Məhkəmə qərarları › İş №8(006)-434/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-434/2025

26.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-434/2025 26.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə, Tələbkar tutulmalı pul məbləğinin indeksasiyası barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4057/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş və icra müddəti ərzində borclular tərəfindən tələbkara ödənilməyən əsas 472 manat məbləğ indeksləşdirilərək 2018-ci il tarixdən - 2025-ci ilin aprel ayınadək 150 faiz artımı (472 AZN x 150 % = 708 AZN) nəzərə alaraq cəmi 1180 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4057/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə qərarına əsasən, borclular Borclu1 və Borclu2 cəmi 472 manat məbləğində pul müştərək qaydada tutularaq Tələbkar xeyrinə tutulması ödənilməsi qərara alınmışdır. Hazırda qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almasını və həmçinin icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, məhkəmə qərarı icra olunmamışdır (ödənilməmişdir). Borclular məhkəmə qərarı üzrə qəbul olunmuş məbləği zamanında ödəyərək icra etsəydilər tələbkar, başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin, borcluların məhkəmə qərarı üzrə öhdəliyinin icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə tələbkar, həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, məhkəmə qərarı üzrə tələbkara ödəlinməli olan 472 manat məbləğində borca görə məhkəmə qərarı üzrə tələb olunan pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zərurəti yaranmışdır. Belə ki, indeksasiya institutu pulun alıcılıq qabiliyyətinin məhz məhkəmə aktı qəbul edilən arı mövcud olan səviyyədə bərpasına yönəldiyindən, eləcə də bu hüquqi alət sanksiya xarakteri daşımadığına görə, onun tətbiqi məhkəmə aktının qanuni qüvvəyə minməsi və ya məhkəmə aktının icrasından yayınma ilə əlaqələndirilə bilməz. Bu səbəbdən indeksasiya məhz məhkəmə aktının qəbul edildiyi (elan edildiyi) gündən onun tam icra edildiyi günədək olan müddəti əhatə etməlidir. İndeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə ərizəni iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli məhkəmə əmrindən görünür ki, borclular Borclu1 və Borclu2 kreditor Tələbkar xeyrinə 452 manat borc və 20 manat dövlət rüsumu tutulmalıdır. Məhkəmənin sorğusu əsasında Nəsimi rayon icra şöbəsi tərəfindən təqdim edilmiş 139772/2018-5-16 saylı icra işindən görünür ki, Nəsimi rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)- 4057/2018 saylı icra sənədinə xitam verilmişdir. Həmin qərarda həmçinin göstərilmişdir ki, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqlarına əsasən tələb Borclu1 tərəfindən tam şəkildə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Məhkəmə qeyd edir ki, borclular tərəfindən borc ödənilməklə hazırda icra sənədi üzrə borc olmadığından və indeksasiya edilməli olan pul məbləği mövcud olmadığından ərizə təmin edilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Tələbkar tutulmalı pul məbləğinin indeksasiyası barədə ərizəsi təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar