Məhkəmə qərarları › İş №8(006)-51/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-51/2023

26.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-51/2023 26.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi, İcra sənədi üzrə Borclu, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişovanın iştirakları ilə Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişovanın Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6656/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə Borclu məxsus daşınar (avtomobil) əmlakın üzərinə həbs qoyulmasına dair təqdimatına Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişova məhkəməyə təqdimatla müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6656/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məxsus olan “Nissan X-Trail” minik markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6656/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 4219 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsiilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən edilmişdir ki, Borclu məxsus olan “Nissan X-Trail” minik markalı, **- VF-*** dövlət qeydiyyat nişanlı avtomobilin olması müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Göstərilənlərə əsasən tələbin əmlaka yönəldilməsi üçün iş üzrə Borclu məxsus olan “Nissan X- Trail” minik markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında icra sənədi üzrə Borclu təqdimatın əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişova təqdimatı müdafiə edib, əsaslı olmasını nəzərə alıb təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, icra sənədi üzrə Tələbkar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə icra sənədi üzrə borclunun və icra məmurunun izahatını dinləyib, təqdimatı, iş materiallarını və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, təqdimata əlavə edilmiş “Elektron icra” informasiya sistemindən əldə olunmuş xx.xx.2023-ci il tarixli çıxarışdan görünür ki, “Nissan X-Trail” minik markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Borcludur. Təqdimata əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6656/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Borclu vurulmuş zərərin əvəzi olaraq 4219 (dörd min iki yüz on doqquz) manat pul tutulub iddiaçı Tələbkar ödənilməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişova tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6656/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən icraata başlanılmışdır. Təqdimata əlavə edilmiş xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. İcra işinin materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Nissan X-Trail” minik markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Borcludur və ipoteka müqaviləsinə əsasən ("xxxx" QSC Badamdar filialı) özgəninkiləşdirilməsi qadağan edilmişdir. İcra işinin materiallarında olan icra sənədi üzrə Tələbkar Nəsimi rayon İcra şöbəsinin rəisi Yavər Allahverdiyevə ünvanladığı xx.xx.2023-cü il tarixli borclu barəsində bütün tədbirlərin görülməsi haqqında ərizəsindən görünür ki, o Borclu tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6656/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə ödəməli olduğu 4219 (dörd min iki yüz on doqquz) manat borc tam şəkildə ödəməyəcəyi təqdirdə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddələrini rəhbər tutaraq inzibati qaydada cəlb olunmasını, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddələrini rəhbər tutaraq borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını, bundan sonra isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.4-cü maddələrini rəhbər tutaraq borclunun cinayət məsuliyyətinə cəlb olunmasına dair toplanmış materialları Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilməsini xahiş etmişdir. İcra işinin materiallarında olan Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişovanın qərarından görünür ki, Borclu mülkiyyətində olan “Nissan X-Trail” minik markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuş və xx.xx.2023-cü il tarixli məktuba əlavə edilməklə qərar icra olunması üçün Azərbaycan Respublikası DİN-nin Baş X2 İdarəsinin Qeydiyyat-imtahan idarəsinə göndərilmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6656/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən, Borclu vurulmuş zərərin əvəzi olaraq 4219 (dörd min iki yüz on doqquz) manat pulun tutulub iddiaçı Tələbkar ödənilməsi qərara alınmışdır. İcra vərəqəsi üzrə icraata başlanılmış və Borclu tələbi könüllü icra etmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdarlıq edilmiş, lakin borclu tərəfindən tələb icra edilməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə aparılmış icra hərəkətləri nəticəsində Borclu mülkiyyətində “Nissan X-Trail” minik markalı avtomobilin olması müəyyən edilmiş, icra məmurunun borclunun əmlakının üzərinə həbs qoyulması haqqında qərarı ilə həmin avtomobilin üzərinə həbs qoyulması qərara alınmış və qərar icra edilməsi üçün həmin tarixdə Azərbaycan Respublikası Baş X2 İdarəsinə göndərilmişdir. Hazırda icra məmuru Nəzrin İbişova məhkəməyə təqdimatla müraciət edərək, Borclu məxsus olan “Nissan X-Trail” minik markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsinə əsasən, icra məmuru borclunun əmlakının və ya uşağının axtarılması barədə qərar qəbul edir. Qanunun 43-cü maddəsinə görə, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biridir. Qanunun 44.1.3-cü maddəsində qeyd edilir ki, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarından biridir. Qanunun 45.1-ci maddəsinə müvafiq olaraq, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Qanunun 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Qanunun 50.4.1-ci maddəsinə görə, tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün borclunun əmlakı üzərinə həbs qoyulur. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. İcra məmurunun borclunun əmlakının üzərinə həbs qoyulması haqqında qərarı əsasında müəyyən olunur ki, Borclu məxsus olan “Nissan X-Trail” minik markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulması qərara alınmış, həmin qərar icra edilməsi üçün Azərbaycan Respublikası Baş X2 İdarəsinə göndərilmişdir. Göründüyü kimi, borclunun əmlakının üzərinə həbs qoyulması haqqında Qərara əsasən icra məmuru tərəfindən icra tədbirləri həyata keçirilmiş, təqdimatda qeyd olunan əmlakın üzərinə həbs artıq qoyulmuş, icra edilməsi üçün müvafiq orqana göndərilmişdir. Məhkəmə bu xüsusatı nəzərə alaraq hesab edir ki, əmlakın üzərində eyni məsələ ilə bağlı həbs artıq mövcud olduğundan, yenidən eyni məsələ ilə əlaqədar həbsin qoyulmasına prosessual və hüquqi qənaət prinsipini nəzərə almaqla ehtiyac qalmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişova tərəfindən verilmiş təqdimat təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişovanın Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6656/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məxsus əmlakın üzərinə həbs qoyulmasına dair təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar