Məhkəmə qərarları › İş №8(006)-342/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-342/2024

25.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-342/2024 25.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin 8İ-8334 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarının ləğvi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə X8 Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş “icra sənədinin qaytarılması haqqında qərardan” şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “icra sənədinin qaytarılması haqqında qərardan” şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin 8İ-8334 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarının ləğvi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 54 saylı notariat ofisi tərəfindən Borclu barəsində 8İ-8334 saylı, 27.11,2023-cü il tarixli icra qeydi verilmişdir. Həmin icra qeydinə əsasən borcludan cəmiyyətin xeyrinə ümumilikdə 119 (yüz on doqquz) manat məbləğində pul tutulmalıdır. Həmin icra sənədi Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icraatına daxil olmuş və icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra “Qanun”) 23.1.3-cü maddəsinin tələblərini rəhbər tutaraq icra sənədinin qaytarılmasına dair xx.xx.2024-cü il tarixli qərar qəbul etmişdir. Aşağıdakı səbəblərə görə hesab edilir ki, Şöbənin icra sənədinin qaytarılması haqqında qərarı qanunsuz və əsassızdır. Belə ki, Qanunun 23.1, 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2-23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Şöbənin icra məmuru qərarını onunla əsaslandırıb ki, aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. Həmçinin borclunun yaşadığı mənzilə əmlak siyahıya alınması məqsədilə baxış keçirilmiş, tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmamış və bu barədə akt tərtib olunmuşdur. Bununla bağlı ilk olaraq bildirilir ki, qanunvericiliyə zidd olaraq borclunun yaşadığı mənzildə tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlakın aşkar olunmamasına dair tərtib edilmiş akt barədə tələbkara məlumat verilməmişdir. Həmçinin, borclunun axtarışı ilə bağlı heç bir tədbir görməmiş, onun həbsdə olub-olmamasını, orada işləyib-işləməməsini yoxlamamışdır. Bundan başqa, Qanunun 23.1.3-cü mədəsinin tələblərinə əsasən icra məmuru tərəfindən borclunun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün tədbirlər görülməmiş və Qərarda görülmüş bütün tədbirlərin nəticə verilmədiyi qeyd olunmamışdır. Halbuki, qanunvericiliyə görə icra sənədi yalnız borclunun tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün tədbirlər nəticə vermədikdə icra qeydini tələbkara qaytara bilər. Ümumilikdə isə demək olar ki, bu icra işi üzrə icra məmurun fəaliyyəti yalnız kabinetdən müəyyən sorğuların göndərilməsindən ibarət olmuşdur. İcra tədbirləri yalnız şablon üzrə sorğuların göndərilməsindən (ümumi məlumat sisteminə daxil olmasından) ibarət deyildir. Nəzərə almaq lazımdır ki, borc məbləği nə 10.000 manat, nə də ki, 1.000 manatdır. İcra məmuru üçün borcludan borc məbləğinin hissə-hissə belə tutulması mümkünsüz işə çevrilmişdir. Yəni borcludan tutulmalı olan məbləğin cəmi 119 manat təşkil etdiyini nəzərə alaraq hesab edilir ki, icra məmuru tərəfindən həmin məbləğin heç olmasa qismən də ödənilməsini təmin edə biləcək hər hansı əmlakın aşkar olunmaması ağlabatan deyil. Ən azı borclunun istifadəsində olan mobil telefonun dəyəri və ya mobil operatordan onun hər ay telefonuna nə qədər pulun yüklənməsini müəyyən etsə, borclunun kredit borcunun rahat şəkildə ödəmə qabiliyyətində olması aşkar olar. Bu da onu göstərir ki, icra məmuru öz vəzifələrini lazımınca yerinə yetirməmiş, borclu isə borcu ödəməkdən qərəzli olaraq yayınmışdır. İş üzrə X8 Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X7 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, tərəflərindən verilmiş şikayəti müdafiə edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X3 tərəfindən qəbul edilən xx.xx.2024-cü il tarixli “icra sənədinin qaytarılması haqqında” Qərardan görünür ki, icra sənədi üzrə Borclu 119 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə şöbənin icraatına daxil və müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar və bildiriş icra edilməsi üçün borclunun icra sənədində qeyd edilən ünvanına göndərilmişdir. “Elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-nin, qiymətli kağızın, əmanətin olub-olmaması, təqaüd alıb-almaması, gəlirləri barədə sorğular edilmiş və borclunun mülkiyyətində heç bir əmlak və gəlirlər aşkar edilməmişdir. Həmçinin, Borclu icra sənədində göstərilən Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi, ev 173, mənzil 5 ünvanına baxış keçirilmiş, lakin ünvanda tələbin yönələ biləcəyi hər hansı əmlak aşkar olunmamış və bu barədə akt tərtib edilmişdir. Eyni zamanda borclunun valideynlərinin bildirdiyinə görə Borclu həbsdədir. Odur ki, qeyd edilənləri nəzərə alaraq icra sənədinin "xxxx" MMC-yə qaytarılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri 54 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən aparılan 27 noyabr 2023-cü il tarixli, 8İ-8334 nömrəli İcra qeydindən görünür ki, Borclu 52 manat 60 qəpik tutulması, bundan əlavə Borclu 31 manat 40 qəpik məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu, 5 manat 00 qəpik əlavə xidmət haqqı və poçt vasitəsi ilə vətəndaşa göndərilən bildirişə görə 5 manat 00 qəpik olmaqla, cəmi 119 manat 00 qəpik pul tutulması təklif edilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən icra sənədi icra haqqında qanunvericilikdə nəzərdə tutulmuş bütün zəruri icra tədbirləri həyata keçirilmədən geri qaytarıldığından Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.4-cü maddəsinə əsasən icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə, həmin qərarı ləğv edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli qərarında göstərilmişdir ki, icra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. İcra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 23.1 və 23.1.3-cü maddələrinin tələblərinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2- 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Göründüyü kimi mübahisələndirilən qərarı qəbul edən icra məmuru qərarı onunla əsaslandırmışdır ki, borclunun ünvanına baxış keçirilmiş və ünvanda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar olunmadığına görə akt tərtib edilmişdir. Halbuki, qanunvericiliyin tələbinə əsasən tərtib edilən həmin akt barədə tələbkara məlumat verilməli olmasına baxmayaraq məlumat verilməmişdir. Həmçinin, qərarda qeyd edilmişdir ki, borclu hazırda həbsdədir. Məhkəmə qeyd edir ki, icra məmuru tərəfindən həmçinin borclunun həbsdə əmək fəaliyyəti ilə məşğul olub-olmaması məsələsi də araşdırılmalı idi, hansı ki əgər borclu əmək fəaliyyəti ilə məşğuldursa, bu zaman tələb onun aldığı əmək haqqına yönəldilə bilərdi. Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, icra məmurunun icra olunmalı olan Bakı şəhəri 54 saylı Notariat Kontorunun 8İ-8334 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin qeyd edilən əsaslar ilə məhkəməyə geri qaytarılması barədə xx.xx.2024-cü il tarixli qərar əsassızdır. Belə ki, icra sənədinin icra edilməsi məqsədilə icra məmuru səlahiyyətlərindən tam istifadə etməyərək icra sənədini geri qaytarmışdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 “icra sənədinin qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X8 Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş “icra sənədinin qaytarılması haqqında qərardan” şikayəti təmin edilsin. Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 “icra sənədinin qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. Bakı şəhəri 54 saylı Notariat Kontorunun 8İ-8334 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi Nəsimi rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar