Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-38/2025 30.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi ilə, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişova tərəfindən verilmiş “Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3723/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” təqdimata Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3723/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir.
2. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3723/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, cavabdeh Borclu 90.000 manat məbləğində pul alınaraq iddiaçı Tələbkar verilməlidir. Hüquqi xidmət xərcinin 250 manat hissəsi və ödənilmiş dövlət rüsumunun 353 manat hissəsi cavabdeh Borclu alınaraq iddiaçı Tələbkar verilməlidir. Həmin icra sənədi şöbənin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərarın surəti bildirişlə borcluya göndərilmiş, tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin həmin müddət ərzində borclu tələbi könüllü təmin etmədiyi üçün onun əmlak vəziyyətini yoxlamaq məqsədilə aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Təqdimat verilən tarixədək icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Buna görə də icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.
a) Məhkəmə prosesi:
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Nəsimi rayon İcra şöbəsinin icra məmuru, icra sənədi üzrə tələbkar və borclu məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər (borclunun Bakı İstintaq Təcridxanasında cəza çəkdiyi müəyyən edildiyindən, onun məhkəmə iclasında iştirak etmək istəyib-istəməməsi barədə məlumatın məhkəməyə təqdim edilməsi üçün məhkəmə bildirişi həmin təcridxanaya göndərilsə də, heç bir məlumat daxil olmamışdır). Məhkəmə onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir.
4. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3723/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, qətnamə xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almış, xx.xx.2024-cü il tarixdə icra vərəqəsi verilmişdir.
6. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3723/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır.
7. Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Borclu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3723/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir.
8. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Borclu mülkiyyətində olan “BMW X6M” minik markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barəsində axtarış elan olunmuş, avtomobilin saxlanılaraq cərimə meydançasına qoyulması, avtomobilin saxlanılaraq təhvil verilməsinin Azərbaycan Respublikası DİN BDYPİ-yə həvalə edilməsi qərara alınmışdır.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Borclu hazırda Bakı istintaq təcridxanasında saxlanılır.
10. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Borclu məxsus olan “BMW X6M” minik markalı, **-HU-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalı, qərarın icrası Azərbaycan Respublikası BDYPİ-yə həvalə edilməlidir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar və məhkəmənin mövqeyi:
11. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3723/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu könüllü icra üçün müəyyən olunmuş vaxtda həmin icra sənədini icra etməmişdir. Məhkəmə hesab edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədinin icrasının təmin edilməsi və tələbkarın hüquqlarının pozulmasının qarşısının alınması məqsədilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədə müvafiqdir.
c) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:
12. «İcra haqqında» Azərbaycan Respublikası Qanunu: 3.1-ci maddə. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 84-1.1-ci maddə. Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 231.3, 231.3-1-ci maddə. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması , borclunun ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Məhkəmə borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata onun daxil olduğu vaxtdan 5 iş günü müddətində, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə və icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara onların daxil olduğu vaxtdan 10 iş günü müddətində baxır. 231.2-ci maddə. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur.
14. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3723/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalı, qərardadın icrası Nəsimi rayon İcra şöbəsinə həvalə edilməlidir.
Nəticə:
15. Yuxarıda qeyd olunanlara əsasən, «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Təqdimat təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3723/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu (FİN: xxxxxxx) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Nəsimi rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim: Günay Abidova