Məhkəmə qərarları › İş №8(006)-300/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-300/2025

04.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-300/2025 04.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, Tələbkar, Borclu, Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Ramin Quliyevin, tərcüməçi Hüseynova Gülnar qızının iştirakı ilə, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(009)-1023/2024 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu əmlakı üzərinə həbs qoyulması barədə Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Ramin Quliyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinın xx.xx.2024-cü il tarixli e-2(009)-1023/2024 nömrəli icra sənədinə əsasən Borclu Tələbkar xeyrinə 81.000 manat həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 333 manat, cəmi 81.333 (səksən bir min üç yüz otuz yü) manat məbləğində pul tutulmalıdır. Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Ramin Quliyev təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu məxsus olan ünvan 1 üzərinə həbs qoyulmasına dair qərardad verilməsi xahiş olunur. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e- 2(009)-1023/2024-015 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu Tələbkar xeyrinə 81.000 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 333 manat, cəmi 81.333 (səksən bir min üç yüz otuz üç)manat məbləğində pul tutulsun. İcra sənədi xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra" informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan ünvan 1 vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında iştirak edən Tələbkar izahat verərək məhkəmədən təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu izahat verərək bildirdi ki, təqdimat təmin edilə bilməz, çünki mübahisəli mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bu səbəbdən məhkəmədən təqdimatın rədd olunmasnı xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Ramin Quliyev izahat verərək bildirdi ki, müəyyən etmişlər ki, Borclu adına mənzil var. Hərraca müraciət olunmuş və hərrac təşkilatından bildirilmişdir ki, yalnız məhkəmənin qərarı ilə həbs qoyulduğu təqdirdə əmlaka dair hərrac keçirilə bilər. Odur ki, məhkəmədən təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və həmin təqdimatın bağlı olduğu icra işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. İş materiallarında olan: Bakı Şəhəri Səbail Rayon Məhkəməsinın xx.xx.2024-cü il tarixli e-2(009)-1023/2024 nömrəli icra sənədinə əsasən Borclu Tələbkar xeyrinə 81.000 manat həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 333 manat, cəmi 81.333 (səksən bir min üç yüz otuz yü) manat məbləğində pul tutulmalıdır. Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinın xx.xx.2024-cü il tarixli e-2(009)-1023/2024 nömrəli icra sənədinin icrasının məqsədilə icraatı başlanmışdır. Qərar xx.xx.2025-ci il tarixdə borclu tərəfindən əldə edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli bildirişinə əsasən, Borcluna tələbin könüllü icrasın məqsədilə bildiriş göndərilmişdir. Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 56.46 kv.m olan 2 otaqlı mənzilin qiymətləndirilməsi üçün nümayəndə dəvət edilmişdir. Borclu xx.xx.2025-ci il tarixdə Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Ramin Quliyevə ünvanladığı ərizəsində göstərilmişdir ki, yeganə gəlir mənbəyi aldığı pensiya məbləği olduğu üçün, həmin məbləğdən hər ay 50% tələbkarın xeyrinə tutulmasına razıdır. Məhkəmə aktının icrası və onun mülkiyyətində olan ünvan 1 ünvanına Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 16(009)-218/2023 saylı, xx.xx.2023-cü il tarixli müvəqqəti təminat tədbiriylə həbs qoyulması ilə əlaqədar həmçinin bildirir ki, tələbin icrasının həmin mənzilə aşağıdakı səbəblərə görə yönələ bilməz. Belə ki, onunla "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 20-MCR-1-433-22 saylı kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən yaranmış öhdəliyin təminatı kimi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini ipoteka saxlayana (ipoteka saxlayan, həm də kreditordur) ipotekaya verilmişdir. Bu barədə xx.xx.2022-ci il tarixli DA/01138/22 saylı ipoteka müqaviləsi bağlanmışdır. "xxxx" ASC ilə Borclu arasında bağlanmış xx.xx.2022-ci il tarixli DA/01138/22 saylı ipoteka müqaviləsinə əsasən Borclu ayrılan 100000 (yüz min manat) kredit limitinin təminatı kimi Borclu mülkiyyətində olan ünvan 1 ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-16(009)-218/2023 nömrəli qərardadına əsasən müvəqqəti təminat tədbiri kimi Borclu mülkiyyətində olan ünvan 1-in özgəninkiləşdirilməsi qadağan edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.3-cü maddəsinə görə, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun əmlakı üzərinə həbs qoyulması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Məhkəmə qeyd edir ki, «İcra haqqında» Qanunun 45-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir (45.1). İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən, banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür (45.2). Borclunun banklarda və digər kredit təşkilatlarında saxlancda əmlakının və hesabının mövcudluğu, habelə hesab üzrə qalıqlar barədə məlumatlar icra məmuru tərəfindən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə uyğun olaraq əldə edilir və onların (olduqda) üzərinə bu Qanunun 45.7-ci maddəsinə uyğun olaraq icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə həbs qoyulur. (45.3). Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir (45.6). Göründüyü kimi, borcluya məxsus əmlakın üzərinə həbs qoyulması üçün ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən, banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitləri və başqa sərvətlərinin olub-olmadığı müəyyən edilməlidir. Yalnız belə vəsaitinin olmadığı müəyyən edildikdən sonra, borcluya məxsus əmlak üzərinə həbs qoyula bilər. İcra işindən görünür ki, icra məmuru borclunun banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitləri və ya başqa sərvətlərinin olub-olmadığını müəyyən etmədən, tələbin borclunun pul vəsaitlərinə yönəldilməsi qaydasına riayət etmədən, borclunun əmlakı üzərinə həbs qoyulmasını xahiş etmişdir. Həmçinin nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 269.1 və 269.2-ci maddələrinə əsasən Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Mülki Məcəllənin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Məcəllənin 290.2-ci maddəsinə əsasən girov predmeti olan əşya tutmanın ona yönəldilməsi və ya cinayət törətmək üstündə sanksiya şəklində girov qoyandan qanunla müəyyənləşdirilmiş qaydada alındıqda girov saxlayan həmin əşyanın dəyərindən öz tələbinin üstün ödənilməsi hüququnu əldə edir. Bunlardan əlavə “İpoteka haqqında” Qanunun 1.0.5-ci maddəsinə əsasən ipoteka saxlayan – ipoteka hüququ olan və ipoteka qoyanın digər kreditorlarına nisbətən üstün qaydada ipoteka predmeti hesabına əsas öhdəliyin icrasını tələb etmək hüququ olan şəxsdir, o cümlədən ipoteka kağızının mülkiyyətçisidir. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən, ipoteka qoyanın üçüncü şəxslər qarşısında öhdəliklərinin icrası üçün başqa əmlakı kifayət etmədikdə, ipoteka predmetinə üçüncü tərəfin tələbi bu Qanunla müəyyən edilmiş qaydada ipoteka saxlayanın tələbləri ödənildikdən sonra yönəldilə bilər. İcra işindən görünür ki, "xxxx" ASC ilə Borclu arasında bağlanmış xx.xx.2022-ci il tarixli DA/01138/22 saylı ipoteka müqaviləsinə əsasən Borclu mülkiyyətində olan ünvan 1 bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Məhkəmə qeyd edir ki, həbs qoyulması xahiş olunan mübahisə predmeti olan mənzil öhdəliyin təminatı qismində bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, qanunvericiliyin tələbinə görə ilkin olaraq borclunun bank qarşısında öhdəliyinin təminatı qismində çıxış edir. Belə olan halda məhkəmə qeyd edir ki, hazırkı halda həbsin qoyulduğu halda belə, qərardad icrasız qalmaqla mənzilin satılmasının mümkün olmaması ilə nəticələnəcəkdir. Bundan başqa icra işindən görünür ki, həmin əmlakın özgəninkiləşdirilməsi növündə müvəqqəti təminat tətbiri tətbiq olunmuşdur. Odur ki, bankın tələbi təmin edildikdən (bank qarşısında öhdəlik tam icra olunduqdan) sonra borclu onsuz da həmin əmlakın özgəninkiləşdirilməsinə nail ola bilməyəcəkdir. Ona görə də bankın tələbi tam şəkildə ödənildikdən sonra ipotekaya xitam verildiyi halda, əsaslar olduğu təqdirdə mənzil üzərinə həbsin qoyulması məsələsi yenidən müzakirə oluna bilər. Beləliklə, məhkəmə hesab edir ki, Bakı Şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru Ramin Quliyevin təqdimatı təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı Şəhəri Səbail Rayon Məhkəməsinın xx.xx.2024-cü il tarixli e-2(009)-1023/2024 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borcluna məxsus ünvan 1 üzərinə həbs qoyulması barədə Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Ramin Quliyevin təqdimatı təmin edilməsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar