Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-321/2025 17.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X7 oğlunun katibliyi ilə, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Elşən Ziyəddinov tərəfindən verilmiş “Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5163/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu MMC-nin rəhbəri Nümayəndə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” təqdimata Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5163/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu MMC-nin rəhbəri Nümayəndə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir.
2. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-5163/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu MMC-nin 24 avqust 2023-cü il tarixli, 05 nömrəli əmri ləğv edilməli və tələbkar X6 əvvəlki iş yerinə bərpa edilməlidir. xx.xx.2023-cü il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı Borclu MMC tərəfindən X5 ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixində Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu MMC-yə göndərilmiş, icra sənədində olan tələbin dərhal təmin edilməsi müəyyən edilmişdir. Lakin, bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb təmin edilməmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Tələbkar X6 şöbəyə ərizə ilə müraciət edərək icra sənədi üzrə işə bu günədək bərpa edilmədiyini bildirmiş və borclunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə Borclu MMC-nin rəhbəri Nümayəndə Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə Ədliyyə Nazirliyi Baş İdarəsinə təqdimat göndərilmişdir. Borclu MMC-nin rəhbəri Nümayəndə xx.xx.2021-xx.xx.2031-ci illər arası C02934672 nömrəli ümumi vətəndaş pasportu ilə xarici ölkələrə getməsi müəyyən edilmiş və onun xarici ölkələrə getməsi icra sənədinin icrasında çətinlik yarada bilər. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.
a) Məhkəmə prosesi:
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Nəsimi rayon İcra şöbəsinin icra məmuru, icra sənədi üzrə tələbkar və borclu məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir.
4. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları: Təqdimata əlavə edilmiş:
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5163/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddianın təmin olunması, cavabdeh Borclu MMC-nin 24 avqust 2023-cü il tarixli, 05 nömrəli əmrinin ləğv edilməsi və iddiaçı X3 əvvəlki iş yerinə bərpa edilməsi, xx.xx.2023-cü il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının Borclu MMC tərəfindən X5 ödənilməsi qət edilmişdir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5163/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, məhkəmə aktı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-1785/2024 saylı qətnaməsinin qəbul edilməsi ilə qanuni qüvvəyə minmiş, xx.xx.2024-cü il tarixdə icra vərəqəsi verilmişdir.
7. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Yasamal rayon İcra şöbəsinin icra məmuru Paşa Paşazadə tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5163/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır.
8. Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Borclu MMCnin rəhbəri Nümayəndə tələbi könüllü icra etməli olması barədə xəbərdar edilmiş, borclu bildirişi xx.xx.2024-cü il tarixdə almasına dair imza etmişdir.
9. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Borclu MMC-nin rəhbəri Nümayəndə Nəsimi rayon İcra şöbəsinə gəlib icra sənədi üzrə tələbi təmin etməsi, əks halda icra sənədini icra etməməyin hüquqi nəticələri barədə xəbərdarlıq göndərilmiş, borclu bildirişi həmin tarixdə almasına dair imza etmişdir.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-3152/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Borclu MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə edilmişdir.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-4469/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Nümayəndə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə edilmişdir.
12. Cinayət məsuliyyətinə cəlb olunması haqqında xx.xx.2025-ci il tarixli sonuncu xəbərdarlıqdan görünür ki, Borclu MMC-nin rəhbəri Nümayəndə 03 gün müddətində icra sənədi üzrə tələbi təmin etməsi, əks halda Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə toplanmış materialların Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat göndəriləcəyi barədə xəbərdar edilmişdir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası üzrə elektron axtarış sistemindən görünür ki, Ali Məhkəmənin 2(102)-2103/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddiaçı X3 cavabdeh Borclu MMC-yə qarşı tələbi üzrə qərardad dəyişdirilmədən saxlanılaraq şikayət təmin edilməmişdir.
14. Borclu MMC-nin rəhbəri Nümayəndə xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli izahatlarından görünür ki, o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5163/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbin ona aydın olduğunu, həmin icra sənədinin Borclu MMC-nin rəhbəri olaraq onun tərəfindən bu günədək edilmədiyini və səbəb kimi icra sənədi üzrə tələbkarın klinikada törətdiyi əxlaqsız hərəkətlərə görə onun işə bərpasının mümkün olmadığını, icra sənədi üzrə tələbin icrasından boyun qaçırmadığını, icra edilmədiyi halda isə məsuliyyətə cəlb olunması barədə rəsmi qaydada xəbərdar edildiyini bildirmişdir. İcra işinin materiallarında olan:
15. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1785/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5163/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
16. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Yasamal rayon İcra şöbəsinin böyük icra məmuru Paşa Paşazadə tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22(004)-5163/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi aidiyyəti üzrə Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir.
17. Cinayət məsuliyyətinə cəlb olunması haqqında xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli sonuncu xəbərdarlıqlardan görünür ki, Borclu MMC-nin rəhbəri Nümayəndə 03 gün müddətində icra sənədi üzrə tələbi təmin etməsi, əks halda Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə toplanmış materialların Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat göndəriləcəyi barədə xəbərdar edilmiş və xx.xx.2025-ci il xəbərdalığı həmin tarixdə almasına dair imza etmişdir.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq idarəsinin rəis müavininə Nəsimi rayon İcra şöbəsi tərəfindən ünvanlanmış təqdimatdan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5163/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu MMC-nin rəhbəri Nümayəndə Azərbaycan Respublikası CM-nin 306.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması xahiş edilmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından çıxarışdan görünür ki, Borclu MMC tərəfindən həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpası rədd edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar və məhkəmənin mövqeyi:
20. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5163/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh Borclu MMC-nin 24 avqust 2023-cü il tarixli, 05 nömrəli əmrinin ləğv edilməsi və iddiaçı X3 əvvəlki iş yerinə bərpa edilməsi, xx.xx.2023-cü il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının Borclu MMC tərəfindən X5 ödənilməsi qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən şikayət vermək üçün ötürülmüş müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilmiş və ərizə təmin edilməmişdir. Həmin qərardaddan verilən şikayət də Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-2103/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
21. Qeyd olunanlardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5163/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş, icra olunması üçün Yasmal rayon İcra şöbəsinə göndərilmiş, daha sonra aidiyyəti üzrə Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir. Dəfələrlə borcluya icra vərəqəsində göstərilən tələbin icra edilməsi barədə xəbərdarlıq edilmiş, bu barədə İXM-nin 528.1, 528-1.1-ci maddələri ilə cərimə edilmişdir. İcra məmurunun icra icraatı zamanı gördüyü tədbirlərə baxmayaraq borclu icra sənədini icra etməmişdir.
22. İcra işinin materiallarından müəyyən edilir ki, borclu MMC-nin rəhbəri hazırda barəsində təqdimatla məhkəməyə müraciət edilən Nümayəndə İcra şöbəsindəki yazılı izahatlarında icra sənədində göstərilən tələblərin ona aydın olduğunu və şirkət rəhbəri olaraq icra sənədinin onun tərəfindən bu günədək edilmədiyini və səbəb kimi icra sənədi üzrə tələbkarın klinikada törətdiyi əxlaqsız hərəkətlərə görə onun işə bərpasının mümkün olmadığını, icra sənədi üzrə tələbin icrasından boyun qaçırmadığını, icra edilmədiyi halda isə məsuliyyətə cəlb olunması barədə rəsmi qaydada xəbərdar edildiyini bildirmişdir.
23. Məhkəmə iclasında borclu Nümayəndə bildirmişdir ki, Ali Məhkəmə hansı qərarı qəbul etsə, ona uyğun hərəkət edəcək. Buna baxmayaraq, hələ də borclu məhkəmə qətnaməsinin icrasını həyata keçirməmişdir.
24. Məhkəmə göstərilənləri ümumiləşdirərək hesab edir ki, qanuni qüvvəsini almış məhkəmə aktı əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda heç bir üzrlü səbəb olmadan icra edilməməsi və könüllü icra müddətinin bitməsindən kifayət qədər müddət keçməsi müəyyən edildiyindən, həmin icra sənədinin icrasının təmin edilməsi və tələbkarın hüquqlarının pozulmasının qarşısının alınması məqsədilə borclu hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədəmüvafiqdir.
c) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:
25. «İcra haqqında» Azərbaycan Respublikası Qanunu: 3.1-ci maddə. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 84-1.1-ci maddə. İcra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal “Elektron məhkəmə” informasiya sistemindən “Elektron icra” informasiya sisteminə ötürülür. “Elektron icra” informasiya sistemi vasitəsilə bu barədə dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq edilir, bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat verilir, o cümlədən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 231.3, 231.3-1-ci maddə. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması , habelə borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Məhkəmə borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata onun daxil olduğu vaxtdan 5 iş günü müddətində, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə və icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara onların daxil olduğu vaxtdan 10 iş günü müddətində baxır. 231.4-cü maddə. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadı qəbul edildikdən sonra dərhal qüvvəyə minir və qərardaddan şikayətin verilməsi onun icrasını dayandırmır.
27. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5163/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu MMC-nin rəhbəri Nümayəndə (FİN: xxxxxxx) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.
Nəticə:
28. Yuxarıda qeyd olunanlara əsasən, «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5163/2023 nömrəli, xx.xx.2023-cü il tarixli sənədi üzrə Borclu MMC-nin rəhbəri Nümayəndə (FİN: xxxxxxx) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Nəsimi rayon İcra şöbəsinə həvalə edilsin və dərhal icra edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim: Günay Abidova