Məhkəmə qərarları › İş №8(006)-82/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-82/2024

03.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-82/2024 03.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, X1 iştirakı ilə X1 ödənilməli olan pul məbləğinin indeksasiyasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-3062/2021 saylı qətnaməsi ilə ödənilməli olan pul məbləğinin istehlak qiymətləri indeksi səviyyəsinə uyğun olaraq indeksasiyasıya olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3062/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi qüvvəyə minmişdir. Lakin, qətnamənin icrası üç ilə yaxındır ki, icra olunmur. Qətnamə çıxarıldığı dövrdən indiyədək, tutulan pul məbləği öz dəyərini itirmişdir. X3 ərizəsini dəqiqləşdirərək, ödənilməli olan pul məbləğinin xx.xx.2021-ci il tarixindən hesablanmaqla tutulmasını xahiş etdi. Məhkəmə iclasında X2 ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdi. Borcluya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 9 saylı Cəzaçəkmə müəssisəsi vasitəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etmək istəyini yaxud ərizəyə münasibətini bildiməmişdir. Məhkəmə tələbkarın izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş materialları araşdırıb hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 2(006)-3062/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclular X6 və Borclu müştərək qaydada cəmi 336 000 manat məbləğində pul alınaraq X2na ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. İstinad olunan prosessual normanın tələbindən müəyyən olunur ki, qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirməsi mümkündür. Məhkəmə qeyd edir ki, pul məbləğinin indeksasiyası dedikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin qanunla müəyyən edilmiş əsaslarla və qaydada artırılması başa düşülür. Pul məbləğlərinin indeksasiyası, hər şeydən əvvəl istehlak qiymətlərinin artması ilə əlaqədar həmin məbləğin dəyərini qorumaqla vətəndaşın qanuni mənafeyini müdafiə etmək məqsədi daşıyır. Ödənilməli olan pul vəsaiti inflyasiya və s. kimi mənfi iqtisadi proseslər nəticəsində öz dəyərini əhəmiyyətli şəkildə itirmişdirsə və bununla əlaqədar olaraq həmin məbləğin alıcılıq qabiliyyəti aşağı düşmüşdürsə, belə hallarda məhkəmə prosesi tərəflərinin pozulmuş hüquqlarının bərpası üçün həmin məbləğin indeksasiya edilməsi zərərəti yaranır. Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında Azərbaycan Respublikasının 17 iyun 1992-ci il Qanununun 1-ci maddəsinə əsasən, indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmidir. Həmin Qanunun 2-ci maddəsinə müvafiq olaraq, vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. Məhkəmə yuxarıda istinad olunanlara əsasən ərizəçinin hazırkı ərizəni verməkdə haqlı olduğu eyni zamanda tutulmalı olan pul məbləğinin indeksasiyasının müddətinin tələbkarın tələb etdiyi müddətdən hesablanması qənaətinə gəlir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3062/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinin qüvvəyə minməsi xx.xx.2021-ci il tarixdə qeyd edilməklə həmin tarixdə icra sənədi icra edilməsi üçün icra şöbəsinə göndərilmişdir. Sonradan apellyasiya və kassasiya şikayətləri verilsə də, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3062/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Məhkəmə 336 000 manat pul vəsaitinin indeksasiyası nəticəsində hazırkı dəyərinin nə qədər olduğunu müəyyən etmək üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, istehlak qiymətləri indeksi (faizlə) 2022-ci ilin sentyabr ayında 2021-ci ilin sentyabr ayına nisbətən 115.6 faiz, 2023-cü ilin fevral ayında 2022-ci ilin fevral ayına nisbətən isə 106.2 faiz təşkil etməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin stat.gov.az rəsmi internet səhifəsindən alınan məlumatlara əsasən hazırkı ekspertiza tədqiqatı ilə 2021, 2022 və 2023-cü il üzrə müəyyən edilmiş istehlak qiymətləri indekslərini nəzərə alaraq, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixə qədər indeksasiya faizi 23.8 faiz təşkil etməklə məbləğ 415.968 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 7.0 faiz təşkil etməklə məbləğ 359520 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək dövr ərzində 0.8 faiz təşkil etməklə məbləğin 338.688 manat olması müəyyən edilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, pul məbləğlərinin indeksasiyası, istehlak qiymətlərinin artması ilə əlaqədar həmin məbləğin dəyərini qorumaqla şəxsin qanuni mənafeyini müdafiə etmək məqsədi daşıdığından, ərizəçinin indeksasiya tələbi təmin edilməli, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü ilədək olan dövr baxımından əsaslı hesab edilərək məhkəmə aktı ilə ödənilməsi qət edilmiş pul məbləği indeksasiya edilməklə X4 X5 xeyrinə 79 968 manat məbləğində vəsait tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 100 manat borclu X4 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 232.3.-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 232, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü ilədək olan dövr üçün 336.000 manat vəsait indeksasiya edilməklə X4 X5 xeyrinə 79 968 manat məbləğində vəsait tutulsun. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat borclu X4 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar