Məhkəmə qərarları › İş №8(007)-123/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-123/2024

08.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-123/2024 08.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Tələbkar, X1 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-2249/2023 saylı icra sənədinin hissə-hissə icra edilməsinə dair ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)- 2249/2023 saylı icra sənədinin hissə-hissə icra edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2249/2023 saylı, 19 iyun 2023-cü il tarixli icra sənədinə əsasən ondan 15435,9 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Maddi durumu qənaətbəxş olmadığından, işlədiyi müəssisədə 515 manat əmək haqqı alıdığından, həmin əmək haqqının 418 manatı bank tərəfindən kredit borcu kimi tutulduğundan, daşınmaz və daşınar əmlakı olmadığından borcu birdəfəlik ödəmək iqtidarında deyil. Qeyd edilənlərə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-2249/2023 saylı icra sənədinə əsasən ondan tutulmalı olan 15435,9 manat pul vəsaiti və dövlət rüsumunun hissə-hissə ayda 500 manat olmaqla, icra olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Tələbkar ərizənin təmin edilməməsini xahiş etdi. O, borcun hissə-hissə ödənilməsinə razı deyil. Borcluya pulu necə veribsə, o, şəkildə ona tam qaytarsın. Onun pula ehtiyacı var. Borclunun kifayət qədər gəliri var, evini sataraq, hər ay 500 manat gəlir əldə edir. Borclu əmlakını sataraq, ona olan borcunu ödəyə bilər. Məhkəmə qətnaməsi çıxmadan əvvəl borclu hər ay 1000 manat, sonra 500 manat borcundan ödəyəcəyini desə də, vədinə əməl etməyib. Borclu icra sənədi üzrə 500 manat ödəniş etdiyini bildirsə də, o, həmin pulu təhvil almayıb. Məhkəmə iclasında X2 ərizənin dəlillərinə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, keçən ay 500 manat tələbkara ödəyib. Onun himayəsində iki övladı var. Maddi cəhətdən çətinlikləri var. O, işləyir, aylıq əmək haqqı məbləği 515 manatdır. Borcu birdəfəlik ödəmək iqtidarında deyil. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş icraatında icra sənədi olan icra məmuru məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə ərizəyə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, ərizəni təqdim edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, hesab edir ki, ərizə təmin olunmamalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2015-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələni həll etdikdə, təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi”nin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbul edilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997ci il tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-2249/2023 saylı icra sənədinə əsasən iddia təmin edilərək, cavabdeh X3 15300 manat məbləğində pul və ödənilmiş 135,90 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı Tələbkar ödənilməsi, ödənilmiş dövlət rüsumunun 0,10 manatı iddiaçı Tələbkar aid edilməsi qət edilmişdir. Sözügedən icra sənədi xx.xx.2024-cü il tarixdə icra şöbəsinin icraatına daxil olmuş və qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraya yönəldilmişdir. Lakin borclu icra məmuru tərəfindən ona verilmiş könüllü icra müddətində icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(007)-1405/2024 saylı qərarı ilə X5 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İş materiallarna əlavə edilmiş mədaxil qəbzinin surətinə əsasən borcu tələbkara 500 manat pulun göndərilməsini təmin etmişdir. Borclu qətnamənin hissə-hissə icra olunması üçün Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin borclunun əmlak vəziyyətinə və digər hallara əsasən qətnaməni hissə-hissə icra etdirməyə haqlı olması ilə bağlı qənaətə gəlməsini əsaslı edə biləcək mötəbər sübutunu ərizəsinə əlavə etməmiş və məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, X1 hazırkı ərizəsində qeyd etdikləri onun qətnaməni hissə-hissə icra etməsi ilə bağlı qərar qəbul edilməsinə əsas ola bilməz. Belə ki, məhkəmə göstərilənləri ümumiləşdirərək qeyd edir ki, borclunun hazırkı mövqeyi, yəni borcun hər ay 500 manat ödənilməsi qətnamənin icrasının ağlabatan olmayan müddətdə təmin olunması, xeyrinə qərar çıxarılmış tələbkarın isə hüquqlarının və qanunla qorunan mənafeyinin pozulması deməkdir. Beləliklə, məhkəmə hesab edir ki, X1 qətnamənin hissə-hissə icra edilməsi ilə bağlı ərizəsinin təmin edilməsi üçün heç bir əsas yoxdur, ona görə borclunun ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)- 2249/2023 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar