Məhkəmə qərarları › İş №8(006)-286/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-286/2025

05.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-286/2025 05.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X7 oğlunun katibliyi, İcra sənədi üzrə tələbkar (ərizəçi) X2 iştirakı ilə İcra sənədi üzrə tələbkar (ərizəçi) X3 tərəfindən verilmiş “Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3512/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə borcludan sabit pul məbləğində tutulan alimentin indeksasiya edilməsi barədə” ərizəyə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3512/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2003-cü il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2019-cu il tarixindən başlayaraq Borclu X2 xeyrinə hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

2. İcra sənədi üzrə tələbkar (ərizəçi) X3 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3512/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X1 üçün müəyyən edilmiş alimentin indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. a) Məhkəmə prosesi:

3. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar (ərizəçi) X3 ərizəni müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmələrinə baxmayaraq, icra sənədi üzrə borclu və icra məmuru məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə ərizəni və qətnaməni icra işinin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Əsaslandırıcı hissə: a) İş materialları:

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3512/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, xx.xx.2003-cü il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2019-cu il tarixindən başlayaraq Borclu X2 xeyrinə hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

7. İcra işinin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3512/2019 nömrəli, xx.xx.2019-cu tarixli icra vərəqəsindən görünür ki, qətnamə xx.xx.2019-cu il tarixdə icrayə yönəldilmişdir.

8. İcra işinin materiallarında olan xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Beyləqan rayon İcra şöbəsinin icra məmuru Seymur İbrahimov tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3512/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmışdır.

9. İcra işinin materiallarında olan tələbin könüllü icrası haqqında xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, Borclu tələbi 10 gün müddətində könüllü icra etməli olması barədə xəbərdar edilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Borclu hər ay hər uşaq üçün 160 manat sabit pul məbləğində alimentin tələbkar (ərizəçi) X2 xeyrinə tutulmasını qət edən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3512/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi əsasında Beyləqan rayon İcra şöbəsinin icra məmuru Seymur İbrahimov tərəfindən qərar qəbul edilərək, iş üzrə icraata başlanılmış və borcluya tələbi könüllü icra etməli olması barədə bildiriş göndərilmişdir. Hazırda uşaqlardan biri artıq yetkinlik yaşına çatmışdır.

11. Hazırda icra sənədi Beyləqan rayon İcra şöbəsinin icraatındadır.

12. Tələbkar (ərizəçi) X3 isə ərizə ilə məhkəməyə müraciət edərək, qətnamə ilə X1 üçün borcludan sabit pul məbləğində tutulan alimentin indeksasiya edilməsini məhkəmədən xahiş edir. c) Məhkəmənin mövqeyi:

13. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı ərizəyə baxılan zaman Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 №-li qərarına əsasən, qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.

14. Bu baxımdan qeyd olunmalıdır ki, indeksasiya edilməsi tələb edilən qətnamənin qəbul edildiyi 2019-cu ildə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının məbləği 180 manat olmuş, hazırda isə həmin məbləğ 400 manatdır. Deməli, müvafiq qətnamə qəbul olunduğu tarixdən hazırkı ərizə verilən tarixədək minimum əmək haqqı məbləğinin artımı baş vermişdir.

15. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

16. İndeksasiyanın həddi ilə bağlı isə qeyd edilməlidir ki, yenə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 №-li qərarındakı göstərişlərə müvafiq olaraq, 2019-cu ildə - ölkə üzrə minimum əmək haqqının məbləği 180 manat olduğu vaxtda məhkəmə tərəfindən borcludan tələbkarın (ərizəçinin) xeyrinə 160 manat sabit pul məbləğində aliment tutulması müəyyən edildiyindən, bu məbləğlərin nisbəti indeksasiyanın həddi kimi müəyyən edilməlidir.

17. Belə ki, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə borcludan tələbkarın (ərizəçinin) xeyrinə tutulan 160 manat alimentin həmin ildəki minimum əmək haqqı məbləğinin (180 manat) 0,88 mislini (160 / 180 ≈ 0,88) təşkil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22(006)-3512/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Borclu tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,88 misli həddində indeksasiya edilməlidir.

d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:

18. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: 1-ci maddə. İndeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. 3-cü maddə. Aliment indeksləşdirmənin obyektlərindən biridir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 №-li qərarı: Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «“İcra haqqında” Azərbaycan Respublikası Qanunun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair» 02 sentyabr 2015-ci il tarixli qərarı: Qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bu vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissəhissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 232-ci maddə. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.

22. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3512/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Borclu tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,88 misli həddində indeksasiya edilməlidir.

Nəticə:

23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 232, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Ərizə təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3512/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Borclu tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,88 misli həddində indeksasiya edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar