Məhkəmə qərarları › İş №8(006)-357/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-357/2025

15.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-357/2025 15.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X7 oğlunun katibliyi, İcra sənədi üzrə Tələbkar ASC-nin nümayəndəsi X1 iştirakı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4672/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Tələbkar ASC tərəfindən verilmiş “icra sənədinin qaytarılması haqqında qərarın ləğv edilməsi və s. barədə” şikayətə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4672/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə əsas borc üzrə 2.969,29 manat, faiz borcu üzrə 28,92 manat, və dövlət rüsumu kimi ödənilmiş 30 manatı, cəmi 3.028,21 manat məbləğində pulun cavabdeh X2 tutularaq iddiaçı Tələbkar ASC-yə ödənilməsi qət edilmişdir.

2. Hazırda tələbkar «Bank Respublika” ASC şikayət ilə məhkəməyə müraciət edərək, Yasamal rayon İcra şöbəsinin icra məmuru Səvxan Abasovun xx.xx.2022-ci il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarının ləğv edilməsi və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4672/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icra olunması üçün yenidən Nəsimi rayon İcra şöbəsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

3. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4672/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh X2 cəmi 3.028,21 manat məbləğində pul vəsaiti Tələbkar ASC-nin xeyrinə tutulmalıdır. İcra sənədi icra edilməsi üçün Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. Bir müddət əvvəl qeyd olunan şöbə ilə əlaqə saxlanılaraq icra sənədinin icra vəziyyəti sorğulanan zaman şöbədən bildirilmişdir ki, icra məmuru Səvxan Abasovun xx.xx.2022-ci il tarixli qərarı ilə həmin icra sənədi icra edilmədən məhkəməyə qaytarılmışdır. İcra məmuru həmin qərarı qanunun tələblərinə zidd olaraq tələbkara göndərməmiş, eyni zamanda, heç bir məlumat da verməmişdir. Rəsmi müraciət ediləndən sonra qərarın surəti xx.xx.2025-ci il tarixdə tələbkara təqdim edilmişdir. Həmin qərar qanunsuz və əsassız olduğundan, o cümlədən “İcra haqqında” Qanunun tələblərini kobud surətdə pozmaqla qəbul edildiyindən, ləğv edilməli, icra sənədi icra olunması üçün yenidən İcra şöbəsinə qaytarılmalıdır. Belə ki, icra məmuru həmin qərarı qəbul etməsinin səbəbi kimi borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlakın və digər gəlirlərin olmamasını göstərmişdir. Lakin o, bu halı müfəssəl yoxlamamış, o cümlədən borclunun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün zəruri tədbirləri görməmişdir. Bundan əlavə icra məmuru bu haqda müvafiq akt tərtib etməli və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunmaqla bu barədə tələbkara məlumat verilməli olduğu halda, o, bunları da etmədən, səthi formada əsassız olaraq qeyd olunan qərarı qəbul etmişdir. Eyni zamanda, icra məmuru nəzərə almamışdır ki, qanuna əsasən borclu verilmiş könüllü icra müddəti ərzində icra sənədi üzrə tələbi təmin etmədiyi və ya lazımınca təmin etmədiyi təqdirdə, onun barəsində müxtəlif növ məcburi icra tədbirlərinin görülməsi nəzərdə tutulur. Borclunun banklarda və ya kredit təşkilatlarında pul vəsaitinin və başqa sərvətlərinin, qiymətli kağızlarının olub-olmaması müvafiq bank və ya digər təşkilatlardan icra məmuru tərəfindən sorğulanmalı olduğu halda, icra məmuru bunu da etməmişdir. Borclunun birgə nikah dövründə əldə edilmiş tələbin yönəldilə biləcəyi daşınar və ya daşınmaz əmlakının, qızıl-zinyət və ya ev əşyalarının, təsis paylarının, o cümlədən onun üçüncü şəxslərdə əmlakının mövcud olub-olmaması yoxlanılmamışdır. Borclunun inzibati məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta haqqında protokol icra məmuru tərəfindən tərtib edilməmiş, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət edilməmişdir. Göründüyü kimi, qanunda xeyli sayda və növdə məcburi icra tədbirləri göstərilsə də, icra məmuru bunların heç birini etmədən icra sənədinin məhkəməyə geri qaytarılması barədə xx.xx.2022-ci il tarixli qərar qəbul etmişdir.

a) Məhkəmə prosesi:

4. Məhkəmə iclasında icra sənədi üzrə Tələbkar ASC-nin nümayəndəsi X3 şikayəti müdafiə edib bildirdi ki, borclu tərəfindən icra sənədi üzrə heç bir ödəniş edilməmişdir. Şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasınının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, icra sənədi üzrə borclu və icra məmuru məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə tələbkarın şikayətini, ona əlavə edilmiş sənədləri və icra işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4672/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin qaytarılması haqqında Yasamal rayon İcra şöbəsinin icra məmuru X6 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar ləğv edilməli, icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Yasamal rayon İcra Şöbəsinə qaytarılmalıdır.

Əsaslandırıcı hissə: a) İş materialları:

7. İcra işinin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4672/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, məhkəmə aktı xx.xx.2021ci il tarixdə qüvvəyə minmiş, xx.xx.2021-ci il tarixdə elektron qaydada imzalanmaqla icra sənədi verilmişdir.

8. İcra işinin materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Yasamal rayon İcra şöbəsinin icra məmuru X6 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4672/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır.

9. İcra işinin materiallarında olan tələbin könüllü icrası haqqında xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, borcluya icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir.

10. İcra işinin materiallarında olan xx.xx.2021-cü il tarixli məktubdan müəyyən edilir ki, borclunun iş yeri olan "xxxx" MMC-yə tutulmaların aparılması üçün məktub göndərilmişdir.

11. xx.xx.2022-ci il tarixli əmrdən görünür ki, borclunun əmək müqaviləsinə xitam verilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar və məhkəmənin mövqeyi:

12. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4672/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cəmi 3.028,21 manat məbləğində pulun Borclu Müsaməddin oğlundan tutularaq Tələbkar ASC-yə ödənilməsi qət edilsə də, nəinki 10 günlük könüllü icra müddəti ərzində, hətta həmin vaxtdan müddət ərzində borclu tərəfindən icra sənədi üzrə heç bir ödəniş edilməmişdir.

13. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasını təmin etməli olan icra məmurları tərəfindən isə borclu barəsində qanuna müvafiq bütün məcburi icra tədbirləri görülmək əvəzinə, hərəkətsizlik nümayiş etdirmişdir.

14. Bundan başqa, icra işinin materiallarında ümumiyyətlə hər hansı akt aşkar edilməmişdir.

15. Tələbkarın şikayətində də qeyd etdiyi kimi, icra məmurunun “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş kifayət qədər məcburi icra tədbirlərini tətbiq etmək səlahiyyəti olduğu halda, demək olar ki, heç nə etməmiş, yalnız formal əsaslarla icra sənədini geri qaytarmışdır.

16. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə tələbkarın şikayətini əsaslı sayaraq hesab edir ki, icra məmuru icra sənədinin geri qaytarılmalı olması barədə qərar qəbul etməklə səhv nəticəyə gəlmişdir. Çünki icra məmurunun hazırkı iş üzrə nümayiş etdirdiyi hərəkətsizlik qərarın qəbul edilməsinin əsası kimi istinad edilmiş “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.3-cü maddəsində təsbit edilmiş “borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə” ifadəsinə qətiyyən uyğun gəlmir. Buna görə də tələbkarın şikayəti təmin edilməli, mübahisələndirilən qərar ləğv edilməli və icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün İcra şöbəsinə qaytarılmalıdır.

c) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:

17. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Maddə 23.1, 23.1.3. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: - borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə. Maddə 23.7. İcra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Maddə 43. Məcburi icra tədbirləri aşağıdakılardır: - borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; - tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; - tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; - icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; - bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Maddə 44. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: - bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; - icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; - könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 15.2-15.3. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir.

19. Qeyd olunanlara istinadən məhkəmə belə qənaətə gəlir ki, tələbkar «Bank Respublika” ASC tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4672/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin qaytarılması haqqında Yasamal rayon İcra şöbəsinin icra məmuru X6 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar ləğv edilməli, icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Nəsimi rayon İcra Şöbəsinə qaytarılmalıdır.

Nəticə:

20. Qeyd olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü və AR MPM-in 263-264, 267-268-ci maddələrinə müvafiq olaraq,

QƏRARA ALDİ:

Tələbkar ASC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4672/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin qaytarılması haqqında Yasamal rayon İcra şöbəsinin icra məmuru X6 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar ləğv edilsin. İcra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Yasamal rayon İcra Şöbəsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar