Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-270/2023 08.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Tələbkarın nümayəndəsi X3, Borclu X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 241/2023 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə borclu X4 tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu X4 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-241/2023 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-241/2023 saylı qətnaməsi ilə ondan 27.268 manat ödənilməmiş təhsil haqqı, penya (dəbbə pulu) qismində 1.000 manat, ödənilmiş dövlət rüsumunun 107,94 manatı və 145 manat ekspertiza xərcinin tutularaq iddiaçı «BSB» X7 Məktəbinin xeyrinə ödənilməsi qət edilmişdir. Maddi imkanının ağır olması, daimi iş yerinin olmaması və himayəsində xx.xx.2009-cu il təvəllüdlü övladının olması ilə əlaqədar borcun dərhal ödənilməsi öhdəliyini yerinə yetirə bilmir. Eyni zamanda bildirir ki, anasına məxsus evdə yaşayırlar. Hazırda borcunu ödəmək üçün bir sıra tədbirlər həyata keçirir və şəxsi işlə məşğul olaraq (evlərdə təmizlik işlərini həyata keçirmək yolu ilə) pul qazanmağa çalışır. Hər hansı bir qiymətli əşyaya sahib deyildir. İddiaçıya hər ay 50-100 manat məbləğində borcunu ödəməyə razıdır. İmkan yarandıqda borcun vaxtından əvvəl ödənilməsi məqsədilə ödənişlərin məbləği artırılacaqdır. Məhkəmə iclasında borclu X4 ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməklə, borcunu ödəmək məqsədilə qətnamənin icrasına möhlət verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkarın nümayəndəsi X5 məhkəməyə etiraz ərizəsi təqdim etdi və əlavə olaraq bildirdi ki, Borclu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-241/2023 saylı iş üzrə qərarının hissə-hissə icrası üçün möhlət verilməsini məhkəmədən xahiş etmişdir. Borclunun ərizəsi əsassızdır və rədd edilməlidir. Borclu ərizəsində maliyyə vəziyyətinin çətin olduğunu, daimi iş yerinin olmadığını, himayəsində xx.xx.2009-cu il təvəllüdlü övladı ilə yaşadığını və bu səbəblərdən borcun dərhal ödənilməsi öhdəliyini yerinə yetirə bilmədiyini göstərmişdir. Qeyd etmək istəyir ki, “BSB” X7 Məktəbində təhsil almış X6 təhsil müqavilələri Borclu tərəfindən bağlanılsa da, bu müqavilələr üzrə təhsil haqları xx.xx.2019-xx.xx.2022-ci il tarixlərdə onun atası tərəfindən “BSB” X7 Məktəbinin bank hesabına ödənilmişdir. Bununla bağlı təsdiqedici sənədlər mülki işə baxılarkən təqdim olunmuşdur. Borclu X4 ərizəsində iş üzrə tərəflərin mənafelərinin tarazlığını qorumaq üçün iddaçıya borc tam ödənilənə qədər ayda 50-100 manat məbləğində vəsait ödənilməklə məhkəmə qərararının icrasını mümkün hesab etdiyini bildirmişdir. Əgər sadə riyazi hesablama aparılsa ayda 100 manat ödənilməklə ümumi borcun ödənilməsinə 23 ilədək vaxt lazımdır. Bu müddət təbii ki, ağılasığmaz bir müddətdir və borclunun qeyd etdiyi kimi “tərəflərin mənafelərinin tarazlığını qorumağ”ı ifadə etmir. Hesab edir ki, borclunun belə yanaşmasında məqsəd məhkəmə qətnaməsinin icrasından dolayı surətdə boyun qaçırmaqdır. Göstərilənlərə əsasən məhkəmədən ərizənin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsinə əsaslar müəyyən edilmədiyindən, ərizə rədd edilməlidir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 241/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, müqavilə öhdəliklərinin pozulması ilə əlaqədar xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli təhsil müqavilələri üzrə ümumilikdə 27.268 manat ödənilməmiş təhsil haqqı, penya (dəbbə pulu) qismində 1.000 manat və ödənilmiş dövlət rüsumunun 107,94 manatının cavabdeh X1 tutularaq iddiaçı «BSB» X7 Məktəbinin xeyrinə tutulması, ekspertiza xərci olan 145 manatın cavabdeh X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə qeyd edir ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, hazırda borclu ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin icrasına möhlət verilməsini xahiş edir. Bu xahişini maddi imkanının ağır olması, daimi iş yerinin olmaması, himayəsində azyaşlı övladının olması və s. hallarla əsaslandırır. Məhkəmə qeyd edir ki, qətnamənin icrasına möhlət verilməsi qətnamənin icrası prosesində baş verən hallardan asılıdır. Belə bir zərurət, bir qayda olaraq, o halda yaranır ki, tərəflərin mövcud əmlak vəziyyəti və digər hallar qətnaməni qanunla müəyyən edilmiş müddətdə icra etməyə imkan verməsin. Qətnamənin icrasına möhlət verilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qətnamənin icrasına möhlət verilməsinin əsası kimi nəzərə alınmalı olan borclunun əmlak vəziyyəti onun elə bir maddi təminat səviyyəsini nəzərdə tutur ki, bu vəziyyətdə borclu ona məxsus və tələbin yönəldilməsi mümkün olan əmlakının realizəsi hesabına qətnamə üzrə tələbi qısa müddətdə könüllü və ya məcburi qaydada tam icra edə bilmir. Bundan əlavə, qətnamənin icrasına möhlət verilməsi zamanı tələbkarın qanuni mənafeyi mütləq nəzərə alınmalı, icrasına möhlət verilməsi qaydası müəyyən edilərkən ağlabatanlıq və ədalətlilik meyarları rəhbər tutulmalıdır. Məhkəmə hesab edir ki, borclunun ərizəsi əsassızdır və təmin edilə bilməz. Belə ki, borclu X2 ərizəsinin təmin edilməsi tələbkarın hüququnun (icra sənədi üzrə tələbin yerinə yetirilməsini tələb etmək hüququnun) pozulmasına gətirib çıxara bilər. Belə ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın məhkəmə müdafiəsi hüququnun mahiyyətinə xələl gətirəcəkdir. Digər tərəfdən borclu ərizəsində tələbkara olan borcunu hər ay 50-100 manat məbləğdə ödəməyə razı olduğunu bildirsə də, borcun hər ay qeyd edilən məbləğdə ödənilməsi icra sənədinin icrasının lüzumsuz şəkildə uzanmasına və tələbkarın hüquqlarının pozulmasına səbəb ola bilər. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci və 13-cü bəndlərində göstərilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair» 4 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin əsasları icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr yaratmamalıdır. Məhkəmə qətnamənin icrasına möhlət verilməsi barədə məsələyə baxarkən hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsi, 71-ci maddəsinin İİ hissəsi, 127-ci maddəsinin İV hissəsi və ədalət prinsipindən irəli gələrək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının mütənasiblik prinsipi əsasında, bütün tələbkarların və borcluların hüquq və qanuni maraqlarının balansını təmin etməklə qiymətləndirməli və etməlidir. Məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin mümkünlüyü isə ədalət tələbinə uyğun, adekvat olmalı və icra icraatının iştirakçılarının konstitusiya hüquqlarının mahiyyətinə toxunmamalıdır. Eyni zamanda, məhkəmə qətnamənin icrasına möhlət verilməsi barədə borclunun irəli sürdüyü bütün əsasları, tələbkarın belə möhlətin verilməsinə qarşı mümkün olan etirazlarını öz daxili inamına görə qiymətləndirməli, hərtərəfli, tam, obyektiv və bilavasitə araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Beləliklə məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alıb və ən əsası qanunvericiliyin tələblərini rəhbər tutub hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-241/2023 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə borclu X4 tərəfindən verilmiş ərizə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-241/2023 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə borclu X4 tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №8(006)-270/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-270/2023
08.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver