Məhkəmə qərarları › İş №8(006)-405/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-405/2023

27.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-405/2023 27.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Kamran Mirzəyevin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-1209/2021 saylı icra sənədi üzrə icraata xitam verilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Kamran Mirzəyev Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-1209/2021 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Tələbkar xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək alimentdən imtina etdiyini və icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Hazırkı halda məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat rədd edilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Göründüyü kimi qanunverici icra sənədi üzrə icraata xitam verilməsi səlahiyyətini məhkəməyə deyil, icra məmuruna vermişdir və həmin məsələyə məhkəmə tərəfindən baxılması yolverilməzdir. Belə ki, qanunverici “İcra haqqında” Qanunun 20.1.1-ci maddəsində məhkəmə icraatında olan işləri ehtiva etmişdir. Yəni tələbkarın tələbdən imtinası hansısa mülki (kommersiya) işlər üzrə məhkəmə icraatı zamanı iddiaçının iddiadan imtinasının məhkəmə qaydasında müvafiq qərardad (icraata xatima verilməsi) qəbul edilməklə rəsmiləşdirilməsini nəzərdə tutmuşdur. Bu halda isə (hazırki təqdimat) belə bir təqdimatla məhkəməyə müraciət etmək hüququ İcra haqqında” Qanunda nəzərdə tutulmadığından təmin edilməməlidir. Bundan əlavə isə məhkəmə həmçinin qeyd edir ki, aliment tələbindən imtina heç bir halda sonradan məhkəməyə müraciət etmək hüququ ilə məhdudlaşdırıla bilməz (davam edən münasibət olduğundan). Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Həmin Məcəllənin 24.1-ci maddəsinə görə isə Azərbaycan Respublikasının məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. Yuxarıda qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 20.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Kamran Mirzəyevin təqdimatı rədd edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Nəsimi Rayon Məhkəməsinə şikayət verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar