Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-291/2022 16.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əzizova Şəbnur Rəfail qızının katibliyi, Tələbkarın nümayəndəsi və vəkili X1, Borclunun nümayəndəsi və vəkili X4, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X2 hərəkətsizliyinin qanunsuz hesab edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, e-2(006)-1832/2022 saylı icra sənədinin məhkəməyə qaytarılması və həmin icra sənədi ilə bağlı bütün icra tədbirlərinin ləğv olunması öhdəliyinin icra məmurunun üzərinə qoyulması barədə borclu "xxxx" QSC tərəfindən verilmiş şikayət ərizəsinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu "xxxx" QSC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X2 hərəkətsizliyinin qanunsuz hesab edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, e-2(006)- 1832/2022 saylı icra sənədinin məhkəməyə qaytarılması və həmin icra sənədi ilə bağlı bütün icra tədbirlərinin ləğv olunması öhdəliyinin icra məmurunun üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin rəis vəzifəsini müvəqqəti icra edən böyük icra məmuru cənab Azər Heydərov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli icra ödənişlərinin alınması barədə qərarda icra sənədinin icrası borclu tərəfindən könüllü müddət ərzində təmin edilmədiyi üçün “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinin tələblərinə əsasən "xxxx" QSC-dən 1.795.285 manat ümumi borcun 7%-i miqdarında, 125.669.95 manat icra ödənişi tutulmalı olduğu qeyd olunmuşdur. Qeyd olunan qərar tərəflərindən 20 iyul 2022-ci il tarixində əldə olunmuşdur. xx.xx.2022-ci il tarixində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)-1832/2022 nömrəli icra sənədinə əsasən “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, icra sənədi üzrə icraata başlanılmış və borclu "xxxx" QSC-yə 10 gün müddətində icranı könüllü təmin etmək üçün vaxt verilmişdir. 28 iyun 2022-ci il tarixində qərar tərəflərindən əldə olunmuşdur. Bildirirlər ki, tərəflərindən xx.xx.2022-ci il tarixində Nəsimi rayon İcra şöbəsinin rəis vəzifəsini müvəqqəti icra edən böyük icra məmuru cənab Azər Heydərova icra sənədinin könüllü icrası ilə bağlı müraciət olunmuş və icra sənədini icra etmək üçün tələbin "xxxx" QSC-nin "xxxx" ASC-də olan AZ13ACAB******************** saylı hesabında olan pul vəsaitinə yönəldilməsi xahiş edilmişdir. Müraciətləri Nəsimi rayon İcra şöbəsi tərəfindən 07 iyul 2022-ci ildə qəbul edilmişdir. Qeyd etmək istəyirlər ki, Nəsimi rayon İcra şöbəsi tərəfindən elə həmin gün, yəni xx.xx.2022-ci il tarixində birbaşa olaraq könüllü icra müddətinin ötməsi əsası ilə "xxxx" QSC-dən 1.795.285 manat ümumi borcun, 7%-i miqdarında, 125.669.95 manat icra ödənişi tutulması ilə bağlı qərar qəbul edilmişdir. Göndərdikləri ərizəyə isə 13 iyul 2022-ci il tarixli məktubla cavab verilmiş və könüllü icra müddətini ötürdükləri qeyd olunmuşdur. Bunu da məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, Nəsimi rayon İcra şöbəsinin göndərdiyi cavab məktubunda tərəflərindən könüllü icra ilə bağlı göndərilən məkutubun göndərilmə tarixi xx.xx.2022-ci il qeyd olunmuşdur. Lakin qəbul etmə tarixinin xx.xx.2022ci il olduğu məhkəməyə təqdim olunan sənədlərdə açıq görünür. Eyni zamanda, Tələbkar ilə aralarında razılığa gəlinmişdir və o, bununla bağlı ərizə ilə Nəsimi rayon İcra şöbəsinə müraciət etmişdir. Yuxarıda qeyd edilənlərdən açıq görünür ki, "xxxx" QSC olaraq öhdəliklərini icra etmə yönümlü bütün hərəkətlər tərəflərindən icra olunmuşdur. Lakin Nəsimi rayon İcra şöbəsi qanunvericiliyin pozuntusuna yol verərək əsassız olaraq yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. Məhkəmə iclasında borclunun nümayəndəsi və vəkili X7 şikayət ərizəsini müdafiə edərək, şikayət ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, icra məmuru tərəfindən bir sıra pozuntulara yol verilmişdir. Belə ki, ilk öncə onu qeyd edir ki, icra məmurunun könüllü icra müddəti bitməmiş icra ödənişinin tutulması barədə qərar qəbul etməsi tamamilə əsassızdır. Belə ki, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin 21 iyun 2022-ci il tarixli qərarı onlara 29 iyun 2022-ci il tarixində təqdim edilsə də, 07 iyul 2022-ci il tarixdə icra ödənişinin alınması barədə qərar qəbul olunmuşdur. Göründüyü kimi icra haqqında qanunun 78-ci maddəsinə əsasən könüllü icra müddəti üçün müəyyən edilmiş 10 günlük müddət gözlənilmədən qərar qəbul edilmişdir. Bundan əlavə onlar icra ödənişinin alınması barədə həmin müddət ərzində icra sənədini icra etməkdən yayınmamışlar, hətta könüllü icra müddəti bitməmiş ərizə ilə İcra şöbəsinə müraciət edərək, icra sənədi üzrə tələbin şirkətə məxsus bank hesabına yönəldilməsini xahiş etmişlər. Lakin buna baxmayaraq, elə ərizə ilə İcra şöbəsinə müraciət etdikləri tarixdə, yəni 07 iyul 2022-ci il tarixində icra məmuru icra ödənişinin tutulması barədə qərar qəbul etmişdir. Onların ərizəsinə isə bir neçə gün sonra yalnız məktubla cavab verərək, artıq könüllü icra müddətinin keçdiyini bildirmişdir. Halbuki, həmin müddət onlar tərəfindən ötürülməmişdir. Digər tərəfdən tələbkarla borclu şirkət arasında razılıq əldə olunmuşdur. Tələbkar bununla bağlı İcra şöbəsinə müraciət etmiş və icra sənədinin əldə edilmiş razılıq əsasında məhkəməyə qaytarılmasını tələb etmişdir. Lakin icra məmuru yenidən qanunvericiliyin tələblərini pozaraq, tələbkara məktubla cavab verməklə kifayətlənmişdir. Halbuki, “İcra haqqında” Qanunun tələblərində açıq-aydın qeyd edilmişdir ki, icra sənədinin qaytarılması barədə tələbkarın müraciəti daxil olduqda, icra sənədi birmənalı şəkildə geri qaytarılmalıdır. Bütün sadalanan hallarla yanaşı məhkəmənin diqqətinə çatdırır ki, maraqlı məqamlardan biri də, icra məmurunun eyni tarixdə, yəni 07 iyul 2022-ci il tarixdə iki fərqli növdə icra ödənişinin tutulması ilə bağlı qərar qəbul etməsi olmuşdur. Halbuki, qanunda eynitarixli qərarın iki fərqli formada qəbul edilməsinə dair hər hansı bir müddəa qeyd edilməmişdir. Hesab edir ki, şikayət ərizəsinin təmin edilməsi üçün kifayət qədər dəlillər mövcuddur. Göstərilənlərə əsasən şikayət ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkarın nümayəndəsi və vəkili X3 izahat verərək bildirdi ki, şikayət ərizəsi təmin edilməlidir. Belə ki, həmin ərizənin təmin edilməsi üçün bir neçə əsas mövcuddur. Bunlardan başlıca biri də, könüllü icra müddəti bitməmiş icra məmurunun icra ödənişinin tutulması barədə qərar qəbul etməsi olmuşdur. Halbuki, iş materialları ilə də həmin müddətin keçmədiyi öz təsdiqini tapır. Lakin bütün bu hallara baxmayaraq, icra məmuru Azər Heydərov qanunun tələblərinə əməl etməyərək, müddət tamam olmamış icra ödənişinin tutulması barədə qərar qəbul etmişdir. Digər səbəblərdən biri də odur ki, onlar borclu şirkətlə razılıq əldə etmişlər. Əldə edilmiş razılığa əsasən 22 iyul 2022-ci il tarixdə ərizə ilə Nəsimi rayon İcra şöbəsinə müraciət etmişlər. Lakin ərizə əsasında icra sənədinin qaytarılması barədə qərar qəbul etmək əvəzinə icra məmuru ərizəsinə məktubla cavab vermiş və qanunauyğun qaydada tədbirlər görməmişdir. Digər tərəfdən ərizənin 22 iyul tarixində verilməsinə baxmayaraq, onun guya ki, 25 iyul tarixində daxil olmasına dair qeydlər aparılmışdır. Hətta elə eyni gün, 25 iyul 2022-ci il tarixdə icra məmuru inkasso sərəncamı qəbul edərək, aidiyyəti banklara müraciət etmiş və şirkətə məxsus hesabdan 23.978,14 manat vəsait inkasso sərəncamının qismən icrasına yönəldilmişdir. O, puldan isə 1 manat olsa belə tələbkara ödənilməmişdir. Həmin vəsait icra ödənişinin ödənilməsinə yönəldilmişdir. Göstərilənlərə əsasən şikayət ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X6 izahat verərək bildirdi ki, onun tərəfindən ilk öncə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Bu qərar əsasında borcluya könüllü icra müddəti barədə bildiriş də göndərilmişdir. İcra tədbirləri qanunauyğun şəkildə həyata keçirilmişdir. Həmin müddət məhz borclunun könüllü olaraq icra sənədi üzrə tələbin ödənilməsi üçün nəzərdə tutulmuşdur. Bu müddət ərzində məcburi icra tədbirlərinin həyata keçirilməsinə yol verilmir. Yalnız könüllü icra müddəti bitdikdən sonra məcburi icra tədbirləri həyata keçirilə bilər. Müddət bitdikdən sonra onun tərəfindən icra ödənişinin tutulması barədə qərar qəbul edilmişdir. Müddət bitənədək ya icra sənədi üzrə borc ödənilməli və yaxud razılıq əldə edilməli idi. Həmin müddət ərzində razılıq əldə edilmədiyindən, “İcra haqqında” Qanunun 78-ci maddəsinə əsasən icra ödənişinin tutulması barədə qərar qəbul edilmişdir. Bundan əlavə hakim tərəfindən verilmiş suallar əsasında icra məmuru 21 iyun 2022ci il tarixdə qəbul etdiyi «icraata başlamaq haqqında qərarı»nın borclunun 29 iyun tarixində aldığına görə 07 iyul 2022-ci il tarixdə icra ödənişinin tutulması ilə bağlı qərarını könüllü icra müddəti tamam olmadan səhv qəbul etməsini etiraf etmiş və bu səhvin qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas olmasını bildirmişdir. Məhkəmə tələbkarın və borclunun nümayəndə və vəkillərinin, o cümlədən icra məmurunun izahatlarını dinləyib, şikayət ərizəsini və iş materiallarını nəzərdən keçirərək, həmçinin hazırki işin (şikayət ərizəsinin) obyektiv və hərtərəfli araşdırılması məqsədilə tələb edilmiş e137113/2022-5-1-001 saylı icra işində olan sənədlərə baxış keçirərək hesab edir ki, şikayət ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, e-2(006)- 1832/2022 saylı qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, 1.055.050 ABŞ dolları ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 1.700 manat dövlət rüsumunun cavabdeh "xxxx" QSC-dən iddiaçı Tələbkar xeyrinə tutulması qət edilmişdir. - Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X2 xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, e-2(006)-1832/2022 saylı icra sənədi üzrə icraata başlanılmış və həmin qərar üzrə xx.xx.2022-ci il tarixli tələbin könüllü icra edilməsi barədə bildiriş borclunun müvafiq poçt ünvanına göndərilmişdir. - “poçt göndərişlərinin izlənməsi”nə dair çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixli tələbin könüllü icra edilməsi barədə bildiriş borclunun müvafiq poçt ünvanına 29 iyun 2022-ci il tarixdə daxil olmuşdur. - "xxxx" QSC tərəfindən 07 iyul 2022-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə təqdim edilmiş “tələbin borclunun pul vəsaitlərinə və başqa əmlakına yönəldilməsi barədə” ərizədən görünür ki, könüllü icra müddətində icra sənədini icra etmək üçün Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə müraciət edilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, e-2(006)-1832/2022 saylı icra sənədi üzrə tələbin "xxxx" QSC-nin "xxxx" QSC-də olan “AZ12ACAB********************” nömrəli hesabında olan pul vəsaitinə yönəldilməsi xahiş edilmişdir. - Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin 07 iyul 2022-ci il tarixli “icra ödənişinin alınması barədə” qərarından görünür ki, icra sənədinin icrasının borclu tərəfindən könüllü müddət ərzində təmin edilməməsi əsası ilə "xxxx" QSC-dən 125.669,95 manat məbləğində icra ödənişinin alınması qərara alınmışdır. - Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən "xxxx" QSC-yə ünvanlanmış 13 iyul 2022-ci il tarixli cavab məktubundan görünür ki, ərizəyə əsasən könüllü icra müddətində məcburi icra tədbirlərinin həyata keçirilməsinin qeyri-mümkün olduğu "xxxx" QSC-yə bildirilmişdir. - Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin "xxxx" QSC-yə ünvanlanmış 13 iyul 2022ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, e-2(006)-1832/2022 saylı icra sənədi üzrə borc məbləği könüllü icra müddətində borclu tərəfindən təmin edilmədiyi üçün borc məbləğinin 7%-i həcmində icra ödənişi qərarının məktuba əlavə edilərək icra olunması üçün göndərildiyi "xxxx" QSC-yə bildirilmişdir. - Tələbkar tərəfindən Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə ünvanlanmış “icra sənədinin geri qaytarılması haqqında” icra şöbəsinə xx.xx.2022-ci il tarixdə daxil olmuş xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, ərizədə tələbkarla borclu arasında razılıq əldə olunduğu qeyd edilmiş və “İcra haqqında” Qanunun 23.1.1-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, e-2(006)-1832/2022 saylı icra sənədinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə geri qaytarılması xahiş edilmişdir. - Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X6 tərəfindən Tələbkar ünvanlanmış cavab məktubundan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, e-2(006)-1832/2022 saylı məhkəmə qərarı üzrə borc məbləği könüllü icra müddətində borclu tərəfindən təmin edilmədiyi üçün borc məbləğinin 7% həcmində icra ödənişinin alınması barədə qərarın qəbul edildiyi, xx.xx.2022-ci il tarixdə borcluya göndərildiyi və “İcra haqqında” Qanunun 23.1.1-ci maddəsinin icra sənədinin məhkəməyə qaytarılmasını ehtiva etdiyi, lakin borc məbləğinin 7% həcmində icra ödənişinin tutulmaması anlamına gəlmədiyi və istisna etmədiyinə dair məzmunda cavab verilmişdir. - Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X6 tərəfindən müxtəlif banklara, o cümlədən "xxxx" QSC-yə, "xxxx" ASC-yə ünvanlanmış 25 iyul 2022-ci il tarixli məktublarından görünür ki, məktublarda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, e-2(006)-1832/2022 saylı icra sənədi əsasında tərtib edilmiş inkasso sərəncamının icra olunması və icra sənədinin icrasını təmin edib, nəticəsi barədə məlumat verilməsi xahiş edilmişdir. - "xxxx" QSC tərəfindən Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X5 ünvanlamış olduğu məktubundan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, e-2(006)-1832/2022 saylı icra sənədi ilə bağlı tərtib edilmiş inkasso sərəncamlarının tərəflərindən qəbul olunduğu, ödəyici "xxxx" QSCnin hesabından 23.978,14 manat vəsaitin inkasso sərəncamının icrasına yönəldildiyi və müvafiq sərəncamlar üzrə silinmə əməliyyatının baş verildiyi halda tərəflərindən məlumatın veriləcəyi bildirilmişdir. - 25 iyul 2022-ci il tarixli inkasso sərəncamının “icraçı bankın qeydləri” adlı qrafasından görünür ki, qismən 23.978,14 manat məbləğində ödəniş edildiyi, 101.691,81 manat qalıq qaldığına dair müvafiq qeydlər aparılmışdır. Beləliklə işin faktiki halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, e-2(006)-1832/2022 saylı qətnaməsi ilə 1.055.050 ABŞ dolları ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 1.700 manat dövlət rüsumunun cavabdeh "xxxx" QSC-dən iddiaçı Tələbkar xeyrinə tutulması qət edilmiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi məqsədilə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə yönəldilmişdir. Həmin icra sənədi Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X2 icraatına daxil olmuş və sonuncu tərəfindən ilkin olaraq xx.xx.2022-ci il tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilmişdir. Daha sonra qeyd edilən qərar və ona əlavə edilmiş xx.xx.2022-ci il tarixli tələbin könüllü icra edilməsi barədə bildiriş xx.xx.2022-ci il tarixli reyestrlə borclunun poçt ünvanına göndərilmiş və icra sənədi üzrə tələbin könüllü icra müddəti, yəni 10 gün ərzində icra edilməsi borcluya təklif edilmişdir. Borclu tərəfindən isə qeyd edilən bildiriş 29 iyun 2022-ci il tarixində alınmışdir. Qeyd edilən bildirişin xx.xx.2022-ci il tarixdə alınması ilk öncə iş materialları, sonradan isə məhkəmə iclasında tərəflərin vermiş olduqları izahatları ilə öz təsdiqini tapmışdır. Lakin müəyyən edilmişdir ki, könüllü icra üçün müəyyən edilmiş müddət bitməmiş, icra məmuru tərəfindən qanunvericiliyin tələbləri pozularaq, 07 iyul 2022-ci il tarixində icra ödənişinin alınması barədə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X6 tərəfindən iki, demək olar ki, eyni məzmunlu qərar qəbul edilmişdir (qərarın birinin nömrəsi 137113/2022/1 göstərilmişdir). Halbuki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Yuxarıda qeyd edilmiş qanunvericiliyin tələblərindən də aydın olduğu kimi, könüllü icra müddəti bitməmiş məcburi icra hərəkətlərinin həyata keçirilməsinə birmənalı şəkildə yol verilmir. Lakin bütün bu hallara baxmayaraq, qanunla müəyyən edilmiş müddət bitmədən, icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə istinad edərək, icra ödənişinin alınması barədə qərar qəbul etmiş və həmin qərarı qəbul etməklə, borclunun qanunla müəyyən edilmiş müddət ərzində tələbi könüllü icra etmək hüququndan məhrum etməsinə səbəb olmuşdur. Məhkəmə işin hallarına hüquqi qiymət verməkdə davam edərək onu da qeyd edir ki, icra sənədinin icrası ilə bağlı borclu tərəf hərəkətsiz qalmamış, əksinə könüllü icra müddəti ərzində ərizə ilə 07 iyul 2022-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə müraciət edərək, icra sənədi üzrə tələbin borclu şirkətin "xxxx" QSC-də olan bank hesablarına yönəldilməsi istiqamətində tədbirlərin görülməsini xahiş etmiş və bununla da, icra sənədi üzrə tələbin könüllü şəkildə icra edilməsindən yayınmadığını bir daha təsdiq etmişdir. Lakin icra sənədi üzrə tələbin icra edilməsinə dair borclu tərəfindən ərizənin xx.xx.2022-ci il tarixdə icra şöbəsinə daxil olmasına və ərizədə həmin tələbin borclunun hansı əmlakına yönəldilə biləcəyinə dair məlumatların qeyd edilməsinə baxmayaraq, icra məmuru həmin ərizəyə verdiyi xx.xx.2022-ci il tarixli cavab məktubunda ərizənin xx.xx.2022-ci il tarixdə daxil olmasını qeyd edərək ərizədə tələb olunan icra hərəkətləri könüllü icra müddətində məcburi icra tədbirlərinin həyata keçirilməsinin qeyrimümkünlüyünü göstərmişdir. Eyni tarixli cavab məktubunda icra məmuru borcluya icra ödənişinin ödənilməli olmasına dair qərarın surətini də göndərmişdir. Beləliklə də müəyyən edilmişdir ki, icra məmuru icra ödənişinin tutulması ilə bağlı qərar qəbul edərkən 10 gün müddət tamam olmamış, 07 iyul 2022-ci il tarixdə icra ödənişinin tutulması ilə bağlı hər iki qərarı qəbul etməklə qanunsuzluğa yol vermiş və bu faktı özü də məhkəmə iclasında etiraf edərək səhvə yol verdiyini, belə olan halda isə onun qərarının ləğv olunmalı olmasını bildirmişdir. Bütün yuxarıda qeyd edilənlərlə yanaşı məhkəmə qeyd edir ki, icra məmurunun icra sənədi üzrə etdiyi hərəkət və hərəkətsizliyi ilə bağlı digər əsas məqamlardan biri də tələbkarın xx.xx.2022-ci il tarixli ərizə ilə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə xx.xx.2022-ci il tarixdə müraciət etməsinə onun verdiyi cavabın məzmunudur. Belə ki, iş materiallarından görünür ki, tələbkar borclu şirkətlə aralarında razılıq əldə edildiyini qeyd edərək, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə istinad edərək, icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etmiş və ərizə xx.xx.2022-ci ildə icra şöbəsinə daxil olmuşdur. İcra məmurunun xx.xx.2022-ci il tarixli, 9547-137113/2022-5-1 saylı məktubu ilə aşağıdakı məzmunda cavab verilərək ərizə icra edilməmişdir. “Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1832/2022-011 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu ilə aranızda razılıq olmasına baxmayaraq, sözügedən məhkəmə qərarı üzrə borc məbləği könüllü icra müddətində borclu tərəfindən təmin edilmədiyi üçün borc məbləğinin 7% həcmində icra ödənişi qərarı qəbul edilmişdir və xx.xx.2022-ci il tarixdə borcluya göndərilmişdir. İcra haqqında AR Qanununun 23.1.1-ci maddəsi icra sənədinin məhkəməyə qaytarılmasını ehtiva edir, lakin borc məbləğinin 7% həcmində icra ödənişinin tutulmaması anlamına gəlmir və istisna etmir”. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Göründüyü kimi, hazırki maddə imperativ olmaqla icra məmurunun üzərinə icra sənədini tələbkarın ərizəsinə əsasən məhkəməyə qaytarmaq vəzifəsi qoymuşdur. Yəni qanunverici icra məmurunun üzərinə “qaytarıla bilər” məzmunlu seçim hüququ verməmişdir. Bütün bu halları tənzimləyən qanunvericilik tələbkarın bu növdə vermiş olduğu ərizəsinin təmin edilməməsi üçün hər hansı bir əsas (qadağa) müəyyən etməmiş və icra sənədinin bilavasitə onu vermiş məhkəməyə qaytarılmalı olduğunu açıq-aydın şəkildə izah etmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, icra məmuru qanunvericiliyin tələblərini pozmaqla, icra sənədini tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə qaytarmamaqla və ərizəyə “Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-1832/2022-011 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu ilə aranızda razılıq olmasına baxmayaraq, sözügedən məhkəmə qərarı üzrə borc məbləği könüllü icra müddətində borclu tərəfindən təmin edilmədiyi üçün borc məbləğinin 7% həcmində icra ödənişi qərarı qəbul edilmişdir və xx.xx.2022-ci il tarixdə borcluya göndərilmişdir. İcra haqqında AR Qanununun 23.1.1-ci maddəsi icra sənədinin məhkəməyə qaytarılmasını ehtiva edir, lakin borc məbləğinin 7% həcmində icra ödənişinin tutulmaması anlamına gəlmir və istisna etmir” cavab verməklə, icra hərəkətlərini davam etdirməklə habelə, tələbkarın da hüquqlarının pozulmasına yol vermişdir. Məhkəmə işin hallarına hüquqi qiymət verməkdə davam edərək daha sonra icra məmurunun hazırki icra işində yol verdiyi digər nöqsanı da qeyd etməyi zəruri sayır. Belə ki, yuxarıda qeyd edildiyi kimi könüllü icra üçün müəyyən edilmiş müddət bitməmiş, icra məmuru tərəfindən qanunvericiliyin tələbləri pozularaq, 07 iyul 2022-ci il tarixində icra ödənişinin alınması barədə qanunsuz qərar qəbul etməklə yanaşı və tələbkarın borclu şirkətlə aralarında razılıq əldə edildiyini qeyd edərək, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə istinad edərək, icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etməsi barədə ərizəsi xx.xx.2022-ci il tarixdə şöbəyə daxil olmasına baxmayaraq icra məmuru tərəfindən müxtəlif banklara, o cümlədən "xxxx" QSC-yə, "xxxx" ASC-yə ünvanlanmış 25 iyul 2022-ci il tarixli məktublar göndərilmiş və məktublarında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, e- 2(006)-1832/2022 saylı icra sənədi əsasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli inkasso sərəncamının icra olunması və icra sənədinin icrasını təmin edib, nəticəsi barədə məlumat verilməsi xahiş edilmişdir. Buna cavab olaraq isə "xxxx" QSC- tərəfindən icra məmuruna xx.xx.2022-ci il tarixli məktubla 28 aprel 2022-ci il tarixli, e-2(006)-1832/2022 saylı icra sənədi ilə bağlı tərtib edilmiş inkasso sərəncamlarının tərəflərindən qəbul olunduğu, ödəyici "xxxx" QSC-nin hesabından 23.978,14 manat vəsaitin inkasso sərəncamının icrasına yönəldildiyi və müvafiq sərəncamlar üzrə silinmə əməliyyatının baş verildiyi halda tərəflərindən məlumatın veriləcəyi bildirilmişdir. Göründüyü kimi, icra məmurunun könüllü icra üçün müəyyən edilmiş müddət bitməmiş, qanunvericiliyin tələbləri pozularaq, 07 iyul 2022-ci il tarixində icra ödənişinin alınması barədə qanunsuz qərar qəbul etməsi və tələbkarırn borclu şirkətlə aralarında razılıq əldə edildiyini qeyd edərək, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinin istinad edərək, icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etməsi barədə xx.xx.2022-ci il tarixli ərizəsini diqqətə almayaraq dərhal cavab verməməsi nəticəsində "xxxx" QSC-nin hesabından 23.978,14 manat vəsaitin əsassız inkasso sərəncamının icrasına yönəltmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, əgər icra məmurunun bildirdiyinə görə icra sənədinin məhkəməyə qaytarılması barədə tələbkarın ərizəsi xx.xx.2022-ci il tarixdə onun icraatına verilməsi nəzərə alınsa belə, yenə icra məmurunun həmin tarixdə və ondan sonrakı hərəkət və hərəkətsizliyi tələbkar və borclunun hüquqlarının pozulması ilə nəticələnmişdir. Yəni, yuxarıda qeyd edildiyi kimi, icra məmuru tələbkarın “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən verdiyi ərizəsinə əsasən müxtəlif banklara, o cümlədən "xxxx" QSC-yə, "xxxx" ASC-yə ünvanlanmış 25 iyul 2022-ci il tarixli məktublar göndərməməli idi, göndərdiyi halda isə yenə də sözügedən normanın imperativ göstərişlərini nəzərə alaraq xx.xx.2022-ci il tarixli inkasso sərəncamının icra olunması üçün məktub göndərdiyi banklara icra sənədinin tələbkarın ərizəsi əsasında bu sənədi vermiş məhkəməyə qaytarılması barədə dərhal məlumat verməli və bununla da qeyd edilən əsassız verilmiş inkasso sərəncamının icra olunmasının qarşısını almalı idi. Lakin icra işinin materiallarından icra məmurunun belə hərəkətlər etməsi görünmür. Beləliklə, məhkəmə işin hər bir halına ayrı-ayrılıqda hüquqi qiymət verdikdən sonra yekun olaraq belə nəticəyə gəlir ki, şikayət ərizəsi sübutlara əsaslanaraq verildiyindən və özlüyündə əsaslı olduğundan, şikayət ərizəsi təmin edilməli, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X2 hərəkətsizliyi qanunsuz hesab edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, e-2(006)-1832/2022 saylı icra sənədi məhkəməyə geri qaytarılmalı, həmin icra sənədi ilə bağlı həyata keçirilmiş bütün icra tədbirlərinin ləğv olunması öhdəliyi Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X2 üzərinə qoyulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət ərizəsi təmin edilsin. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X2 hərəkətsizliyi qanunsuz hesab edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, e-2(006)- 1832/2022 saylı icra sənədinin məhkəməyə geri qaytarılması və həmin icra sənədi ilə bağlı həyata keçirilmiş bütün icra tədbirlərinin ləğv olunması öhdəliyi Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X2 üzərinə qoyulsun. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №8(006)-291/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-291/2022
16.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver