Məhkəmə qərarları › İş №8(006)-337/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-337/2024

27.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-337/2024 27.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 mart 2024-cü il tarixli, 2(103)- 1149/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair X1 tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 mart 2024-cü il tarixli, 2(103)-1149/2024 saylı qətnaməsinin hissə-hissə, yəni hər ay 300 (üç yüz) manat icra edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının18 mart 2024-cü il tarixli, 2(103)-1149/2024 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin 25 aprel 2022ci il tarixli qətnaməsinin apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməsi həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin qismən təmin edilməsi və cavabdehdən 8.815 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamədən hər iki tərəf kassasiya şikayəti vermiş və hər iki tərəfin kassasiya şikayətləri təmin edilməmişdir. Bundan sonra qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. İcra mərhələsində ərizə ilə müraciət edərək hal-hazırda yeganə qazanc mənbəyi olan əmək haqqına yönəldilməsini xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, maddi imkanı yaxşılaşan kimi icra sənədini birdəfəlik icra edəcəkdir. İcra məmuru tərəfindən ərizəsi icra işinə əlavə edilmişdir. Lakin hal-hazırda icra sənədini birdəfəlik icra etmək imkanı yoxdur. Həmçinin, icra sənədinin icrasından yayınmır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının18 mart 2024-cü il tarixli, 2(103)-1149/2024 saylı qətnaməsini hissə-hissə, yəni hər ay 300 manat olmaqla icra etməyi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Qeyd edilir ki, tələbkar onun keçmiş həyat yoldaşıdır. Onunla birgə nikahlarından 1 qız övladları vardır. Övladlarının səhhətində ciddi xəstəlik var. Hal-hazırda övladının səhhəti ilə əlaqədar maddi imkanı zəifdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən qətnamənin icrasına möhlət vermə və ya qətnaməni hissə-hissə icra edilməsinə dair ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Belə olan halda məhkəmə hazırkı ərizəyə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsinə əsaslar müəyyən edilmədiyindən, ərizə rədd edilməlidir. Belə ki, ərizənin mahiyyətindən göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının18 mart 2024-cü il tarixli, 2(103)-1149/2024 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin 25 aprel 2022-ci il tarixli qətnaməsinin apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməsi həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin qismən təmin edilməsi və cavabdehdən 8.815 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qanunun mənasından da göründüyü kimi, qanunverici qətnamənin icrasına möhlət verilməsini və ya onun hissə-hissə icra edilməsini, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirərək, eləcə də hansı halların “digər hallara” aid edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Bu baxımdan, məhkəmə qeyd edir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi mahiyyət etibarı ilə məhkəmə qərarının icrasının məcburiliyini nəzərdə tutan konstitusion pirinsipin məhdudlaşdırılmasına, eləcə də tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə halların tətbiqi müstəsna xarakter daşımalı və işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2015-ci il tarixli qərarının 12-ci bəndində göstərilmişdir ki, “məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Həmin Qərara əsasən, borclunun əmlak vəziyyətini nəzərə almaqla qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yalnız o halda mümkün sayıla bilər ki, məhkəməyə möhlət müddətinin sonunda və ya qətnamənin hissəhissə icrası zamanı icra edilməli hissələrin icra müddəti çatdıqda borclunun qətnaməni icra etmək üçün kifayət qədər əmlaka malik olacağı barədə sübut təqdim edilmiş olsun. Göründüyü kimi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq edilə bilər. Lakin qeyd edilən məsələlər həll edilərkən təkcə borclunun deyil, habelə tələbkarın da mənafeyi nəzərə alınmalıdır. Göründüyü kimi hazırki iş üzrə X1 tərəfindən məhkəmə qətnaməsinin icraya yönəldilməsindən sonra keçən müddət ərzində borcun ödənilməsinə dair heç bir tədbir həyata keçirilməmişdir. Hazırda ərizədə sadalananlar borclunun məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsi üçün kifayət qədər yetərli əsaslar deyildir. Bundan başqa, borclu özünün maddi imkanının aşağı olması, uşağının səhhətində ciddi xəstəlik olması barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bundan əlavə isə həmçinin, tələbkar da öz növbəsində qətnamə ilə müəyyən edilmiş ödənişin hissə-hissə icra edilməsinə razılıq verməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülkiprosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. «İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin icra məmurlarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Konvensiyanın 6-cı maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq” qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir.” Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər. (“Burdov Rusiyaya qarşı”, şikayət №59498/000. ECHR.2002). Məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icraya yönəldiyi vaxtdan bugünə kimi əsaslı tədbirlər görmədiyini, borc məbləğinin kifayət qədər yüksək olması və buna görə də borclu tərəfindən hissə-hissə ödəmə aparmaqla məhkəmə qətnaməsinin icrasının uzun müddət davam edəcəyini, bununla da tələbkarın dövlət tərəfindən təminat verilən «ədalətli məhkəmə baxışına olan hüququ»nun pozulacağını və tələbkar tərəfin buna razı olması barədə heç bir münasibət bildirməməsini, borclunun rəsmi iş yeri olmaqla əmək haqqsının olmasını nəzərə alaraq, hesab edir ki, ərizə əsassızdır və rədd olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 mart 2024-cü il tarixli, 2(103)-1149/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair X1 tərəfindən verilmiş ərizə rədd edilsin. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar