Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-341/2024 24.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli 8İ-17870 saylı icra sənədinin qaytarılması haqqında qərarının ləğv edilməsi barədə tələbkar BOKT "xxxx" MMC tərəfindən verilmiş şikayət ərizəsinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar BOKT "xxxx" MMC məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli 8İ-17870 saylı icra sənədinin qaytarılması haqqında qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən Borclu barəsində 8İ-17870 saylı xx.xx.2023-cü il tarixli icra qeydi verilmişdir. Həmin icra qeydinə əsasən borcludan cəmiyyətin xeyrinə ümumilikdə 130 manat məbləğində pul tutulmalıdır. Həmin icra sənədi Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin (bundan sonra “şöbə") icraatına daxil olmuş və icra məmuru “İcra haqqında“ Azərbaycan Respublikası Qanununun (bundan sonra "Qanun") 23.1.3-cü maddəsinin tələblərini rəhbər tutaraq icra sənədinin qaytarılmasına dair xx.xx.2024-cü il tarixli qərar qəbul etmişdir. Hesab edirlər ki, şöbənin icra sənədinin qaytarılması haqqında qərarı qanunsuz və əsassızdır. Belə ki, Qanunun 23.1 və 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2- 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Şöbənin icra məmuru qərarını onunla əsaslandırıb ki, aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş və borclunun mükiyyətində heç bir əmlak aşkar edilməmişdir. Həmçinin borclunun yaşadığı mənzilə əmlak siyahıya alınması məqsədilə baxış keçirilmiş, tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmamış və bu barədə akt tərtib olunmuşdur. Bununla bağlı ilk olaraq bildirirlər ki, qanunvericiliyə zidd olaraq borclunun yaşadığı mənzildə tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlakın aşkar olunmamasına dair tərtib edilmiş akt barədə tələbkara məlumat verilməmişdir. Həmçinin borclunun axtarışı ilə bağlı heç bir tədbir görməmişdir. Bundan başqa, Qanunun 23.1.3-cü maddəsinin tələblərinə əsasən icra məmuru tərəfindən borclunun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün tədbirlər görülməmiş və qərarda görülmüş bütün tədbirlərin nəticə vermədiyi qeyd olunmamışdır. Halbuki, qanunvericiliyə görə icra sənədi yalnız borclunun tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün tədbirlər nəticə vermədikdə icra qeydini tələbkara qaytara bilər. Ümumilikdə isə demək olar ki, bu icra işi uzrə icra məmurunun fəaliyyəti yalnız kabinetdən müəyyən sorğuların göndərilməsindən ibarət olmuşdur. İcra tədbirləri yalnız şablon üzrə sorğuların göndərilməsindən (ümumi məlumat sisteminə daxil olmasından) ibarət deyildir. Nəzərə almaq lazımdır ki, borc məbləği nə 10.000 manat, nə də ki, 1.000 manatdır. İcra məmuru üçün borcludan borc məbləğinin hissə-hissə belə tutulması mümkünsüz işə çevrilmişdir. Yəni borcludan tutulmalı olan məbləğinin cəmi 130 manat təşkil etdiyini nəzərə alaraq hesab edirlər ki, icra məmuru tərəfindən həmin məbləğin heç olmasa qismən də ödənilməsini təmin edə biləcək hər hansı əmlakın aşkar olunmaması ağlabatan deyil. Ən azı borclunun istifadəsində olan mobil telefonunun dəyəri və ya mobil operatordan onun hər ay telefonuna nə qədər pulun yüklənməsini müəyyən etsə borclunun kredit borcunun rahat şəkildə ödəmə qabiliyyətində olması aşkar olar. Bu da onu göstərir ki, icra məmuru öz vəzifələrini lazımınca yerinə yetirməmiş, borclu isə borcu ödəməkdən qərəzli olaraq yayınmışdır. Qanunun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qərarın surəti tələbkara xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Tələbkar BOKT "xxxx" MMC tərəfindən məhkəməyə ərizə ünvanlanıb, şikayət ərizəsini müdafiə etdikləri bildirilmiş və şikayət ərizəsinə onların iştirakı olmadan baxılıb təmin edilməsi xahiş edilmişdir. Məhkəmə tələbkarın hazırki ərizəsini nəzərə alıb, tələbkar tərəfin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, borclu və icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də, məhkəmə şikayət ərizəsinə borclunun və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını, eləcə də şikayət ərizəsinin tam, hərtərəfli və obyektiv araşdırılması baxımından tələb edilmiş e265472/2023-5-34-001 saylı icra işində olan sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Bakı şəhəri 43 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli reyestrdə 8İ-17870 nömrə ilə qeyd edilmiş icra qeydinə əsasən BOKT "xxxx" MMC-nin xeyrinə Borclu **********3 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 57,50 manat, hesablanmış 47,50 manat cərimə, ödənilmiş 25 manat dövlət rüsumu olmaqla, ümumilikdə 130 manat pul tutulmalıdır. - Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarına əsasən Bakı şəhəri 43 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 8İ- 17870 saylı icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə borclunun ünvanına e265472/2023-5-34-004 saylı bildiriş göndərilmişdir. - Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin əməkdaşları və cəlb edilmiş hal şahidlərinin iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli akta əsasən Bakı şəhəri 43 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 8İ-17870 saylı icra sənədinin icrası ilə əlaqədar ünvan 1 ünvanda borclunu tapmaq mümkün olmamışdır. - Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərarına əsasən borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-in, qiymətli kağızın, əmanətin olub-olmaması və təqaüd alıb-almaması barədə aidiyyəti orqan və təşkilatlara sorğuların göndərilməsinə baxmayaraq, borclunun mülkiyyətində hər hansı bir əmlak aşkar edilmədiyinə görə Bakı şəhəri 43 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 8İ-17870 saylı icra sənədinin qaytarılması qərara alınmışdır. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılmış halları ilə müəyyən edilir ki, Bakı şəhəri 43 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 8İ-17870 saylı icra sənədinə əsasən BOKT "xxxx" MMC-nin Borclu barəsində 130 manat məbləğində icra edilməmiş tələbi mövcuddur. Tələbin icra edilməsi məqsədilə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsində icraata başlanılmış və e265472/2023-5-34-001 saylı icra işi aparılmışdır. Lakin icraata başladıqdan bir qədər sonra icra məmuru tərəfindən Bakı şəhəri 43 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 8İ-17870 saylı icra sənədinin qaytarılmasına dair qərar qəbul edilmiş, qərarı qəbul edərkən icra məmuru borcluda tələbin yönəldilə biləcəyi daşınar və yaxud daşınmaz əmlakının və gəlirlərinin olmamasına istinad etmiş və icra sənədinin “İcra haqqında” Qanunun 23.1.2-ci və 23.1.3-cü maddələrinə əsasən geri qaytarılmalı olması qənaətinə gəlmişdir. Tələbkar isə icra məmuru tərəfindən qəbul edilmiş qərarın əsassız olmasına istinad etməklə, sözügedən qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə hazırki vəziyyətdə tələbkarın şikayət ərizəsinin dəlilləri ilə razılaşaraq hesab edir ki, şikayət ərizəsi təmin edilməlidir. Belə ki, icra işində olan sənədlərə baxış keçirdikdə icra məmurunun icra sənədinin icrası ilə əlaqədar icraata başlamaq haqqında qərar qəbul etməklə yanaşı elektron icra informasiya sistemində sorğunun edildiyi, eləcə də xx.xx.2024-cü il tarixdə aktın tərtib edildiyi müəyyən olunur. Lakin elektron informasiya sistemində sorğu edilməsi ilə yanaşı borclunun təkcə iş yerinin deyil, eləcə də başqa gəlirlərinin olması və sair ilə bağlı aidiyyəti qurumlara müraciət etməsi, müraciətinə hər hansı bir cavab almaması, borclunun axtarışı istiqamətində tədbir görməsi, axtarış müsbət nəticə verdiyi halda icra sənədinin icrası ilə bağlı borclunun izahatını alması və bu kimi digər tədbilər görməsini işdə olan sənədlərin məcmusu ilə müəyyən etmək mükün olmamışdır. Halbuki, “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icra xidmətinin icra məmuru icra ilə əlaqədar icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.2-ci maddəsinə əsasən borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Məhkəmə hesab edir ki, icra sənədi üzrə yerinə yetirilməli olan tələb az miqdar təşkil etdiyi və icra edilə bilən olduğu halda, icra məmurunun zəruri icra tədbirləri görmək əvəzinə icra sənədini qaytarması işi kifayət qədər araşdırmadığına dəlalət edir. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda göstərilən hallara görə şikayət ərizəsi əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri 43 saylı Notariat Ofisinin xx.xx.2023cü il tarixli 8İ-17870 saylı icra sənədinin qaytarılması haqqında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 qərarı ləğv edilməli, Bakı şəhəri 43 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 8İ-17870 saylı icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət ərizəsi təmin edilsin. Bakı şəhəri 43 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 8İ-17870 saylı icra sənədinin qaytarılması haqqında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 qərarı ləğv edilsin. Bakı şəhəri 43 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 8İ-17870 saylı icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №8(006)-341/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-341/2024
24.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver