Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-8/2025 21.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, Tələbkar X2, X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-159/2023 saylı icra sənədinin “hissə-hissə icra olunması” barədə X1 ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: X4 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-159/2023 saylı qətnaməsinin hər ay 200 manat olmaqla, hissə-hissə ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. X4 ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-159/2023 nömrəli qətnaməsi ilə cavabdeh X7 iddiaçı X2 mülkiyyətində olan "Mercedes Benz 240” minik markalı ** VE *** dövlət qeydiyyat nişanlı avtomobilinə görə 4144 manat dəymiş ziyan, 1504.50 manat məbləğində avtomobilin icarə haqqı, 500 manat məbləğində vəkil xərci, 96.33 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı X3 ödənilməsi, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına 100 manat məbləğində ekspertiza xərcinin ödənilməsi qət edilmişdir. Həmin məhkəmənin xx.xx.2023-cü il tarixli e-2(006)-159/2023 nömrəli icra sənədi xx.xx.2023-cü il tarixdə Binəqədi rayon İcra şöbəsinə icraatına daxil olmuşdur. Həmin iş üzrə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmişdir. Məlumat üçün bildirir ki, həmin icraata başlanması haqqında qərarın surətini rəsmi qaydada xx.xx.2024-cü il tarixdə Binəqədi rayon İcra şöbəsində qəbulda olduğu zaman əldə etmişdir. Bildirir ki, barəsində icra sənədinə əsasən başlanmış icraat haqqında məlumatı ilk dəfə noyabr ayının sonlarında çalışdığı "xxxx" MMC-dən almışdır. Belə ki, Binəqədi rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli, e142263/2023-14-46 nömrəli məktubu ilə işəgötürəninə rəsmi qaydada məlumat verilərək əmək haqqından 6244.83 manat borcun ödənilməsi üçün hər ay borc tutulub başa çatanadək 50 % tutularaq Binəqədi rayon İcra şöbəsinin hesabına köçürülməsi xahiş olunmuşdur. Məlumat üçün bildirir ki, xx.xx.2024-cü il tarixdə Binəqədi rayon İcra şöbəsinin icra məmuru ilə görüşdə olduğu zaman tutulmaların aparılması üçün müəyyən olunmuş 50% həddinin endirilməsi üçün şifahi qaydada xahiş etmiş, lakin onun müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Əlbəttə ki, məhkəmə qərarlarını icra etmək hər kəsin borcudur. O, da öz növbəsində borcunu ödəmək üçün bundan sonra səylə çalışacağına söz verir. Lakin nəzərə alınsa ki, 3-cü dərəcəli əlildir, öhdəliyində 2 işsiz xəstə olan valideyn və 1 yeni ailə qurduğu həyat yoldaşı, həmçinin öhdəliyində 6000 manatlıq krediti var, hansının ki, aylıq ödənişi 216.61 manat təşkil edir. Öz evi yoxdur, kirayədə qalır. Maddi çətinliklə üzləşmişdir. Hər hansı mülkiyyəti də yoxdur ki, onu satıb borcunu birdəfəlik bağlasın. Eyni zamanda məhkəmənin diqqətinə çatdırır ki, yuxarıda qeyd olunan borc məbləğinin 1600 manat hissəsi bundan əvvəl tərəfindən ödənilib, hansı ki, Binəqədi rayon İcra şöbbəsinin xx.xx.2024-cü il tarixli, e142263/2023-14-46 nömrəli məktubunda ümumiyyətlə qeyd olunmamışdır. Bu günə onun cəmi 4644 manat borc qalığı var. Göründüyü kimi, əmək haqqından borcun tam bağlanması başa çatanadək 50% tutulması onun onsuzda çətin olan maddi durumunu daha da əhəmiyyətli dərəcədə pisləşdirəcəkdir. Maksimum stabil olaraq ödəyə biləcəyi məbləğ 200 manatdır. Məhkəmə iclasında X4 ərizəni müdafiə edərək, məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, yeni ailə həyatı qurmuşdur. Ailəsinə və valideynlərinə tək baxır. Hal-hazırda əmək haqqından 50% məbləğdə tutulmalar olduğu halda maddi sıxıntılar yaranacaqdır. Odur ki, ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X5 izahatında bildirdi ki, ərizədə qeyd edilən 200 manat məbləğdə ödənişin edilməsi ilə razı deyil. Qətnamənin hər ay 400-500 manat məbləğində ödəniş edilməklə, hissə-hissə icrasına razı olar. İzahatının sonunda qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə icra məmuruna məlumat verilməsinə baxmayaraq, o, naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən qətnamənin icrasına möhlət vermə və ya qətnaməni hissə-hissə icra edilməsinə dair ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə qanunvericiliyin tələblərinə əsasən ərizəyə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclu və tələbkarın izahatlarını dinləyib, ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-159/2023 saylı icra sənədinə əsasən X2 mülkiyyətində olan “Mercedes Benz 240” minik markalı, ** VE *** dövlət qeydiyyat nişanlı avtomobilə 4140 manat məbləğində dəymiş ziyan, 1504,50 manat məbləğində avtomobil icarə haqqı, 500 manat məbləğində vəkil xərci, 96,33 manat məbləğində dövlət rüsumu cavabdeh X7 tutularaq X3 ödənilməli, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərcləri X7 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. - icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-159/2023 saylı icra sənədi üzrə icraata xx.xx.2023-cü il tarixdə başlanmış, eləcə də tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. - xx.xx.2017-ci il tarixdə verilmiş 006227 saylı vəsiqənin surətinə əsasən X12 İİİ dərəcə müddətsiz əlildir. - xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 634626 saylı nikah haqqında şəhadətnamənin surətinə əsasən X12 ilə X6 arasında nikah xx.xx.2024-cü il tarixdə 7 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 1690 saylı akt qeydi ilə bağlanmışdır. - "xxxx" ASC ilə X12 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, CL-EE004553074 saylı istehlak krediti müqaviləsinə əsasən bank tərəfindən O.Əzizova 36 ay müddətinə, illik 17.9% dərəcəsi ilə 6000 manat məbləğində kredit verilmiş, aylıq ödənişin məbləği 216,62 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından da müəyyən olunur ki, məhkəmənin yuxarıda qeyd edilən qətnaməsi ilə X4ndan tələbkar X2 xeyrinə dəymiş ziyana görə 4144 manat, icarə haqqına görə 1504,5 manat, vəkil xərcinə görə 500 manat, dövlət rüsumuna görə 96,33 manat məbləğində ödənişin tutulması qət edilmiş və qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması məqsədilə aidiyyəti üzrə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə yönəldilmişdir. Lakin borclu maddi imkanının tələbkara olan borcunu birdəfəlik ödəməsinə yetərli olmadığını qeyd edərək, məhkəmə qaydasında qətnamənin hissə-hissə icra olunmasına şərait yaradılmasını xahiş etmişdir. Məhkəmə borclunun maddi imkanının aşağı olmasını, tələbkara olan borcu ilə yanaşı kredit müqaviləsi üzrə müəyyən edilmiş aylıq kredit ödənişi də ödəməli olmasını, onun qət edilmiş məbləği tam şəkildə birdəfəyə ödəmək iqtidarında olmamasını, bu səbəbdən sonuncuya qətnaməni hissə-hissə icra etməsi üçün imkanın yaradılmasını və bununla da ərizənin qismən təmin edilməsini mümkün hesab edir. Ərizəni qismən təmin edərkən məhkəmə təkcə borclunun deyil, həmçinin tələbkarın da mənafeyini nəzərə alıb, qət edilmiş məbləğin aylıq 200 manat deyil, 400 manat məbləğində hissə-hissə icra edilməsini daha məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdrilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-159/2023 saylı icra sənədi üzrə tələbkar X3 ödənilməli olan pul vəsaiti X4 tərəfindən hər ay 400 manat olmaqla hissə-hissə icra edilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-159/2023 saylı icra sənədi üzrə tələbkar X3 ödənilməli olan pul vəsaiti X4 tərəfindən hər ay 400 manat olmaqla hissə-hissə icra edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №8(006)-8/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-8/2025
21.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver