Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-32/2025 25.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Tələbkarın nümayəndəsi Nümayəndə iştirakı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3900/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə izah verilməsi barədə X1nın ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X4 cavabdeh LPO Borclu ASC-yə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, orta aylıq əmək haqqının üç misli miqdarında müavinətin, xx.xx.2022-ci il tarixindəm xx.xx.2023-cü il tarixinə qədər boşdayanmaya görə pul vəsaitinin hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi haqqında barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3900/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilməklə, LPO Borclu ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən X3 orta aylıq əmək haqqının iki misli miqdarında müavinətin ödənilməsi, LPO Borclu ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən X3 xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək tarif (vəzifə) maaşının üçdə iki hissəsi miqdarında əmək haqqının ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. X1 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3900/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3900/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə LPO "AGBank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən X3 orta aylıq əmək haqqının iki misli miqdarında müavinət ödənilməsi, LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən X3 xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək tarif (vəzifə) maaşının üçdə iki hissəsi miqdarında əmək haqqı ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Xətai rayon İcra Şöbəsinə göndərilmişdir. Uzun müddətdən sonra icra sənədinin icrası ilə əlaqədar tələbkarın bank hesabına 1400 manat pul vəsaiti daxil olmuşdur. Qeyd etmişdir ki, tələbkarın vergilər və digər məcburi ödənclər xaric olmaqla sonuncu dəfə aldığı əmək haqqının dərəcəsi 550 manat olmuşdur. Beləliklə, orta aylıq əmək haqqının iki misli (550*2) 1100 manat, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək tarif (vəzifə) maaşının üçdə iki hissəsi isə (366.6*4.5) 1,650 manat etməli idi. Nəticədə qətnamənin tam icrası üçün 2,750 manat ödənilməli idi. Görünən odur ki, borclu yalnız icra sənədinin xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək tarif (vəzifə) maaşının üçdə iki hissəsi miqdarında əmək haqqı hissəsini vergilər və digər məcburi ödəncləri tutulmaqla icra etmiş, lakin həmin icra sənədinin "orta aylıq əmək haqqının iki misli miqdarında müavinət ödənilməsi" hissəsində icra etməmiş, bunu qətnamə çıxan gündən əvvəlki 12 ay ərzində tələbkarın əmək haqqı almaması, analıq məzuniyyətində olması ilə əlaqələndirərək "0 manatın 2 misli 0 manat edir" prinsipi ilə yanaşmış və tələbkarın hüquqlarını pozmuşdur. Əslində isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 28-ci bəndinə əsasən orta gündəlik qazancın hesablanması zamanı iş günlərinin sayından aşağıdakı dövrə düşən iş günləri çıxılmalıdır: əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr; hamiləliyə və doğuma görə verilən məzuniyyət dövrü; uşaq 3 yaşına çatanadək ona qulluq edilməsinə görə verilən məzuniyyət dövrü. Buna görə də orta aylıq əmək haqqının hesablanması borclu tərəfindən “0 manat" dərəcəsi ilə aparıla bilməz. Qətnamə hələ ki icra edilməmişdir. Qətnamə qanuni və əsaslıdır. Qətnamənin mətni çox məntiqli və savadlı şəkildə əsaslandırılmışdır. Buna baxmayaraq qətnamənin nəticəsi hissəsində rəqəmlər əks olunmamış, bu da borcluya geniş mülahizə sərbəstliyi vermişdir. Qətnamədə məbləğin hesablanması üçün rəqəmlər əks olunmadığından, borclu istədiyi məbləği tələbkarın hesabına köçürməklə icra sənədinin icra olunduğunu iddia edir və bununla tələbkarın hüquqlarını pozur. İcra şöbəsi də konkret rəqəmə istinad edə bilmədiyinə görə borclunun barəsində qanunda nəzərdə tutulmuş məsuliyyət tədbirlərini görməkdə tərəddüd edir. Məhkəmə iclasın tələbkarın nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Borclu və Bakı şəhəri Xətai rayon icra şöbəsi ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onların nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. İşdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 230.4-cü maddəsinə əsasən məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3900/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin izah edilməsinə zərurət yaranmışdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən, qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. İş materiallarında olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən Bakı şəhəri Xətai rayon icra şöbəsinə ünvanlanmış məktubda göstərilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3900/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən LPO Borclu ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən X3 xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək tarif (vəzifə) maaşının üçdə iki hissəsi miqdarında əmək haqqı ödənilməsi barədə icra sənədi tam şəkildə ödənilmişdir. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, tələbkarın hesabına ümumilikdı 1440 manat köçürülmüşdür. İş materiallarında olan işdən çıxarılma müavinətinin hesablama cədvəlindən görünür ki, vəzifə maaşı 540 manat, əmək stajına görə hesablanmış işdən çıxma məbləğ 1080 manat göstərilmiş, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək tarif(vəzifə) maaşının üçdə iki hissəsi miqdarında əmək haqqı 360 manat hesablanmışdır. İş materiallarında olan Əmanətlərin Sığortalanma Fondu tərəfindən xx.xx.2024-cü il tarixli məktubundan görünürü ki, X2 xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək tarif (vəzifə) aylıq əmək haqqı 540 (beş yüz qırx) manat təşkil edir. Göründüyü kimi, borclu X2 aylıq əmək haqqı məbləğini müəyyən etməklə, onun yalnız bir aylıq məbləğinin üçdə iki hissəsi miqdarında ödənilməsini təmin etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 157.3-cü maddəsinə əsasən, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3900/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin “LPO Borclu ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən X3 xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək tarif (vəzifə) maaşının üçdə iki hissəsi miqdarında əmək haqqının ödənilməsi” hissəsində izah verilməlidir. Qətnamənin bu hissəsində ödəniş xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək dövrü əhatə edən aylıq əmək haqqı məbləğinin üçdə iki hissəsi miqdarında təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263-264 və 268ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3900/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ikinci abzasına aşağıdakı məzmünda izah verilsin: “LPO Borclu ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən X3 xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək tarif (vəzifə) maaşının üçdə iki hissəsi miqdarında əmək haqqının ödənilməsi” hissəsində ödəniş xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək dövrü əhatə edən tarif (vəzifə) maaşının, yəni əmək haqqının əsas hissəsinin üçdə iki hissəsi miqdarında ödənilməlidir”. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №8(006)-32/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-32/2025
25.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver