Məhkəmə qərarları › İş №8(006)-267/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-267/2024

22.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-267/2024 22.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, e-2(006)-366/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair borclu X3 tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu X3 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, e-2(006)-366/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsi (aylıq iki yüz əlli manat ödənilməsi) barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 366/2024 saylı, 15 mart 2024-cü il tarixli qətnaməsi ilə ləğv prosesində olan Tələbkar ASC-nin xeyrinə 13398.94 manat əsas, 10022.30 manat faiz, 1000 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Kontitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1924 manat faiz, ümumilikdə 26354.04 manat borc və 192.68 manat ödənilmiş dövlət rüsumunun borclu X2 tutulması qət edilmişdir. Bildirilir ki, hazırda maddi imkanı çox aşağıdır, hal-hazırda işsizdir. Qeyd edir ki, borclunun çıxarılmış olan qətnamənin icrasından yayınmaq fikri yoxdur. Sadəcə olaraq maddi vəziyyətinin çox aşağı olması ona bu qətnaməni birdəfəlik icra etməyə imkan vermir. Hesab edir ki, məhkəmə tərəfindən qətnamənin hissə-hissə icra edilməsi barədə qərarın qəbul edilməsi çox ədalətli olardı. Əvvəlki məhkəmə iclasında borclu X3 ərizəni müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-366/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ümumilikdə 26354.04 manat borc və 192.68 manat ödənilmiş dövlət rüsumunun ondan tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Hazırda o, heç bir yerdə işləmir və həmin pulu birdəfəyə ödəməyi mümkün deyildir. Ona görə də həmin qətnamə ilə tutulmuş pulu hissə-hissə ödəməyinə şərait yaradılmasını xahiş etmiş, əlavə olaraq sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, tələbkarla onun arasında bununla bağlı razılıq əldə edilməmişdir, lakin məhkəmə iclası təxirə salınarsa, tərəfindən bununla bağlı cəhd ediləcəkdir. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən qətnamənin icrasına möhlət vermə və ya qətnaməni hissə-hissə icra edilməsinə dair ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Belə olan halda məhkəmə hazırkı ərizəyə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsinə əsaslar müəyyən edilmədiyindən, ərizə rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(006)-366/2024 saylı qətnaməsinə əsasən iddia tələbinin qismən təmin edilməsi, cavabdeh X2 iddiaçı Ləğv prosesində olan Tələbkar ASC-nin xeyrinə 13398.74 AZN (on üç min üç yüz doxsan səkkiz manat, yetmiş dörd qəpik) əsas, 10022.30 AZN (on min iyirmi iki manat, otuz qəpik) faiz, 1000 AZN (min manat) cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1924 AZN (min doqquz yüz iyirmi dörd) faiz, ümumilikdə 26345.04 AZN (iyirmi altı min üç yüz qırx beş manat, dörd qəpik) borc və 192.68 AZN (yüz doxsan iki manat, altmış səkkiz qəpik) ödənilmiş dövlət rüsumunun tutulması, ödənilmiş dövlət rüsumun qalan hissəsinin iddiaçıya aid edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdeh X2 tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməsi və iddianın cavabdeh Həbib-zadə Ramin Əlifağa oğluna münasibətdə və qalan hissədə rədd edilməsi qət edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qanunun mənasından da göründüyü kimi, qanunverici qətnamənin icrasına möhlət verilməsini və ya onun hissə-hissə icra edilməsini, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirərək, eləcə də hansı halların “digər hallara” aid edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Bu baxımdan, məhkəmə qeyd edir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi mahiyyət etibarı ilə məhkəmə qərarının icrasının məcburiliyini nəzərdə tutan konstitusion pirinsipin məhdudlaşdırılmasına, eləcə də tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə halların tətbiqi müstəsna xarakter daşımalı və işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2015-ci il tarixli qərarının 12-ci bəndində göstərilmişdir ki, “məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Həmin Qərara əsasən, borclunun əmlak vəziyyətini nəzərə almaqla qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yalnız o halda mümkün sayıla bilər ki, məhkəməyə möhlət müddətinin sonunda və ya qətnamənin hissəhissə icrası zamanı icra edilməli hissələrin icra müddəti çatdıqda borclunun qətnaməni icra etmək üçün kifayət qədər əmlaka malik olacağı barədə sübut təqdim edilmiş olsun. Göründüyü kimi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq edilə bilər. Lakin qeyd edilən məsələlər həll edilərkən təkcə borclunun deyil, habelə tələbkarın da mənafeyi nəzərə alınmalıdır. Göründüyü kimi hazırki iş üzrə borclu X3 tərəfindən məhkəmə qətnaməsinin icraya yönəldilməsindən sonra keçən müddət ərzində borc məbləğinin ödənilməsinə yönəlmiş hansısa əsaslı tədbir görməmişdir. Hazırda ərizədə sadalananlar borclunun məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsi üçün kifayət qədər yetərli əsaslar deyildir. Bundan başqa, borclu özünün maddi imkanının çox aşağı olması, işsiz olması barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bundan əlavə isə həmçinin tələbkar da öz növbəsində qətnamə ilə müəyyən edilmiş ödənişin hissə-hissə icra edilməsinə razılıq verməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülkiprosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. «İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin icra məmurlarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Konvensiyanın 6-cı maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq” qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir.” Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər. (“Burdov Rusiyaya qarşı”, şikayət №59498/000. ECHR.2002). Məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icraya yönəldiyi vaxtdan bu günə kimi hərəkətsiz qaldığını, borclu tərəfindən hissə-hissə ödəmə aparmaqla məhkəmə qətnaməsinin icrasının uzun müddət davam edəcəyini, bununla da tələbkarın dövlət tərəfindən təminat verilən «ədalətli məhkəmə baxışına olan hüququ»nun pozulacağını və tələbkar tərəfin buna razı olması barədə heç bir münasibət bildirməməsini, borclunun rəsmi iş yeri olmaqla əmək haqqsının olmasını nəzərə alaraq, hesab edir ki, ərizə əsassızdır və rədd olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, e-2(006)- 366/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair borclu X3 tərəfindən tərəfindən verilmiş ərizə rədd edilsin. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar