Məhkəmə qərarları › İş №8(006)-550/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-550/2025

30.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-550/2025 30.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, Tələbkar, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-1752-2025 saylı icra sənədi üzrə “daşınmaz əmlak üzərinə qoyulmuş həbsin götürülməsi” barədə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X1 təqdimatına yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X5 “daşınmaz əmlak üzərinə qoyulmuş həbsin götürülməsi” barədə təqdimat ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0,05 ha ölçüdə olan 475B saylı bağ sahəsinin və ünvan nin üzərindən həbsin götürülməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3062/2021-016 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclular Borclu və X4 müştərək qaydada cəmi 336.000 manat məbləğində pul alınaraq Tələbkar ödənilməlidir. Eyni zamanda, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-82/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü ilədək olan dövr üçün 336.000 manat vəsait indeksasiya edilməklə Borclu Tələbkar xeyrinə 79.968 manat məbləğində vəsait tutulması qərara alınmış və icra edilməsi üçün Nəsimi rayon icra şöbəsinə göndərilmişdir. İcraat zamanı borclunun arvadı X3 məxsus Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 475b və 475B ünvanında ümumilikdə 0,216 ha torpaq sahəsi aşkar edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1752/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0,05 ha ölçüdə olan 475B saylı bağ sahəsi və ünvan ünvanlarında olan torpaq sahələri Borclu və X2 birgə nikah dövründə əldə etdikləri ümumi əmlakları hesab edilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0,05 ha ölçüdə olan 475B saylı bağ sahəsi və ünvan ünvanlarında olan torpaq sahələri üzərində Borclu və X2 hər birinin 1/2 hissədə payları müəyyən edilmişdir. X3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0,05 ha ölçüdə olan 475B saylı bağ sahəsinin (sahəsi 0,05 ha, reyestr nömrəsi **********02) bazar dəyəri 92500 manat müəyyən edilmişdir. X3 məxsus ünvan nin (sahəsi 0,1666 ha, reyestr nömrəsi **********31) bazar dəyəri 308210 manat müəyyən edilmişdir. Qeyd edilən torpaq sahələrinin ümumi dəyəri 400710 manat təşkil edir. Həmin torpaq sahələrinin 1/2 hissəsi, yəni 0.1083 ha Borclu aid edilmiş, onun payına aid hissənin dəyəri 200355 manat təşkil edir. Borclu payı kimi müəyyən edilmiş 0.1083 ha torpaq sahəsinin ½ hissəsi, yəni 0.054 ha hissəsi qalıq borc əvəzinə tələbkara təklif edilmiş və o, xx.xx.2025-ci il tarixli ərizə ilə şöbəyə müraciət edərək təklifi qəbul etdiyini bildirmişdir. xx.xx.2025ci il tarixdə Borclu payı kimi müəyyən edilmiş torpaq sahəsinin 50%-ni, yəni 0.054 ha hissəsini həbs və məhdudiyyət götürülməklə Tələbkar adına rəsmiləşdirilməsinə dair müvafiq göstəriş verilməsi üçün 1 saylı Ərazi idarəsinə müraciət edilmişdir. İcraat zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0,05 ha ölçüdə olan 475B saylı bağ sahəsi və ünvan ünvanlarında olan torpaq sahələri üzərində Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 5(003)-67/2016 saylı qərarı ilə həbs qoyulmuşdur. Daha sonra Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X5 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, təqdimatda qeyd olunan torpaq sahələri Borclu adına deyil, X3 məxsusdur. Odur ki, həmin təqdimatda X3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0,05 ha ölçüdə olan 475B saylı bağ sahəsinin və ünvan nin üzərindən həbsin götürülməsi kimi qeyd edilməsini xahiş etmişdir. Məhkəmə, təqdimatı işin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, təqdimata mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə geri qaytarılmalıdır. Təqdimata əlavə edilmiş: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 475b saylı bağ sahəsinin bir hissəsi (ölçüsü 0.1666 ha) X2 adına xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 393 nömrəli reyestr kitabının 37208 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 475B saylı bağ sahəsinin bir hissəsi (ölçüsü 0.05 ha) X2 adına xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 556 nömrəli reyestr kitabının 52393 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 mart 2016-cı il tarixli, 5(003)-67/2016 saylı qərarına əsasən Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Rüstəm Usubovun vəsatəti təmin edilərək, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Borclu məxsus olmaqla həyat yoldaşı X2 adına rəsmiləşmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 475b ünvanında yerləşən torpaq və bağ sahəsinin üzərinə həbs qoyulmuşdur. Bakı Hərbi Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli, 1(093)-84/2017 saylı hökmünə əsasən təqsirləndirilən şəxs Borclu məxsus 172.000 manat dəyərində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 475B saylı, X6 məxsus 192.000 manat dəyərində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 475B saylı, X7 məxsus, 244.000 manat dəyərində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 475D saylı torpaq və bağ sahələri üzərinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 mart 2016-cı il, 16 mart 2016-cı il və 08 fevral 2017-ci il tarixli qərarları ilə qoyulmuş həbs saxlanılmışdır. Bakı Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7-1(093)-41/2022 saylı qərarına əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 475b və 475d saylı torpaq sahələrinin üzərinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin müvafiq olaraq 16 mart 2016-cı il tarixli, 5(003)- 68/2016 nömrəli və 08 fevral 2017-ci il tarixli, 5(003)-16/2017 nömrəli qərarları ilə qoyulmuş, Bakı Hərbi Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli, 1-1(093)-84/2017 saylı hökmü ilə qüvvəsində saxlanılmış həbs götürülmüşdür. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, e-2(006)-1752/2025 saylı qətnaməsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0,05 ha ölçüdə olan 475B saylı bağ sahəsi və ünvan ünvanlarında olan torpaq sahələrinin Borclu və X2 birgə nikah dövründə əldə etdikləri ümumi əmlaklar hesab edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0,05 ha ölçüdə olan 475B saylı bağ sahəsi və ünvan ünvanlarında olan torpaq sahələri üzərində Borclu və X2 hər birinin ½ hissədə paylarının müəyyən edilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən Tələbkar ünvanlanan xx.xx.2025-ci il tarixli təklifə əsasən Borclu aid edilmiş torpaq sahəsinin yarı hissəsi, yəni 0,054 ha hissəsi təklif edilmiş, qeyd edilən əmlakı qəbul edib-etməməsi barədə Nəsimi rayon İcra şöbəsinə rəsmi şəkildə müraciət edilməsi xahiş olunmuş, imtina edildiyi təqdirdə əmlakın açıq hərracda satışından sonra əldə ediləcək pul vəsaiti ödəniləcəkdir. Tələbkar tərəfindən icra şöbəsinə ünvanlanan xx.xx.2025-ci il tarixli ərizəsində göstərmişdir ki, Borclu həyat yoldaşı X3 məxsus Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 0,05 ha ölçüdə olan 475B saylı bağ sahəsinin (sahəsi 0,05 ha, reyestr nömrəsi **********2) bazar dəyəri 92.500 manat müəyyən edilmiş, X3 məxsus Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 0,1666 ha ölçüdə olan 475b saylı bağ sahəsinin (sahəsi 0,1666 ha, reyestr nömrəsi **********31) bazar dəyəri 308210 manat müəyyən edilmiş, qeyd edilən sahənin ümumi dəyəri 400710 manat təşkil edir. Məhkəmə qeyd edilən əmlakın Borclu aid payını müəyyən etmişdir. Həmin torpaq sahələrinin ½ hissəsi, yəni 0,1083 ha Borclu aid edilmiş, onun payına aid edilmiş hissəsinin dəyəri 200355 manat təşkil edir. Tələbkar, Borclu gələcəkdə minimum sanitariya normalarına uyğun mənzillə təmin olunması üçün, onun payının yarısını, yəni 0,054 ha hissəsini (dəyəri 100177 manat) qəbul edir. Qalıq borc 118.387 manat təşkil edir. Tələbkar tərəfindən icra şöbəsinə ünvanlanan xx.xx.2025-ci il tarixli ərizəyə əsasən Nəsimi Rayon Məhkəməsinin 2(006)-3062/2021-016 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi və Nəsimi Rayon Məhkəməsinin 8(006)-82/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının icrası ilə bağlı, Borclu yoldaşı X2 mülkiyyətində olan Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 475B və 475b bağ sahələrinin bir hissəsini (yəni 0,054 ha) ona borc əvəzi olaraq təklif edilmiş, təklifi qəbul etdikdən sonra 232477/21-5-33 saylı protokol tərtib olunaraq imzalanmışdır. Hazırda həmin torpaq sahəsinin üzərində ibtidai istintaq zamanı dövründə Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 5(003)-67/2016 saylı qərarı ilə həbs qoyulmuşdur. Çıxarış almaq üçün torpaq sahəsinin üzərindən həbsin götürülməsi ilə Xəzər Rayon Məhkəməsinə təqdimat verilməsi xahiş edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli, 7(003)-1330/2025 saylı qərarına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru Pərviz Babayevin əmlak üzərindən həbsin götürülməsi barədə təqdimatı baxılmadan geri qaytarılmışdır. Məhkəmə, təqdimata münasibətdə ilk növbədə onu qeyd edir ki, işin mübahisəsiz hallarından göründüyü kimi hazırki iş üzrə borclu qismində çıxış edən Borclu təqsirləndirildiyi cinayət işi üzrə Xəzər Rayon Məhkəməsinin 16 mart 2016-cı il tarixli qərarı əsasında hazırki iş üzrə mübahisə predmeti olan əmlak üzərinə həbs qoyulmuş, sonradan həmin cinayət işi üzrə qəbul edilən yekun məhkəmə qərarı olan Bakı Hərbi Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli hökmü əsasında həbs saxlanılmışdır. Daha sonra Nəsimi Rayon Məhkəməsinin 13 avqust 2021-ci və 03 sentyabr 2024cü il tarixli icra sənədlərinə əsasən Borclu 336.000 manat və 79.968 manat pul vəsaitinin Tələbkar xeyrinə ödənilməlidir. Hazırda icra məmuru sonuncu icra sənədləri üzrə icranın təmin edilməsi məqsədilə əmlak üzərinə qoyulmuş həbsin götürülməsini tələb etsə də, məhkəmə qeyd edir ki, hazırki məsələ yekun məhkəmə aktının (hökmün) icrası ilə əlaqədar olaraq yaranmış məsələdir. Belə ki, baxılan iş üzrə tələb cinayət-prosessual icraatı qaydasında qəbul edilmiş məhkəmə aktları ilə (5(003)-67/2016 saylı qərar, 1(093)-84/2017 saylı hökm) borclunun əmlakı üzərinə cinayət-hüquqi tədbir qismində qoyulmuş məhdudiyyətin ləğvi ilə bağlıdır. Həmin məhkəmə aktları cinayət mühakimə icraatı qaydasında qəbul edildiyi üçün belə məhdudiyyətin götürülməsi (ləğvi) də həmin icraat qaydasında mümkündür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 254.1-ci maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı mülki iddiadan imtina edildikdə və ya cinayət təqibi üzrə icraata xitam verildikdə əmlak üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs müstəntiqin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorla razılaşdırılmış qərarına əsasən ləğv edilir. Məhkəmə icraatı zamanı və bu maddədə göstərilməyən digər hallarda əmlak üzərinə qoyulmuş həbs yalnız məhkəmənin qərarı əsasında ləğv edilə bilər. 509.1-ci maddəsinə əsasən məhkəmənin hökmü çıxarıldıqdan sonra onun icrası qurtaranadək məhkum edilmiş şəxs aşağıdakı məsələlərə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir: 509.1.1. cəzanın çəkilməsinin təxirə salınması haqqında; 509.1.2. xəstəliyə və ya ittiham hökmünün icrası müddətinin başa çatmasına görə cəza çəkməkdən azad edilməsi haqqında; 509.1.3. cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında; 509.1.4. cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi haqqında; 509.1.5. cəzaçəkmə və ya tərbiyə müəssisələrinin növünün dəyişdirilməsi haqqında; 509.1.6. amnistiyanın tətbiq edilməməsi və ya düzgün tətbiq edilməməsi haqqında; 509.1.7. müalicə müəssisəsində saxlanılma vaxtının cəzaçəkmə müddətinə daxil edilməsi haqqında; 509.1.8. məhkumluğun vaxtından əvvəl götürülməsi haqqında; 509.1.9. bu Məcəllədə nəzərdə tutulmuş digər məsələlər haqqında. 509.2. Məhkumun bu Məcəllənin 509.1-ci maddəsində göstərilən ərizələrinə bu Məcəllənin 510-520-ci maddələrinə uyğun olaraq məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırda icra məmurunun təqdimatının məzmunu məhkəmə qətnamələrinin icrası ilə bağlı baxılmalı olan məsələlərin əhatə dairəsinə düşməməklə bərabər Bakı Hərbi Məhkəməsində mülki iddia qaydasında deyil, cinayət prosessual qanunvericiliyin tələbləri əsasında qoyulmuş həbsin götürülməsi məzmunlu olmaqla hökmün icrası qaydasında verilmiş müraciətdir. Həmçinin, işin materiallarından göründüyü kimi daha əvvəl digər əmlak üzərinə qoyulmuş həbsin götürülməsi ilə bağlı hökmün icrası qaydasında əmlakın yerləşdiyi yer üzrə Xəzər Rayon Məhkəməsinə müraciət edilmiş, lakin həmin məhkəmə tərəfindən sırf həbsin götürülməsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olması əsası ilə yox, həmin əmlak üzərinə qoyulmuş həbsin götürülməsi əsası ilə geri qaytarılmışdır. Məhkəmə qeyd edir ki, Bakı Hərbi Məhkəməsinin 7-1(0xx-xx-2022 saylı xx.xx.2022-ci il tarixli qərarında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 mart 2016-cı il tarixli 5(003)-68-2016 saylı qərarı ilə qoyulmuş həbsin götürülməsi və bununla bağlı müraciət edən şəxsin Bakı Hərbi Məhkəməsinin 31(093)-84/2017 saylı xx.xx.2017-ci il tarixli hökmü ilə əmlakı üzərində X8 olması müəyyən edilir. Yəni həmin şəxsin məhkəmə hökmünün icrası qaydasında müraciəti əsasında hökmlə qüvvədə saxlanılmış həbs götürülmüşdür. Həmin qərardan da aydın olur ki, məhkəmənin hökmünə əsasən eyni əsaslarla üzərində həbs saxlanması müəyyən edilmiş əmlak həbsdən azad edilmişdir. Belə olan təqdirdə hazırda da təqdimatla üzərindən həbs götürülməsi tələb edilən əmlakların üzərindən həbs hazırda məhkəmə qətnaməsinin icrası qaydasında deyil, daha əvvəl də edildiyi kimi hökmün icrası qaydasında həll edilməlidir. Belə ki, həmin əmlak üzərinə həbs müvəqqəti təminat tədbiri və ya mülki məhkəmə qərarlarının icrası qaydasında tətbiq edilməmişdir. Beləliklə, məhkəmə, yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, hazırki təqdimatla daşınmaz əmlak üzərinə qoyulmuş həbsin götürülməsinə dair tələb mülki icraat qaydasında deyil, hökmün icrası qaydasında həll edilməli olan məsələ olduğundan, təqdimat geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 5(003)-67/2016 saylı icra sənədi üzrə “daşınmaz əmlak üzərinə qoyulmuş həbsin götürülməsi” barədə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X1 təqdimatı geri qaytarılsın. Təqdimatda irəli sürülən məsələnin həlli ilə bağlı ümumi qaydada cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Binəqədi Rayon Məhkəməsinə şikayət (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar