Məhkəmə qərarları › İş №8(006)-67/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-67/2025

18.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-67/2025 18.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, Tələbkar Alıeva (Əliyeva) Arzu Fazil qızının, Borclu, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-3617/2023 saylı icra sənədi üzrə tələbkar Alıeva (Əliyeva) Arzu Fazil qızının tələbdən imtina etməsi barədə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(006)-3617/2023 saylı icra sənədi üzrə tələbkar Alıeva (Əliyeva) Arzu Fazil qızının tələbdən imtina etməsi məsələsinə baxılması xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-3617/2023 saylı icra sənədinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən (iddia ərizəsi ilə müraciət edildiyi vaxtdan) başlayaraq Borclu Alıeva (Əliyeva) Arzu Fazil qızının xeyrinə hər ay qazancın (başqa gəlirlərin) ¼ hissəsi miqdarında aliment tutulmalıdır. İcra sənədi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icraatına daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. Alıeva (Əliyeva) Arzu Fazil qızı xx.xx.2025-ci il tarixdə Nəsimi rayon İcra şöbəsinə ərizə ilə müraciət edib, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3617/2023 saylı icra sənədi üzrə barışdıqlarından, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən icraata xitam verilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsini rəhbər tutaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-3617/2023 saylı icra sənədi üzrə tələbkar Alıeva (Əliyeva) Arzu Fazil qızının tələbdən imtina etməsi məsələsinə baxılması xahiş edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X3 təqdimatı müdafiə edərək izahatında bildirdi ki, tərəflər barəsində olan icra sənədi onun icraatına daxil olmuşdur. İcra sənədi üzrə vaxtı-vaxtında ödənişlər həyata keçirilirdi. Lakin sonradan tələbkar ərizə ilə müraciət edib iş üzrə icraata xitam verilməsini xahiş etdi. Bu kimi hallarda onun bilavasitə icra sənədinin icraatına xitam vermək səlahiyyəti qanunvericiliklə müəyyən edilməmişdir. Bu səbəbdən məhkəməyə təqdimat verməli olmuşdur. Təqdimat təmin edildiyi halda icraata xitam verilməsi barədə qərar qəbul edəcəkdir. Göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında tələbkar Alıeva (Əliyeva) Arzu Fazil qızı izahatında bildirdi ki, keçmiş həyat yoldaşı ilə barışmışlar. Hesab edir ki, barışdıqları təqdirdə alimentin tutulmasına ehtiyac qalmır. İzahatının sonunda təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Borclu təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə icraat iştirakçılarının izahatlarını dinləyib, təqdimatı və ona əlavə olunmuş materialları, həmçinin hazırki təqdimatın obyektiv və hərtərəfli araşdırılması məqsədilə tələb edilmiş e230574/2023-5-1-004 saylı icra işində olan sənədlərə baxış keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 3617/2023 saylı icra sənədinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən (iddia ərizəsi ilə müraciət edildiyi vaxtdan) başlayaraq Borclu Alıeva (Əliyeva) Arzu Fazil qızının xeyrinə hər ay qazancın (başqa gəlirlərin) ¼ hissəsi miqdarında aliment tutulmalıdır. - Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarına əsasən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3617/2023 saylı icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlanılmış, həmin tarixdə borcluya tələbin könüllü icrası barədə bildiriş ünvanlanmışdır. - Tələbkar Alıeva (Əliyeva) Arzu Fazil qızının Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən, ərizədə onun Borclu ilə barışdığı, bir yerdə yaşadıqları bildirilmiş, sonda icra sənədi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmiş hal ondan ibarətdir ki, Alıeva (Əliyeva) Arzu Fazil qızının məhkəməyə müraciəti əsasında aliment tələbinə baxılmış, nəticə etibarı ilə Borclu onun xeyrinə alimentin tutulması qət edilmişdir. Qətnamə qüvvəsini aldıqdan sonra icra sənədi tərtib edilərək icraya yönəldilmiş, icra məmuru icraata başlamaq haqqında qərar qəbul etməklə, icra sənədinin icra olunması istiqamətində icra tədbirlərini həyata keçirmişdir. Lakin icra sənədi üzrə tələbkar olan Alıeva (Əliyeva) Arzu Fazil qızı aliment tələbindən imtina etdiyini bildirib, buna səbəb kimi borclu ilə barışdıqlarını əsas gətirmişdir. Məhkəmə iclasında iştirakı zamanı da fikrindən dönmədiyini, buna görə də icraata xitam verilə bilməsi üçün imtinasının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin barışdığını, artıq bir yerdə yaşamağa başladığını, bununla da tələbkarın tələbdən imtinasının qanunazidd olmadığını nəzərə alıb, təqdimatın təmin edilib, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3617/2023 saylı icra sənədi üzrə tələbkar Alıeva (Əliyeva) Arzu Fazil qızının tələbdən imtinasının qəbul edilməli olmasını mümkün hesab edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən tələblərini nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-3617/2023 saylı icra sənədi üzrə tələbkar Alıeva (Əliyeva) Arzu Fazil qızının tələbdən imtinası qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 231, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-3617/2023 saylı icra sənədi üzrə tələbkar Alıeva (Əliyeva) Arzu Fazil qızının tələbdən imtinası qəbul edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar