Məhkəmə qərarları › İş №8(006)-394/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-394/2025

28.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-394/2025 28.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Borclu iştirakı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-580/2025-054 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə izah verilməsi barədə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nərmin Almuradova tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nərmin Almuradova ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-580/2025-054 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədində göstərilən xx.xx.2023cü il tarixli, 264214-1-43326 saylı kredit müqaviləsi və onun əsasında xx.xx.2023-cü il tarixdə bağlanmış 264214-CNS-51051 saylı razılaşma üzrə 15.516 manat məbləğində kredit borcunun tam və ya hissə-hissə ödənilməli olması barədə izah verilməsini xahiş etmişdir (Borclu kredit borcunu aylıq ödəniş etməklə bağlayacağı təqdirdə məhkəmə qərarında göstərilən məbləğdən əlavə faiz borclar yaranacaqdır). Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə icraata daxil olmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-580/2025-054 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən xx.xx.2023-cü il tarixli, 264214-1-43326 saylı kredit müqaviləsi və onun əsasında xx.xx.2023-cü il tarixində bağlanmış 264214-CNS-51051 saylı razılaşma üzrə 15.516 (on beş min beş yüz on altı) manat məbləğində kredit borcu tərəflərin ümumi birgə borcu kimi tanınmaqla həmin borc tərəflər arasında bərabər ½ hissə ilə bölünsün və borcun yarısı, yəni 7758 (yeddi min yeddi yüz əlli səkkiz) manat hissəsini ödəmək öhdəliyi cavabdeh Borclu üzərinə qoyulmalıdır. xx.xx.2023-cü il tarixli, 264214-1-43326 saylı kredit müqaviləsi və onun əsasında xx.xx.2023-cü il tarixində bağlanmış 264214-CNS-51051 saylı razılaşma üzrə iddiaçı tərəfindən ödənilmiş 2677 (iki min altı yüz yetmiş yeddi) manat məbləğində kredit ödənişinin yarısı, yəni 1338 (min üç yüz otuz səkkiz) manat cavabdeh Borclu tutularaq iddiaçı X2 ödənilməlidir. Ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci və 115.38 (bir yüz on beş manat, otuz səkkiz qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh Borclu iddiaçı X1 xeyrinə tutulmalıdır. İcra sənədinə əsasən tələbkar 264214-1-43326 saylı kredit müqaviləsi və onun əsasında xx.xx.2023-cü il tarixində bağlanmış 264214-CNS-51051 saylı razılaşma üzrə 15.516 (on beş min beş yüz on altı) manat məbləğində kredit borcu üzrə borclunun üzərinə düşən öhdəliyi tam yerinə yetirməsini xahiş etmiş, borclu isə kredit borcunu kredit müqaviləsində nəzərdə tutulan ödəniş cədvəli əsasında (2028-ci ilədək) hər ay ödəniş məbləğinin yarısı qədər ödəniş edəcəyini və tələbkarın olduğu kimi onun da ödənişi tam deyil, ödəniş cədvəli üzrə aylıq ödəmək hüququ olduğunu bildirmişdir. Məhkəmə iclasında Borclu ərizəni qəbul edərək bildirmişdir ki, ona icra şöbəsində borcunun tam tutulmalı olduğu deyilmişdir. O isə icra məmuruna bildirmişdir ki, bu məbləğ onun əmək haqqından hissə-hissə tutulmalıdır. Ancaq bundan sonra qarşı tərəf 7000 manat borcun ondan birdəfəlik tutulmalı olduğunu bildirmişdir. Daha sonra icra məmuruna qətnaməni təqdim etmişdir. Qətnamədə borcun bir hissəsinin hissə-hissə tutulması, digər hissənin isə sadəcə tutulmalı olduğu yazılmışdır. İcra məmuruna izah etmişdir ki, avtomobilə görə qarşı tərəfə 13.000 manat pul ödəmişdir, nəyə görə 7000 manatı da tam ödəməlidir. Əgər belə olacaqdısa, avtomobil üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilərdi və avtomobilin satışından əldə edilən pul bölünərdi. 13.000 manat pulu ona görə ödəmişdir ki, borclarını hissə-hissə ödəyə bilsin. Odur ki, qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər proses iştirakçıları məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.4-cü maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunun izahatını dinləyib, ərizəni iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, icra sənədinə izah verilməsinə dair ərizə təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir; Həmin Qanunun 14.2-ci maddəsinə əsasən məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır; 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. 230.4-cü maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi bu barədə ərizə məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur; 230.5-ci maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005 ci il tarixli Qərarının 10-cu bəndinə əsasən qətnamə aydın və əqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-580/2025-054 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin “qət etdi” hissəsinin 5-ci abzasına əsasən xx.xx.2023-cü il tarixli, 264214-1-43326 saylı kredit müqaviləsi və onun əsasında xx.xx.2023-cü il tarixində bağlanmış 264214-CNS-51051 saylı razılaşma üzrə 15.516 (on beş min beş yüz on altı) manat məbləğində kredit borcunun tərəflərin ümumi birgə borcu kimi tanınmaqla həmin borc tərəflər arasında bərabər ½ hissə ilə bölünməsi və borcun yarısı, yəni 7758 (yeddi min yeddi yüz əlli səkkiz) manat hissəsini ödəmək öhdəliyinin cavabdeh Borclu üzərinə qoyulması qət edilmişdir. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən kredit borcunun yarısını ödəmək öhdəliyi borclunun üzərinə qoyulduğundan hazırda ondan borcun tam tutulması tələb edilir. Halbuki, kredit borcu iş materiallarına əsasən ödəniş cədvəlinə uyğun aylıq ödənilməli olan məbləğdir, hansı ki tələbkarın özü də kredit borcunun ona aid hissəsini hər ay ödəniş cədvəlinə uyğun ödəyəcəkdir. Belə olan halda məhkəmə hesab edir ki, icra məmurunun icra vərəqəsində qeyd edilən məbləğin tam və ya hissə-hissə ödənilməli olması barədə izah istəməyi əsaslıdır, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-580/2025-054 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin “qət etdi” hissəsinin 5-ci abzasında xx.xx.2023-cü il tarixli, 264214-1- 43326 saylı kredit müqaviləsi və onun əsasında xx.xx.2023-cü il tarixində bağlanmış 264214-CNS-51051 saylı razılaşma üzrə 15.516 (on beş min beş yüz on altı) manat məbləğində kredit borcunun tərəflərin ümumi birgə borcu kimi tanınmaqla həmin borcun tərəflər arasında bərabər ½ hissə ilə bölünməsi və borcun yarısı, yəni 7758 (yeddi min yeddi yüz əlli səkkiz) manat hissəsini ödəmək öhdəliyinin cavabdeh Borclu üzərinə qoyulması – həmin borcun cavabdeh Borclu tərəfindən kredit müqaviləsi və onun əsasında bağlanmış razılaşma üzrə ödəniş cədvəlinə əsasən birdəfəlik olmamaqla (könüllü ödəmək istisna olmaqla) aylıq hissə-hissə ödənilməsini ehtiva etməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-580/2025-054 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə izah verilməsi barədə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nərmin Almuradova tərəfindən verilmiş ərizə təmin edilsin. İzah edilsin ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-580/2025-054 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin “qət etdi” hissəsinin 5-ci abzasında xx.xx.2023-cü il tarixli, 264214-1-43326 saylı kredit müqaviləsi və onun əsasında xx.xx.2023-cü il tarixində bağlanmış 264214-CNS-51051 saylı razılaşma üzrə 15.516 (on beş min beş yüz on altı) manat məbləğində kredit borcunun tərəflərin ümumi birgə borcu kimi tanınmaqla həmin borcun tərəflər arasında bərabər ½ hissə ilə bölünməsi və borcun yarısı, yəni 7758 (yeddi min yeddi yüz əlli səkkiz) manat hissəsini ödəmək öhdəliyinin cavabdeh Borclu üzərinə qoyulması – həmin borcun cavabdeh Borclu tərəfindən kredit müqaviləsi və onun əsasında bağlanmış razılaşma üzrə ödəniş cədvəlinə əsasən birdəfəlik olmamaqla (könüllü ödəmək istisna olmaqla) aylıq hissə-hissə ödənilməsini ehtiva edir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar