Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-288/2024 08.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızı, ərizəçi Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının ləğv edilməsi və s.” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının ləğv edilməsi və s.” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona tətbiq edilmiş xaricə çıxış qadağasının ləğv edilməsinə və oğlunun reabilitasiya prosesində iştirak etmək üçün xaricə səfər etməsinə 1 ay müddətinə icazə verilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli məktubu ilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.2-ci maddəsinə istinadən, Borclu məsələ ilə bağlı aidiyyəti İcra şöbəsinə müraciət edilməsi tövsiyə edilsə də, o, yenidən ərizə yazaraq, qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni, ona əlavə edilmiş sənədləri və icra işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından, ərizənin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi qanuni qüvvəsini almış məhkəmə qərardadı ilə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsini xahiş edir. Halbuki, bu barədə tələbə məhkəmədə baxılması mümkün deyil. Çünki icra haqqında qanunvericilikdə konkret olaraq göstərilmişdir ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına əsas olmuş hallar aradan qalxdıqdan sonra icra məmuru özü məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq edilmiş qərar qəbul edir. Göründüyü kimi, qanunla bu məsələyə baxılması icra məmurunun səlahiyyətinə aid edilmişdir, yəni məhkəmə tərəfindən yalnız icra məmurunun əsaslandırılmış təqdimatı əsasında ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilir, onun götürülməsi məsələsi isə məhkəmə tərəfindən həll edilməli olan məsələ deyildir. Buna görə də məhkəmə hesab edir ki, hazırkı ərizənin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür; 153.2, 153.2.1-ci maddəsinə görə, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.5-153.6-cı maddələrinə görə, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Məhkəmə qeyd edir ki, “iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda, yaxud iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə, xüsusi icraat, icra icraatı) baxılmalı olmasını, habelə qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında baxılmalı olmadığından ərizənin qəbul edilməsindən imtina edilməsini ehtiva edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.2-ci maddəsinə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.8-ci bəndindən görünür ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra, habelə digər hallarda icra məmuru 24 saat müddətində həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir (Əlavə 3). Qeyd olunanlara əsasən hesab edirəm ki, hazırkı ərizənin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən, “İcra haqqında” Qanunun 84-1.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151, 153.2.1, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının ləğv edilməsi və s.” tələbinə dair ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ) şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №8(006)-288/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-288/2024
08.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver