Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-419/2025 19.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Tələbkar, X1 iştirakları ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 2(006)- 1118/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair X3 tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 2(006)-1118/2024 saylı qətnaməsi ilə iddiaçı Tələbkar xeyrinə tutulmalı olan 10.100 manat məbləğində pulun hər ay hissə-hissə ayda 100 manat ödəniləsinin icra edilməsi barədə (möhlət verilməsi) qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1118/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, borcludan 10.100 (on min yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120 (yüz iyirmi) manat iddiaçı Tələbkar xeyrinə tutulması qət edilmişdir. Qeyd edilən qətnamə ilə pulu ödəyə bilmədiyi üçün Abşeron Rayon Məhkəməsinin 3(012)- 1247/20224 saylı qərarı ilə AR-nın İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, mənə 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Bundan başqa, Abşeron rayon Məhkəməsinin 8(012)-286/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ölkədən getmək hüququmun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1118/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qəbul edilən məhkəmə proseslərində onun iştirakı təmin edilməmişdir. Keçirilən məhkəmələrdən xəbəri olmamışdır. İş icra şöbəsinə yönəldikdən sonra bu iddia tələbindən xəbəri olmuşdur. Həmin məhkəmə iştirakı olmadan keçirilmiş və onun məhkəmədə keçirilən proseslərdən heç birindən xəbəri olmadığı üçün iştirak edə bilməmişdir. Belə ki, borclu Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Rəhimov küçəsi, döngə 6-da yerləşən 4 saylı fərdi yaşayış evində qeydiyyatdadır. Lakin, Abşeron rayonu, Xırdalan şəhəri, Səttar Bəhlulzadə küçəsində yerləşən 1 saylı evdə yaşayır. Qeyd edilən məhkəmə qətnaməsinin icrası onun yaşayış yeri üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsinə yönəldilmiş və X2 icraatına verilmişdir. Belə ki, məhkəmələrdən xəbəri olmadığı üçün iştirak etmədiyinə görə özünü müdafiə edə bilməmişdir. İş İcra və Probasiya Şöbəsinə yönəldikdən sonra, yəni icra məmuru Orxan İsmayılov ona məlumat verdikdən sonra bütün bunlardan xəbəri olmuşdur. Halbuki, Tələbkar o, həmin pulu faizləri ilə birlikdə artıqlaması ilə ödəmişdir. Aralarında dəfələrlə pul haqq-hesabı olmuş və Nigarla qonşu və yaxın münasibətləri olduğu üçün ona etdiyi pulun ödənişləri əlbəəl etmişdir. Tələbkar ona heç bir məlumat vermədən yaşayış, qeydiyyat ünvanını və mobil nömrələrini bildiyi halda məhkəməyə müraciət edərək, ödədiyi pulu bir daha ondan tələb etmişdir. Tələbkar əvvəllər də faizə pul götürmüşdü və pulu faizi ilə birlikdə ona tam ödəmişdir və beləliklə, aralarında yaxın münasibətlər yaranmışdır. Ahıl, yaşlı, təqaüdçü qadındır. İcra məmuru ona izah etdi ki, şikayət verə bilməz, çünki qətnamənin şikayət müddəti ötmüşdür. O, bundan sonra hər ay təqaüdünü alan kimi Tələbkar qətnamə ilə müəyyən edilmiş pulu hissə-hissə ödəyir. Ödəniş qəbzlərinin surətini ərizəyə əlavə edir. İşləmir və təqaüddən başqa heç bir yerdən gəliri də yoxdur. Özü ürək çatışmamazlıqdan əziyyət çəkir. Dəfələrlə İcra məmuru Orxan İsmayılovun qəbulunda olmuş, izah etmişdir ki, pulu tam ödəyə bilmir. Tələbkar pulu ona tam ödəmədiyi üçün onu qonşular içində rüsvay edir. Təhqir edərək, şərəf və ləyaqətini alçaldır. Pulu tam verməsə, tutduracağını deyir. Onun əlindən artıq cana doymuşdur. Haqqında qonşulara olmazın yalanlar danışır. Bu yaşında el-aləm içinə çıxa bilmir. Qonşu olduğu üçün görən kimi gəlir, səs-küy salaraq təhqir edir. Küçə söyüşləri ilə söyür. İcra məmuru da bildirir ki, qətnamədə pulun tam tutulması göstərilir, ona görə də sən pulu tam şəkildə ödəməlisən. İddiaçıya pulu ancaq təqaüdünü alan kimi ödəyə bilir. Azərbaycan Respublikası adından qəbul edilmiş qətnamənin icrasından yayınmır. Məhkəmə iclasında X3 tərəfindən verilən ərizəni müdafiə edərək bildirmişdir ki, o, məhkəmə qətnaməsi ilə tələbkarın xeyrinə tutulmalı olan 10.000 manat məbləği birbaşa yox, hissə-hissə ödəyə bilər. Onun gəlir yeri yalnız pensiyasıdır. Odur ki, ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Tələbkar ərizəni qəbul etməyərək, ərizənin təmin olunmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, icra məmuru məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən qətnamənin icrasına möhlət vermə və ya qətnaməni hissə-hissə icra edilməsinə dair ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Belə olan halda məhkəmə hazırkı ərizəyə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, ərizəni, hazırki işin və icra işinin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsinə əsaslar müəyyən edilmədiyindən, ərizə rədd edilməlidir. Belə ki, ərizənin mahiyyətindən göründüyü kimi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1118/2024 saylı qətnaməsinə əsasən iddia tələbinin qismən təmin edilməsi, cavabdeh X4 10.100 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120 manatın iddiaçı Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qanunun mənasından da göründüyü kimi, qanunverici qətnamənin icrasına möhlət verilməsini və ya onun hissə-hissə icra edilməsini, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirərək, eləcə də hansı halların “digər hallara” aid edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Bu baxımdan, məhkəmə qeyd edir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi mahiyyət etibarı ilə məhkəmə qərarının icrasının məcburiliyini nəzərdə tutan konstitusion pirinsipin məhdudlaşdırılmasına, eləcə də tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə halların tətbiqi müstəsna xarakter daşımalı və işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2015-ci il tarixli qərarının 12-ci bəndində göstərilmişdir ki, “məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Həmin Qərara əsasən, borclunun əmlak vəziyyətini nəzərə almaqla qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yalnız o halda mümkün sayıla bilər ki, məhkəməyə möhlət müddətinin sonunda və ya qətnamənin hissəhissə icrası zamanı icra edilməli hissələrin icra müddəti çatdıqda borclunun qətnaməni icra etmək üçün kifayət qədər əmlaka malik olacağı barədə sübut təqdim edilmiş olsun. Göründüyü kimi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq edilə bilər. Lakin qeyd edilən məsələlər həll edilərkən təkcə borclunun deyil, habelə tələbkarın da mənafeyi nəzərə alınmalıdır. Hazırda ərizədə sadalananlar borclunun məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsi üçün kifayət qədər yetərli əsaslar deyildir. Bundan başqa, borclu özünün maddi imkanının aşağı olması, borcu hissə-hissə ödəməsi, xəstəliyinin olması barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bundan əlavə isə həmçinin, tələbkar da öz növbəsində qətnamə ilə müəyyən edilmiş ödənişin hissə-hissə icra edilməsinə razılıq verməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülkiprosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. «İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin icra məmurlarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Konvensiyanın 6-cı maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq” qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir.” Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər. (“Burdov Rusiyaya qarşı”, şikayət №59498/000. ECHR.2002). Məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icraya yönəldiyi vaxtdan bugünə kimi əsaslı tədbirlər görmədiyini, borc məbləğinin kifayət qədər yüksək olması və buna görə də borclu tərəfindən hissə-hissə ödəmə aparmaqla məhkəmə qətnaməsinin icrasının uzun müddət davam edəcəyini, bununla da tələbkarın dövlət tərəfindən təminat verilən «ədalətli məhkəmə baxışına olan hüququ»nun pozulacağını və tələbkar tərəfin buna razı olması barədə heç bir münasibət bildirməməsini, borclunun rəsmi iş yeri olmaqla əmək haqqsının olmasını nəzərə alaraq, hesab edir ki, ərizə əsassızdır və rədd olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 2(006)- 1118/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair X3 tərəfindən verilmiş ərizə rədd edilsin. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(006)-419/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-419/2025
19.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver