vəsaitin xərclənməsi barədə hesabat verməyə bilər, aliment isə valideynin deyil, uşağın vəsaitidir. Həmin vəsait uşağın saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Ona görə də uşaq üçün ödənilən alimentin bir hissəsinin kirayə üçün sərf edilməsi təyinatı üzrə xərclənibxərclənməməsinə dair sual doğurur. Məhkəmə borclunun əmək haqqı məbləğini (7958.33 manat), uşağın yaşını, onun ağır xəstəliyinin olmamasını, uşağın saxlanılmasının hər iki valideynin üzərinə düşməsini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-706/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tutulan alimentin 25 faizi məbləği yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi məqsədəmüvafiqdir. Bununla da tələbkarın sərəncamına 2023-cü il üçün uşaqların saxlanılması üçün ölkə üzrə müəyyən edilmiş aliment məbləğinin 5 qatından artıq aliment məbləği daxil olacaqdır. Beləliklə, ərizə qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-706/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün X4 hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında tutulan alimentin 25 faizi məbləği yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X6 adına açılmış bank hesabına köçürülməklə icra edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Ərizə qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-706/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün X4 hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında tutulan alimentin 25 faiz məbləği yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X6 adına açılmış bank hesabına köçürülməklə, 75 faizi isə xx.xx.2022-ci il təvəllüdlü X6 anası, Tələbkar sərəncamına verilməklə icra edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Nail Abbasov