Məhkəmə qərarları › İş №8(006)-313/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-313/2023

13.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-313/2023 13.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Tələbkarın nümayəndəsi X1, Borclu iştirakları ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)-3322/2023 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə Borclu ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)-3322/2023 saylı qətnaməsi ilə cavabdeh Borclu xx.xx.2022-ci il tarixli ******* saylı müqavilə üzrə 3072.86 manat ödənilməmiş hissə, 50 manat cərimə, xx.xx.2022-ci il tarixli ******* saylı müqavilə üzrə 506.48 manat ödənilməmiş hissə, 20 manat cərimə olmaqla ümumilikdə 3649.34 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 56 manat alınaraq "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)-3322/2023 saylı qətnaməsinin ayda 50-100 manat olmaqla hissə-hissə icra edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ondan tutulmalı olan pul məbləğini bir dəfəyə ödəməyə maddi imkanı olmadığı üçün məbləğin hissə-hissə ödənilməsi barədə tələbkara müraciət etsə də tələbkar ondan ayda 2 aya məbləgi tam bağlamasını 3700 manatı ödəməsini bildirmişdir. O, 2 körpə uşağa baxdığı üçün çalışa bilmir, yalnız yoldaşı işləyir və ailələrinə baxmaqda çətinlik çəkir. Bu səbəbdən icra sənədi ilə tutulmalı olan pulu bir dəfəyə vermək iqtidarında və durumunda deyildir. Onun hal-hazırda borcdan hər ay 50- 100 manat verməyə imkanı çatır. Gələcəkdə həmin məbləği artıraraq ödəməli olduğu pulu daha tez ödənilməsi üçün də tədbirlər görəcəkdir. Məhkəmə iclasında Borclu ərizəni müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında tələbkarın nümayəndəsi X2 ərizənin təmin olunmamasını xahiş etməklə izahatında bildirdi ki, borcun hissə-hissə hər ay 50-100 manat ödənilməsinə etiraz edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi, qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin hissə-hissə icra olunmasının mümkünlüyünü müəyyən etməklə yanaşı bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətəlayiq hallarından asılı etmişdir. Məhkəmə ilk növbədə borclunun əmlak vəziyyətinin ağırlığını nəzərə almalı, bu zaman həm də tələbkarın əmlak mənafelərini də nəzərdən qaçırmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 04 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 12-ci bəndinə əsasən qətnamənin icrasına möhlət verilməsi, və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlannın və əsas azadlıqların müdafıəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində deyilir ki, mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə «ağlabatan müddət» konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Məhkəmə qətnamənin icrasını mümkünsüz edə bilən borclunun əmlak vəziyyətinin ağırlığı ilə bağlı halların sübuta yetirilmədiyini, həmçinin borcludan tutulmalı olan məbləğin miqdarını, borclu tərəfindən qətnamə icraya yönəldiyi vaxtdan tələbkara olan borcun ödənilməməsini, həmçinin borclu tərəfindən bundan sonra da ayda 50-100 manat olmaqla ödəniləcəyi təqdirdə çox uzun müddətdə ödənilməsini, bunun isə icra işi üzrə tələbkarın maraqlarına və mənafeyinə uyğun olmamasını nəzərə almaqla ərizənin təmin edilməsini ədalətli və ağlabatan hesab etmir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, borclunun qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Borclu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)- 3322/2023 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar