Məhkəmə qərarları › İş №8(006)-311/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-311/2024

28.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-311/2024 28.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızı, X1 “ölkədən çıxışa qoyulmuş məhdudiyyətin aradan qaldırılması” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Təsviri hissə:

1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-155/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişovanın təqdimatı təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6444/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu xx.xx.1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan X3 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması qərara alınmış, qərardaddan şikayət vermə müddəti göstərilmişdir. Qərardad borclu tərəfindən mübahisələndirilməmişdir.

2. xx.xx.2024-cü il tarixdə X2 “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının ləğv edilməsi və s.” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona tətbiq edilmiş xaricə çıxış qadağasının ləğv edilməsinə və oğlunun reabilitasiya prosesində iştirak etmək üçün xaricə səfər etməsinə 1 ay müddətinə icazə verilməsini xahiş etmişdir.

3. Məhkəmənin xx.xx.2024-cü il tarixli məktubu ilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.2-ci maddəsinə istinadən, X4 məsələ ilə bağlı aidiyyəti İcra şöbəsinə müraciət edilməsi tövsiyə edilmişdir.

4. X2 yenidən xx.xx.2024-cü il tarixdə ərizə yazaraq, qərardad çıxarılmasını xahiş etmişdir.

5. Məhkəmənin 8(006)-288/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizəçiyə məsələyə məhkəmədə baxılmalı olmaması bir daha izah edilməklə, ərizənin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmiş, qərardaddan şikayət vermə müddəti və qaydası göstərilmişdir. Bu qərardad da borclu tərəfindən mübahisələndirilməmişdir.

6. Hazırda X2 “ölkədən çıxışa qoyulmuş məhdudiyyətin aradan qaldırılması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-155/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilərək, onun ölkədən çıxışına qoyulmuş məhdudiyyətinin aradan qaldırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmə ərizəni, ona əlavə edilmiş sənədləri və icra işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından, ərizənin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmənin mövqeyi:

8. Belə ki, ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdıran məhkəmə qərardadının ləğv edilməsini və ölkədən çıxışına qoyulmuş məhdudiyyətin aradan qaldırılmasını məhkəmədən xahiş edir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri sayır ki, ərizəçinin (borclunun) həmin qərardadı qanunla müəyyən edilmiş qaydada mübahisələndirmək hüququ vardır (elektron kabinet vasitəsilə verilmiş, müvafiq forma və məzmuna uyğun tərtib edilmiş şikayət vasitəsilə). Çünki müvafiq qərardadın ləğv edilməsi barədə tələbə məhkəmə qaydasında həmin qərardaddan verilmiş şikayət əsasında baxıla bilər. Qərardadın ləğvi və ölkədən çıxışa qoyulmuş məhdudiyyətin götürülməsi məsələsinə belə bir ərizə ilə baxılması isə yolverilməzdir, çünki ölkədən çıxışa qoyulmuş məhdudiyyətin aradan qaldırılması məhkəmənin həll etməli olduğu məsələ deyildir. b) Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 151.1. Ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür; Maddə 153.2, 153.2.1. Ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; Maddə 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Maddə 153.5-153.6. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Maddə 267. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir.

10. «İcra haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 84-1.2. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir.

11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimat: 2.8-ci bənd. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra, habelə digər hallarda icra məmuru 24 saat müddətində həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir (Əlavə 3).

12. Qeyd olunanlara əsasən hesab edirəm ki, hazırkı ərizənin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir.

Nəticə:

13. Göstərilənlərə əsasən, “İcra haqqında” Qanunun 84-1.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151, 153.2.1, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİM:

X1 “ölkədən çıxışa qoyulmuş məhdudiyyətin aradan qaldırılması” tələbinə dair ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ) şikayət verilə bilər.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar