Məhkəmə qərarları › İş №8(006)-9/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-9/2023

16.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-9/2023 16.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X4 oğlunun katibliyi, İcra sənədi üzrə tələbkar "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə Nəsimi rayon İcra şöbəsinin icra məmuru Rüfət Şıxəliyevin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6409/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə Borclu məxsus daşınar əmlakın (avtomobil) üzərinə həbs qoyulmasına dair təqdimatına Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nəsimi rayon İcra şöbəsinin icra məmuru Rüfət Şıxəliyev məhkəməyə təqdimatla müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6409/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Borclu məxsus olan “BMW 316” minik markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmasına dair qərardad verilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 6409/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, Borclu 924 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq, tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “BMW 316” minik markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Göstərilənlərə əsasən, təqdimatın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar "xxxx" MMC-nin nümayəndəsi X2 təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, təqdimat vermiş şəxs Nəsimi rayon İcra şöbəsinin icra məmuru Rüfət Şıxəliyev və Borclu məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Təqdimata əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6409/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, Borclu 840 (səkkiz yüz qırx) manat ödənilməmiş məbləğ, 84 (səksən dörd) manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 954 (doqquz yüz əlli dörd) manat məbləğində pulun alınaraq "xxxx" MMC-yə verilməsi qərara alınmışdır. Təqdimata əlavə edilmiş “Elektron icra” informasiya sistemindən çıxarışdan görünür ki, “BMW 316” minik markalı avtomobil Borclu məxsusdur. İcra işinin materiallarında olan xx.xx.2022-ci il tarixli borclunun əmlakının üzərinə həbs qoyulması haqqında qərardan görünür ki, Borclu mülkiyyətində olan “BMW 316” minik markalı **- XK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. İcra işinin materiallarında olan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6409/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan “BMW 316” minik markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması ilə bağlı icra məmurunun qərarı icra edilməsi üçün Azərbaycan Respublikası Baş X5 İdarəsinə göndərilmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6409/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən, Borclu 840 (səkkiz yüz qırx) manat ödənilməmiş məbləğ, 84 (səksən dörd) manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 954 (doqquz yüz əlli dörd) manat məbləğində pulun alınaraq "xxxx" MMC-yə verilməsi qərara alınmışdır. İcra vərəqəsi üzrə icraata başlanılmış və Borclu tələbi könüllü icra etmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdarlıq edilmiş, lakin borclu tərəfindən tələb icra edilməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə aparılmış icra hərəkətləri nəticəsində Borclu mülkiyyətində “BMW 316” minik markalı avtomobilin olması müəyyən edilmiş, icra məmurunun xx.xx.2022-ci il tarixli borclunun əmlakının üzərinə həbs qoyulması haqqında qərarı ilə həmin avtomobilin üzərinə həbs qoyulması qərara alınmış və qərar icra edilməsi üçün həmin tarixdə Azərbaycan Respublikası Baş X5 İdarəsinə göndərilmişdir. Hazırda icra məmuru Rüfət Şıxəliyev məhkəməyə təqdimatla müraciət edərək, Borclu məxsus olan “BMW 316” minik markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsinə əsasən, icra məmuru borclunun əmlakının və ya uşağının axtarılması barədə qərar qəbul edir. Həmin Qanunun 43-cü maddəsinə görə, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biridir. Qanunun 44.1.3-cü maddəsində qeyd edilir ki, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarından biridir. Sözügedən Qanunun 45.1-ci maddəsinə müvafiq olaraq, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Qanunun 50.4.1-ci maddəsinə görə, borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün həbs qoyulur. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. İcra məmurunun xx.xx.2022-ci il tarixli borclunun əmlakının üzərinə həbs qoyulması haqqında qərarı əsasında müəyyən olunur ki, Borclu məxsus olan “BMW 316” minik markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulması qərara alınmış, həmin qərar icra edilməsi üçün Azərbaycan Respublikası Baş X5 İdarəsinə göndərilmişdir. Göründüyü kimi, xx.xx.2022-ci il tarixli borclunun əmlakının üzərinə həbs qoyulması haqqında Qərara əsasən icra məmuru tərəfindən icra tədbirləri həyata keçirilmiş, təqdimatda qeyd olunan əmlakın üzərinə həbs artıq qoyulmuş, icra edilməsi üçün müvafiq orqana göndərilmişdir. Məhkəmə bu xüsusatı nəzərə alaraq hesab edir ki, əmlakın üzərində eyni məsələ ilə bağlı həbs artıq mövcud olduğundan, yenidən eyni məsələ ilə əlaqədar həbsin qoyulmasına prosessual və hüquqi qənaət prinsipini nəzərə almaqla ehtiyac qalmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru Rüfət Şıxəliyev tərəfindən verilmiş təqdimat təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Nəsimi rayon İcra şöbəsinin icra məmuru Rüfət Şıxəliyevin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6409/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə Borclu məxsus daşınar əmlakın (avtomobil) üzərinə həbs qoyulmasına dair təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar