Məhkəmə qərarları › İş №8(006)-325/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-325/2024

03.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-325/2024 03.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi ilə, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Arzu Abdullayev tərəfindən verilmiş “Nəsimi Rayon Məhkəməsinin e-2(006)-963/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” təqdimata Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-963/2024 nömrəli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir.

2. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılmış Nəsimi Rayon Məhkəməsinin e-2(006)-963/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, Borclu cəmi 11.734,86 manat pul, 124 manat dövlət rüsumu, 0,40 manat bank xidmət haqqı tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə verilməli, 98 manat məhkəmə ekspertizası xərci isə Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İcraata başlamaq haqqında qərarın surəti bildirişlə borcluya göndərilmiş, tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin həmin müddət ərzində borclu tələbi könüllü təmin etmədiyi üçün onun əmlak vəziyyətini yoxlamaq məqsədilə aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Təqdimat verilən tarixədək icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Buna görə də icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.

a) Məhkəmə prosesi:

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Nəsimi rayon İcra şöbəsinin icra məmuru, icra sənədi üzrə tələbkar (nümayəndəsi) və borclu məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-963/2024 nömrəli icra vərəqəsindən görünür ki, qətnamə xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almış, xx.xx.2024-cü il tarixdə icra vərəqəsi verilmişdir.

7. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-963/2024 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. “Tanış oldum” yazısının yanında xx.xx.2024-cü il tarixi qeyd edilmiş və imza edilmişdir.

8. Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Borclu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-963/2024 nömrəli icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. “Tanış oldum” yazısının yanında xx.xx.2024-cü il tarixi qeyd edilmiş və imza edilmişdir.

9. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Borclu mülkiyyətində daşınar və daşınmaz əmlaklar yoxdur.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar və məhkəmənin mövqeyi:

10. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-963/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu həmin icra sənədindən xəbərdar olduğu halda, icra sənədində göstərilən tələbi təmin etməmişdir. Borclunun mülkiyyətində tələbin yönəldilə biləcəyi heç bir əmlak olmadığından məhkəmə hesab edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədinin icrasının təmin edilməsi və tələbkarın hüquqlarının pozulmasının qarşısının alınması məqsədilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədə müvafiqdir.

c) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:

11. «İcra haqqında» Azərbaycan Respublikası Qanunu: 3.1-ci maddə. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 84-1.1-ci maddə. Məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 231.3-cü maddə. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması , borclunun ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. 231.2-ci maddə. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur.

13. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-963/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu (FİN: xxxxxxx) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalı, qərardadın icrası Nəsimi rayon İcra şöbəsinə həvalə edilməlidir.

Nəticə:

14. Yuxarıda qeyd olunanlara əsasən, «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Təqdimat təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-963/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu (FİN: xxxxxxx) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Nəsimi rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar