Məhkəmə qərarları › İş №8(006)-278/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-278/2024

11.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-278/2024 11.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclas katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi ilə, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-517/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 517/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2023-cü il tarixdən hesablanmaqla, mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 190 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə tələbkara və məhkəməyə göndərilmişdir. Elektron icra və informasiya sisteminə daxil olan zaman Borclu adına tələbin yönəldə biləcəyi daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Borclu adına 2-ci dərəcə əlillik üzrə pensiya aldığı müəyyən edilərək aliment borcu onun pensiyasına yönəldilmişdir. Borclu şöbəyə ərizə ilə müraciət edərək aliment borcunun ödənilməsi məqsədilə onun pensiyasına yönəldilməsini xahiş etmişdir. Borclu yüngül kəmağıllılıq qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə əlaqədar əmək və əhalinin tibbi ekspert rəyini də şöbəyə təqdim etmişdir. Odur ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə təqdimata gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İsmayıllı Rayon Məhkəməsinin 2(037)-517/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən müəyyən edilmişdir ki, Borclu xx.xx.2023-cü il tarixdən hesablanmaqla, mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 190 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, icra sənədi üzrə icraata başlanılması qərara alınmış və eyni tarixli bildirişlə borcluya tələbi 10 gün müddətində könüllü icra etməsi barədə müraciət edilmişdir. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən müəyyən edilmişdir ki, borcluya tələbi könüllü icra etməsi bildirilmiş, lakin borclu tərəfindən könüllü icra təmin edilməmişdir. Belə olan halda, borcluya məcburi icra tədbirlərinin tətbiq olunacağı barədə məlumat verilmişdir. Borclu tərəfindən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2024cü il tarixli ərizənin surətindən görünür ki, aldığı 180 manat əlillik pensiyasından hər ay 75 manat tutulmasını xahiş etmişdir. Çünki, maddi durumu və himayəsində olan əqli qüsurlu oğlunun olması buna imkan vermir. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmurları – Pərviz Babayev, Rövşən Əhmədov və hal şahidi Aqil Musayev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Borclu adına yönələ biləcəyi daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.3-cü maddəsinin tələblərinə görə 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.1-ci bəndinə əsasən məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Təlimatın 2.2-ci bəndinə görə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən tələblərini, məhkəmə qərarının icraya yönəldilməsindən müəyyən müddət keçməsinə baxmayaraq, həmçinin icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra olunmadığını nəzərə alaraq hesab edir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. Belə ki, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən qanunvericiliyin tələblərinə əməl olunaraq qeyd olunan icra sənədi üzrə icraat başlanılmış, borcluya könüllü icra barədə bildiriş göndərilmiş, borclunun mülkiyyətində olan daşınmaz və daşınar əmlakların olub-olmaması araşdırılmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqdimat təmin edilməli, ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.1994-cü il təvəllüdlü Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1ci maddəsini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-517/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu- ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.1994-cü il təvəllüdlü Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardadın icrası Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar