Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(006)-92/2023 02.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)- 4935/2022 saylı icra sənədinə əsasən Borclu məcburi gətirilməsinə dair Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək, Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)-4935/2022 saylı icra sənədinə əsasən xx.xx.2016-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Borclu hər ay aylıq qazancının və başqa gəlirinin ¼ hissəsi miqdarında aliment tutularaq iddiaçı X2 verilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş, lakin edilmiş xəbərdarlıqlara baxmayaraq icra sənədi üzrə tələbi təmin etməmişdir. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X3 təqdimatı müdafiə etdi, təqdimatın məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, məhkəmə qətnaməsi ilə alimentin 2022-ci ilin sentyabr ayından etibarən tutulması qət edilmişdir. Lakin borclu tərəfindən bu vaxta qədər yalnız bir dəfə oktyabr ayında ödəniş edilmişdir. Sonradan isə borclu icra sənədi üzrə tələbi icra etməkdən boyun qaçırmış, telefon zənglərinə cavab verməmiş və İcra şöbəsinə könüllü surətdə gəlməkdən yayınmışdır. Habelə borclu məhkəmə iclasında iştirak edərkən borcunu ödəyəcəyini bildirsə də, onun tərəfindən ödəniş edilməmişdir. Göstərilənlərə əsasən təqdimatın təmin edilməsini xahiş etdi. İştirak etdiyi əvvəlki məhkəmə iclasında Borclu izahatında bildirmişdir ki, icra sənədi üzrə iki ay, sentyabr və oktyabr aylarının ödənişlərini etmiş, lakin qalan dörd ayın ödənişini etməmişdir. Dekabr ayının on ikisi öz ərizəsi ilə işdən çıxmışdır. Qalan məbləği isə bu ay ödəmək niyyətindədir. Göstərilənlərə əsasən borcunu ödəməsi üçün ona qısa müddət ərzində vaxt verilməsini xahiş etmişdir. İş üzrə tələbkara və borcluya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə icra məmurunun izahatını dinləyib, təqdimatı və ona əlavə olunmuş materialları araşdıraraq, hazırki təqdimatın obyektiv və hərtərəfli araşdırılması məqsədilə tələb edilmiş e256842/2022-5-1-001 saylı icra işində olan sənədlərə baxış keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)-4935/2022 saylı icra sənədindən görünür ki, xx.xx.2016-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Borclu hər ay aylıq qazancının və başqa gəlirinin ¼ hissəsi miqdarında aliment tutularaq iddiaçı X2 verilməli, alimentin tutulma müddəti xx.xx.2022-ci il tarixdən müəyyən edilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli qərar və bildirişin surətlərindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)-4935/2022 saylı icra sənədi üzrə icraat başlanılmış, xx.xx.2022-ci il tarixdə könüllü icra barədə bildiriş borclunun ünvanına göndərilmiş, həmçinin “SMS bildirişin” göndərilməsi barədə çıxarış iş materiallarına əlavə olunmuşdur. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X1 xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Borclu Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsində göstərilir ki, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qanunvericiliyin mənasına görə borclunun icra şöbəsinə məcburi gətirilməsi yalnız, onun icra məmurunun çağırışına məhəl qoymadığı, yəni müəyyənləşdirilmiş qaydada dəvət olunmasına baxmayaraq, bundan imtina etdiyi təqdirdə mümkündür. Həmin Qanunun 84.3-cu maddəsinin tələbinə görə, bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alıb hesab edir ki, təqdimat əsaslı hesab edilməklə, təmin edilməlidir. Belə ki, işin hallarının hərtərəfli araşdırılması məqsədilə borclunun iştirakı təmin edilmiş və məsələyə dair sonuncunun izahatı alınmışdır. Məhkəmə iclasında iştirak edən borclu aliment borcunu ödəyəcəyini qeyd edərək, ona vaxt verilməsini xahiş etmiş və məhkəmə borclunun xahişini nəzərə alıb, ona borcunu ödəməsi üçün vaxt verməklə, məhkəmə iclasını növbəti tarixə təxirə salmışdır. Lakin borclu tərəfindən ödəniş edilməmiş, habelə onun xahişi ilə təxirə salınmış məhkəmə iclasında iştirak etməmişdir. Borclu tərəfindən hər hansı bir ödənişin edilməməsinə dair hallar məhkəmə iclasında iştirak etmiş icra məmurunun izahatı ilə də öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Borclu icra məmurunun çağırışına gəlməkdən üzrsüz səbəbdən yayındığından, o, məcburi gətirilməlidir. Şərh olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)- 4935/2022 saylı icra sənədi üzrə Borclu Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №8(006)-92/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №8(006)-92/2023
02.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver