Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-376/2023 14.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi, İcra sənədi üzrə Borclu, İcra sənədi üzrə Tələbkar iştirakları ilə İcra sənədi üzrə Borclu “Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-243/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin hissə-hissə icra edilməsi barədə” ərizəsinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-243/2023 saylı icra sənədi üzrə Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-243/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin “Borclu xx.xx.2021-ci il tarixdə özgəninkiləşdirdiyi **-RA-*** dövlət nömrə nişanlı “Mersedes Benz E350” markalı avtomaşının alqı-satqısından əldə etdiyi 15000 manat vəsaitin 1/2 hissəsinin (7500 manat) Borclu alınaraq Tələbkar ödənilməsi”nin hissə-hissə barədə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Tələbkar Maraqlı şəxs MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla, cavabdeh Borclu qarşı “birgə nikah dövründə əldə edilmiş əmlaklarda payların müəyyən edilməsi və pul” tələbinə iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, Məhkəmənin 2(006)-243/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, iddia tələbi qismən təmin edilərək, Tələbkar ilə Borclu arasında birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanda yerləşən qeyriyaşayış sahəsinin və ünvan 22, 1 saylı mənzilin sökülməsi qarşılığında həmin ərazidə inşa edilərək Borclu təqdim edilmiş Maraqlı şəxs MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli yaşayış binasında yerləşən 38,0 kv.m sahəli təmirli mənzilin 1/2 hissəsinə və binanın zirzəmisində yerləşən 29,5 kv.m qeyri-yaşayış sahəsinin 1/2 hissəsinə Tələbkar pay hüquqlarının tanınması, Borclu xx.xx.2021-ci il tarixdə özgəninkiləşdirdiyi **-RA-*** dövlət nömrə nişanlı “Mersedes Benz E350” markalı avtomaşının alqı-satqısından əldə etdiyi 15000 manat vəsaitin 1/2 hissəsinin (7500 manat) Borclu alınaraq Tələbkar ödənilməsi qət edilmişdir. Borclu uzun müddətdir ki, heç bir yerdə işləmir və tələbkarla birgə nikah dövründə olduqları dövrdə onların heç biri işləməmişdir. Avtomaşının alqı-satqısından əldə etdiyi pul ilə borclarını vermiş, buna görə də 15000 manat vəsaitin 1/2 hissəsini (7500 manat) ödəməyə maddi imkanı yoxdur. O, həmin borcu yalnız aylıq hissə-hissə ödəmək imkanına malikdir. Qətnamə icrasız qalmaqdansa, aylıq hissə-hissə ödəyib bitirmək mümkündür. Bu səbəbdən borcun hissə-hissə ödənilməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında icra sənədi üzrə Borclu ərizəni müdafiə edib bildirdi ki, hazırda işləmədiyindən icra sənədində göstərilmiş məbləği ödəyə bilmir. Aylıq 50-100 manat məbləğində pul ödəmək imkanına malik olduğunu qeyd edərək, icra sənədinin hissə-hissə icra edilməsinə dair ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında icra sənədi üzrə Tələbkar ərizəni qəbul etməyib, əsassız olduğunu bildirərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Nəsimi rayon İcra şöbəsinin icra məmuru məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə icra məmurunun iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri icra işinin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, ərizəyə əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 243/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, Tələbkar ilə Borclu arasında birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin və ünvan 22, 1 saylı mənzilin sökülməsi qarşılığında həmin ərazidə inşa edilərək Borclu təqdim edilmiş Maraqlı şəxs MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli yaşayış binasında yerləşən 38,0 kv.m sahəli təmirli mənzilin 1/2 hissəsinə və binanın zirzəmisində yerləşən 29,5 kv.m qeyri-yaşayış sahəsinin 1/2 hissəsinə Tələbkar pay hüquqlarının tanınması, Borclu xx.xx.2021-ci il tarixdə özgəninkiləşdirdiyi **-RA-*** dövlət nömrə nişanlı “Mersedes Benz E350” markalı avtomaşının alqı-satqısından əldə etdiyi 15000 manat vəsaitin 1/2 hissəsinin (7500 manat) Borclu alınaraq Tələbkar ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. İcra işinin materiallarında olan: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-243/2023 saylı icra vərəqəsindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-243/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi xx.xx.2023-cü ildə qüvvəyə minmiş və həmin tarixdə icra sənədi verilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Əliyev C.Y. tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-243/2023 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-243/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu işləməməsi səbəbindən icra sənədi üzrə borcdan ödəniş edə bilməməsi barədə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə yazılı izahat vermiş və izahatını imzası ilə təsdiq etmişdir. Məhkəmə ərizəyə münasibətdə qeyd edir ki, borclunun ərizədə göstərdiyi dəlillər yalnız yazılı mülahizələrdən ibarət olmaqla, sübutetmə yükünün onun üzərində olmasına baxmayaraq, zəruri sübutlar ərizəyə əlavə edilməmişdir. Borclu, həmçinin, ərizədə qətnamənin hissə-hissə icra edilməsinin təklif edilən üsulu və qaydasının göstərilməsindən də yayınmışdır. Bununla əlaqədar məhkəmə iclasında borclunun izahatı əsasında müəyyən edilmişdir ki, o, qətnamədə göstərilmiş məbləği aylıq 50-100 manat ödəməklə təmin edə bilər. Məhkəmə hesab edir ki, borclunun təklif etdiyi bu ödəniş qaydası tələbkarın mənafeyinə ziddir, eyni zamanda, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından yayınmaq və qətnamənin icrası müddətinin uzadılması məqsədini daşımaqdadır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 231.1-231.2-ci maddələrinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qətnamənin icrasına möhlət vermə və ya qətnaməni hissə-hissə icra edilməsinə dair ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci və 13-cü bəndlərində göstərilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Qətnamənin icrasına möhlət verilməsinin və ya onun hissə-hissə icrasının əsası kimi nəzərə alınmalı olan borclunun əmlak vəziyyəti onun elə bir maddi təminat səviyyəsini nəzərdə tutur ki, bu vəziyyətdə borclu ona məxsus və tələbin yönəldilməsi mümkün olan əmlakının realizəsi hesabına qətnamə üzrə tələbi bir dəfəyə könüllü və ya məcburi qaydada tam icra edə bilmir. Borclunun əmlak vəziyyətini nəzərə almaqla qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yalnız o halda mümkün sayıla bilər ki, məhkəməyə möhlət müddətinin sonunda və ya qətnamənin hissə-hissə icrası zamanı icra edilməli hissələrin icra müddəti çatdıqda borclunun qətnaməni icra etmək üçün kifayət qədər əmlaka malik olacağı barədə sübut təqdim edilmiş olsun. Qeyd edilməlidir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi müstəsna hal olub, iş üzrə qətnamə çıxarmış məhkəmə tərəfindən borclunun ağır əmlak vəziyyəti və yaxud qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 may 2015-ci il tarixli qərarında qeyd olunur ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Buna görə də məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə mənfi təsir göstərə bilər. Göründüyü kimi, qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında məhkəmə aktının hissə-hissə icrasının mümkünlüyünü müəyyən etməklə yanaşı, bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətəlayiq hallarından asılı etmişdir. Qanunvericiliyin mənasına görə bu zaman borclunun əmlak vəziyyətinin və ya digər halların borcun birdəfəlik ödənilməsinə imkan verməməsini sübut etmək vəzifəsi belə ərizə ilə məhkəməyə müraciət etmiş borclunun üzərinə düşür. Bu cür ərizələrə baxılarkən tələbkarın əmlak mənafeləri də nəzərdən yayınmamalıdır. Qeyd edilməlidir ki, məhkəmə qərarlarının vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Çünki, məhkəmə qərarının uzun müddət ərzində icra olunmaması daxili qanunvericiliyin tələblərinin pozulması ilə yanaşı, həmçinin, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə də zidd olardı. Avropa İnsan Hüquqları Məhkəməsinin «Əfəndiyeva Azərbaycana qarşı» (2007) işdə olan hüquqi mövqeyinə görə, 6-cı maddənin yalnız məhkəməyə müraciət hüququ ilə və məhkəmə prosesinin həyata keçirilməsi ilə bağlı olan maddə kimi şərh edilməsi iştirakçı dövlətlərin Konvensiyanı ratifikasiya edərkən hörmət etməyi öhdələrinə götürdükləri qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxara bilər. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. «İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin icra məmurlarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Konvensiyanın 6-cı maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq” qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir.” Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər. Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndi “məhkəmə çıxış hüququna” təminat verir. Lakin dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hərəkətsiz qalmasına imkan verirsə, məhkəməyə çatmaq hüququ xəyali xarakter alar. Beləliklə, qanunvericilik məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq, məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutsa da, həmin institutları tənzimləyən MPM-in 231.1-ci maddəsinin məzmununa əsasən bu imkanlar, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirilmiş, eləcə də məhkəmə aktının ağlabatan müddət ərzində icra edilməsinin təmin edilməsinə yönəlmişdir. Məhkəmə aktının hissəhissə icra edilməsinə icazə verilməsi bunu xahiş edən şəxsin əmlak vəziyyətinin həmin aktın icrasına maneə törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılı olduğu qədər, həm də onun təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı və məhkəmə aktının real icrasını təmin etməli, tələbkarın həmin aktın icrasının qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi mütləq nəzərə alınmalıdır. Məhkəmə Borclu tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə hissə-hissə, yəni aylıq 50-100 manat məbləğində ödəniş edilməklə qətnamənin icrasının həddindən artıq uzun müddət davam edəcəyini, bununla da tələbkarın dövlət tərəfindən təminat verilən «ədalətli məhkəmə baxışına olan hüququ»nun pozulacağını, yəni verilmiş ərizənin təmin edilməsinin tələbkarın mənafeyinə uyğun olmadığını nəzərə alaraq hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İcra sənədi üzrə Borclu “Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-243/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin hissə-hissə icra edilməsi barədə” ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №8(006)-376/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-376/2023
14.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver