Məhkəmə qərarları › İş №8(006)-337/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-337/2022

28.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-337/2022 28.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Tələbkarın nümayəndəsi X3, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X4 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3952/2020 saylı icra sənədi üzrə «borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi» barədə Bakı şəhər Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X4 təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X6 məhkəməyə təqdimatla müraciət edərək, borclu X5 məxsus olan «Opel Astra» minik markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3952/2020 saylı icra sənədinə əsasən borclu X1 cəmi 3.739,82 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq Tələbkar QSCyə ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qaydada icraya yönəldilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlak vəziyyətini öyrənmək üçün aidiyyatı təşkilatlara sorğu ilə müraciət edilmiş, borclu X2 adına «Opel Astra» minik markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. Tələbin əmlaka yönəldilməsi üçün təqdimatla Nəsimi Rayon Məhkəməsinə müraciət olunmuş və məhkəmənin 8(006)-226/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə borclu X2 adına olan «Opel Astra» minik markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş üzrə tələbkar “X11 Edilməsi Agentliyi” MMC xx.xx.2022-ci il tarixli məktub ilə şöbəyə müraciət edərək, iş üzrə borclu Əsgər Abdullayevlə müəyyən razılıq əldə olunduğu və icra sənədini ”İcra haqqında” Qanununun 23.1.1-ci maddəsinə əsasən məhkəməyə qaytarılmasını xahiş etmişdir. Qeyd olunan icra sənədi icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ilə “İcra haqında” Qanununun 23.1.1ci maddəsinə əsasən məhkəməyə qaytarılmışdır. Qeyd olunanlara əsasən, borclu X5 məxsus «Opel Astra» minik markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X6 məhkəmə iclasında təqdimatı müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3952/2020 saylı icra sənədi üzrə borcludan ümumilikdə 3.739,82 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq tələbkara ödənilməlidir. Qeyd edilən icra sənədi üzrə tərəflər arasında razılıq əldə edilmiş və bank tərəfindən İcra şöbəsinə müraciət edilərək, icra sənədinin onu vermiş məhkəməyə qaytarılması xahiş edilmişdir. Tələbkarın ərizəsinə əsasən qeyd edilən icra sənədi məhkəməyə qaytarılmışdır. Hesab edir ki, icra sənədi onu vermiş məhkəməyə qaytarıldığından, həmin icra sənədi ilə əlaqədar borclunun əmlakı üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsasən təqdimatın təmin edilməsini xahiş etdi. Tələbkarın nümayəndəsi X7 izahat verərək bildirdi ki, borclu hər ay mütəmadi olaraq banka olan borcunu ödəyəcəyini vəd etmiş və bunun əsasında bankla borclu arasında razılıq əldə edilmişdir. Həmin razılıq əsasında da bank İcra şöbəsinə müraciət edərək, icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Borclu tərəfindən banka olan borcdan ödənişlər edilsə də, borc məbləği tam ödənilməmişdir. Göstərilənlərə əsasən təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə borcluya məlumat verilməsinə baxmayaraq, borclu naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2ci maddəsinə əsasən borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, icra məmurunun və tələbkarın nümayəndəsinin izahatlarını dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, həmçinin hazırki işin obyektiv və hərtərəfli araşdırılması məqsədilə tələb edilmiş e21863/2021-5-34 saylı icra işində olan sənədlərə baxış keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3952/2020 saylı icra sənədindən görünür ki, iddia təmin edilməli, xx.xx.2014-cü il tarixli 03 saylı kredit müqaviləsi və xx.xx.2014-cü il tarixli 44 saylı kredit müqaviləsi üzrə 3.476 manat əsas kredit borcu, 263 manat 82 qəpik faiz olmaqla, cəmi 3.739 manat 82 qəpik pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh X1 tutularaq iddiaçı Tələbkar QSC-yə ödənilməlidir. Təqdimata əlavə olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)-226/2022 saylı qərardadı ilə təqdimatın təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3952/2020 saylı icra sənədi üzrə borclu X2 mülkiyyətində olan «Opel Astra» minik markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması qərara alınmışdır. Təqdimata əlavə olunmuş tələbkar “X11 Edilməsi Agentliyi” MMC tərəfindən Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 3648 saylı ərizədən görünür ki, tələbkar tərəfindən “İcra haqqında” Qanunun 23.1.1-ci maddəsinə istinad edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)- 3952/2020 saylı qətnaməsi üzrə icra tədbirlərinin dayandırılması və icra sənədinin məhkəməyə geri qaytarılması xahiş edilmişdir. Təqdimata əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra sənədinin qaytarılması haqqında xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3952/2020 saylı icra sənədinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə vurğulayır edir ki, yuxarıda qeyd edildiyi kimi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3952/2020 saylı icra sənədi üzrə borclu X2 tələbkara ümumilikdə 3.769,82 manat (3.739,82 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu) borcunun olduğu müəyyən edilmişdir. Qeyd edilən icra sənədi üzrə icra tədbirləri həyata keçirilərkən, bank tərəfindən ərizə ilə İcra şöbəsinə müraciət edilmiş və icra sənədi üzrə icra tədbirlərinin dayandırılaraq, onu vermiş məhkəməyə qaytarılması xahiş edilmişdir. Ərizədə tərəflər arasında razılığın əldə edildiyi qeyd edilmiş və məhkəmə iclasında iştirakı təmin edilmiş tələbkarın nümayəndəsi bir daha bu faktı təsdiq etmişdir. Eyni zamanda, tələbkarın nümayəndəsi öz çıxışında icra sənədinin icrasız qalmadığını və borclunun banka olan borcundan ödənişlər etdiyini məhkəmənin diqqətinə çatdırmışdır. Məhkəmə qeyd edir ki, borcluya məxsus əmlak üzərinə həbs yalnız məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(006)-3952/2020 saylı icra sənədi üzrə tələbin təmin edilməsi məqsədilə qoyulmuşdur. Hazırda tərəflər arasında mübahisə mövcud olmadığından, qeyd edilən icra sənədi isə məhkəməyə geri qaytarıldığından, eyni zamanda əmlak üzərinə həbsin qoyulması ilə əlaqədar təşəbbüs göstərmiş icra məmuru hazırda həmin həbsin götürülməsi ilə əlaqədar məhkəməyə müraciət etdiyindən, təqdimat təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3952/2020 saylı qərardadı ilə borclu X5 məxsus «Opel Astra» minik markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263-264-cü maddə maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3952/2020 saylı qərardadı ilə borclu X5 məxsus «Opel Astra» minik markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar