Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-325/2023 04.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Tələbkarın nümayəndəsi X1, Borclu, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Rüfət Şıxəliyevin iştirakları ilə Borclu Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Rüfət Şıxəliyevin “borclunun əmlakının üzərinə həbsin qoyulması haqqında” xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu tərəfindən şikayət verilərək Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli “borclunun əmlakının üzərinə həbsin qoyulması haqqında” qərarının ləğv edilməsinə dair qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2493/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 4946,8 AZN pul və 73.8 AZN məbləğində dövlət rüsumu tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. Nəsimi rayon İcra şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Rüfət Şıxəliyev tərəfindən “borclunun əmlakının üzərinə həbs qoyulması haqqında” 24 avqust 2023-cü il tarixli qərar qəbul edilərək mülkiyyətimdə olan “Chevrolet Aveo” minik markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Həmin qərar xx.xx.2023-cü il tarixdə DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyatimtahan idarəsinə göndərilmişdir. Həmin avtomobili o, kreditlə almış və hələ də kreditini bağlaya bilməmişdir. İcra vərəqəsinin verilməsinə əsas olmuş qətnaməni mübahisələndirmək üçün nəzrdə tutlmuş 1 aylıq prosessual müddəti də buraxmış, əslində onun tələbkara olan borcu qət edilən məbləğin yarısı belə deyildir. Avtomobilimin üzərinə həbs qoyulduqdan sonra yol polisi hər dəfə onu saxlayaraq, nəqliyyat vasitəsini duracağa yerləşdirir və sonradan qanunun tələblərini izah etdikdən sonra buraxır. Lakin bu süründürməçilik onun öz mülkiyyətində olan nəqliyyat vasitəsini sərbəst və maneəsiz istifadə etməyimə əngəllər törədir. Hesab edir ki, mülkiyyətində olan “Chevrolet Aveo” minik markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması qanunsuzdur və onun mülkiyyət hüquqlarını pozur. İcra məmuru qanunun tələblərinə əsasən yalnız əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsini ehtiva edən həbs qərarı çıxara bilərdi. Eyni zamanda icra məmuru məhkəmə qərarı olmadan yalnız yuxarıda qeyd etdiyi məhdud hallarda özü əmlakının üzərinə həbs qoya bilərdi. Qanunda qeyd edilmiş həmin hallar isə hazırki işdə mövcud deyildir. Bu baxımdan da həmin qərar əsassızdır. Məhkəmə iclasında tələbkarın nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardır və o, icra olunmalıdır. Borcu 4 aydan artıq bir müddətdir ki, borcunu ödəməkdən qərəzli olaraq yayınır. Ona görə də, şikayətin rədd olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Borcluizahat verərək bildirmişdir ki, bundan öncə o, "xxxx" MMC-dən dəfələrlə kreditlə əşyalar götürmüş və vaxtlı-vaxtında da ödəmişdir. Sonuncu dəfə isə “İphone Pro” markalı mobil telefon götürmüş, lakin hazırda həbsxanada olan həyat yoldaşı həmin mobil telefonu lombarda qoymuşdur. Nəticədə o, borcunu ödəyə bilməmişdir. Üzərinə həbsin qoyulmuş avtomobil onun mülkiyyətində olsa da, girovdadır və kreditlə alınmışdır. Borcu bağlanmamışdır. Həmin avtomobillə o, pul qazanır. Həmin avtomobil olmasa, borcunu qaytara bilməz. Qeyd olunanlara əsasən şikayətinin təmin olunmasını və həmin avtomobil üzərinə qoyulmuş həbsin götürülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Nəsimi rayon İcra şöbəsinin İcra məmuru Rüfət Şıxəliyev bildirmişdir ki, borclu tərəfindən məhkəmə qətnaməsi ilə müəyyən olunmuş borc ödənilməmişdir. Ona görə də, mülkiyyətində olan avtomobil üzərinə qanuni olaraq həbs qoyulmuşdur. Şikayətin təmin olunmaması barədə qərardad qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə Borclu tərəfindən verilmiş şikayət ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Eyni Qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin Qanunun 43-cü maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biridir. Göstərilən Qanunun 44.1.3-cü maddəsində qeyd edilir ki, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarından biridir. Qeyd olunan Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Qanunun mənasına görə borclu icra sənədini könüllü icra etmədikdə məcburi icra hərəkətləri başlayır ki, məcburi icra hərəkətlərinin həyata keçirilmə ardıcıllığına uyğun icra edilməlidir. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakının üzərinə həbs qoyulmasından ibarətdir. Məhkəmə hesab edir ki, işin bütün halları nəzərə alınmaqla, icra məmuru tərəfindən qəbul edilmiş qərar əsaslı olmuşdur. Məhkəmə hesab edir ki, Borclu tərəfindən verilmiş şikayət əsassızdır, borcun ödənilməsində çətinliyin yaranması hələ əmlakın üzərinə həbsin qoyula bilməməsi anlamını daşımamalı və bu halda icra məmuru “borclunun əmlakının üzərinə həbsin qoyulması haqqında” xx.xx.2023-cü il tarixli qərarı qəbul etməkdə haqlı olmuşdur. Gösərilənlərə əsasən Borclu “borclunun əmlakının üzərinə həbsin qoyulması haqqında” xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Borclu “borclunun əmlakının üzərinə həbsin qoyulması haqqında” xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayət təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəf 10 (on) gün müddətində işə baxan Nəsimi Rayon Məhkəməsinə şikayət verə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №8(006)-325/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-325/2023
04.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver