Məhkəmə qərarları › İş №8(007)-131/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-131/2024

16.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-131/2024 16.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclasının katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Tələbkar X2 iştirakı ilə, Bakı şəhər Nizami rayon İcra şöbəsinin icra məmuru Türkan Hümbətzadə tərəfindən Borclu barəsində verilmiş “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Tələb :

1. Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru Türkan Hümbətzadə Borclu barəsində “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” təqdimatla Bakı şəhər Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Təqdimatın əsaslandırıldığı hallar :

2. xx.xx.2022-ci il tarixli qərarla icraata başlanılmış Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1240/2022-013 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu birgə nikahdan doğulmuş 02 aprel 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 193 manat sabit pul məbləğində aliment X2 xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2022-ci il tarixində Bakı şəhəri Nizami rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.

İş materialları :

3. Bakı şəhər Nizami rayon Məhkəməsinin 2(007)-1240/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən müəyyən edilir ki, iddianın təmin edilməsi, X3 ilə Borclu arasında 5 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsində 19 may 2019-cu il tarixdə bağlanmış 1660 nömrəli nikah akt qeydinin pozulması, birgə nikahdan doğulmuş 02 aprel 2020-ci il təvəllüdlü X1 anası X2 himayəsində saxlanılması, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 193 manat sabit pul məbləğində alimentin X2 xeyrinə tutulması qət edilmişdir.

4. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərarına və “tələbin könüllü icrası haqqında” bildirişə əsasən müəyyən olunur ki, Bakı şəhər Nizami rayon Məhkəməsinin 2(007)-1240/2022-013 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi həmin tarixdə icraata qəbul edilərək icraata başlanılmış və Borclu tələbin icrası üçün 10 gün könüllü icra müddəti verilmişdir.

Tərəflərin mövqeləri:

5. Borclu məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

6. Məhkəmə iclasında iştirak edən tələbkar X3 məhkəmədən təqdimatın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, Borclu məhkəmə qətnaməsi icraya yönəldikdən sonra 2023-cü il tarixdə heç bir ödəniş edilməmişdir. Borclu aliment borcunu ödəməkdən yayındığı üçün icra məmuru tərəfindən bu ilin mart ayında inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə təqdim edilmişdir. Borclunun atası rəhmətə getdiyi üçün məhkəmə iclası təxirə salınmaqla vaxt verilmiş və həmin müddət ərzində yaranmış aliment borcundan 500 manat ödəniş edilmişdir. Bu səbəbdən məhkəmə tərəfindən onun barəsində olan iş üzrə icraata xitam verilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra borclu tərəfindən 200 manat ödəniş edilmişdir. Lakin 2 aydır ki onun tərəfindən ödəniş edilmir.

7. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq :

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.2. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 231.3. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. 231.4. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər.

9. Azərbaycan Respublikasının Konstitusiyası :

Maddə 28. İİİ. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.

10. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunu :

8.1. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. 12.1. Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. 84-1.1. Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.

11. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” təlimat :

2.1. Məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. 2.2. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 2.2.1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir. 2.2.2. icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir. 2.2.3. borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. 2.4. Təqdimatda borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur. Təqdimata icraat materialının, o cümlədən borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün verilmiş müddət barədə bildiriş və onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubu) və ya şəxsən verilməsi barədə sənədin surəti əlavə edilir.

Məhkəmənin mövqeyi :

12. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir.

13. Belə ki, icra haqqında qanunvericiliyə əsasən icra sənədi icraata daxil olduqdan sonra icra məmuru 3 gün müddətində icraata başlamaq haqqında qərar qəbul edərək tərəflərə göndərir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Borclu tərəfindən tələb könüllü icra müddətində icra edilmədikdə icra məmuru icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Borclu tərəfindən tələb könüllü icra edilmədikdə icra haqqında qanunvericilikdə icra sənədinin icrasını təmin etmək məqsədi ilə məsuliyyət tədbirləri müəyyən edilmişdir.

14. “İcra haqqında” Azərbaycan Respublikası Qanununda icra sənədinin icrasını təmin etmək məqsədi ilə müəyyən edilmiş məsuliyyət növlərindən biri borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasıdır.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X4 (X7) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 26 may 2017-ci il qərarında qeyd edilir ki, adıçəkilən tədbir borclunun cəzalandırılması vasitəsi deyil, onun tərəfindən məhkəmə qərarı ilə müəyyən olunmuş öhdəliklərin yerinə yetirilməsinə xidmət edir.

16. Qeyd etmək lazımdır ki, şəxsin Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilməsi konstitusion hüquqdur. Bu hüquq yalnız icra məmurunun təqdimatı əsasında məhkəmənin qərarı ilə məhdudlaşdırılır.

17. Borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında təqdimatın təmin edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar olmalıdır. Belə ki, icra haqqında qanunvericiliyə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

18. Həmçinin icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edərkən “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” təlimatda müəyyən edilmiş şərtlərə riayət etməklə müraciət etməlidir.

19. Qeyd edilən təlimata əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin etməli və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməlidir.

20. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Bakı şəhər Nizami rayon Məhkəməsinin 2(007)-1240/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 02 aprel 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 193 manat sabit pul məbləğində aliment X2 xeyrinə tutulması qət edilmişdir.

21. İcra sənədi xx.xx.2022-ci il tarixdə icraya yönəldilmiş və xx.xx.2022-ci il tarixdə icra məmuru tərəfindən icraata qəbul edilməklə icraata başlanılmış, borcluya “tələbin könüllü icrası haqqında” bildiriş göndərilmişdir.

22. İcra sənədinin icrasını təmin etmək məqsədilə icra məmuru tərəfindən müvafiq tədbirlər görülməsinə baxmayaraq borclu yaranmış aliment borcunu tam şəkildə ödəməmişdir.

23. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Borclu barəsində xx.xx.2022-i il və xx.xx.2024-cü il tarixlərdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin borclu həmin məhkəmə iclaslarında verdiyi izahatlarda borcu ödəyəcəyinə dair öhdəlik götürdüyü, habelə son inzibati xəta haqqında iş üzrə məhkəmə prosesində yaranmış aliment borcundan 500 manat ödəniş etdiyi üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir.

24. İşin araşdırılan hallarından görünür ki, Borclu barəsində xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edildikdə icra sənədi üzrə 2699 manat aliment borcu olmuş, həmin məhkəmə prosesində yaranmış aliment borcundan 500 manat ödəniş edilmiş, daha sonra 200 manat ödəniş edilmişdir. Lakin yaranmış aliment borcunu tam şəkildə ödəməmiş, icra sənədinin icrasından yayınmışdır.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 may 2017ci il qərarında qeyd edilir ki, “İcra haqqında” Qanunda mütənasiblik prinsipi birbaşa nəzərdə tutulmasa da, müvafiq məhdudiyyətin tətbiq olunması zamanı həmin prinsipin tələblərinin nəzərə alınması vacibdir. Belə ki, mütənasiblik prinsipi Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.4-cü maddəsində əks olunaraq konstitusiya statusu alıb və onun tələbləri konstitusiya hüquq və azadlıqlarının məhdudlaşdırılması zamanı nəzərə alınmalıdır.

26. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarında da icra icraatı zamanı mütənasiblik prinsipinə riayət olunmasının, tələbkarın və borclunun hüquq və qanuni maraqlarının balansının təmin edilməsinin vacibliyi vurğulanmışdır.

27. Qanunverici məhz mütənasiblik prinsipi baxımından yalnız icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda və üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının mümkünlüyünü müəyyən etmişdir.

28. İşin məhkəmə tərəfindən araşdırılan hallarından görünür ki, Borclu icra sənədinin icrasından üzrsüz səbəbdən yayınmışdır. Belə ki, işin araşdırılan hallarından görünür ki, Borclu yalnız onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə məhkəməyə müraciət edildikdən sonra yaranmış aliment borcundan qismən ödəniş etmiş, inzibati məsuliyyətdən yayınmışdır. Qeyd edilənlər onu deməyə əsasə verir ki, borclu yaranmış aliment borcunu ödəməkdən qərəzli şəkildə yayınır.

29. Məhkəmə Bakı şəhər Nizami rayon Məhkəməsinin 2(007)-1240/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icraya yönəldilməsinə baxmayaraq borclunun bugünki tarixədək icra sənədinin icrasından yayınmasını, icra sənədi üzrə tutulmalı olan aliment məbləğini, tələbkarın mənafeyini, həmçinin uşaqların mənafeyini, onların maddi təminat almaq hüququnu, qidaya və təhsili, inkişafı üçün zəruri olan digər xərclərə tələbatlarını mütənasiblik prinsipi baxımından nəzərə alaraq qeyd edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.

Nəticə :

30. Beləliklə, məhkəmə qeyd edir ki, Bakı şəhər Nizami rayon Məhkəməsinin 2(007)- 1240/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu tərəfindən həmin icra sənədinin icrası üzrsüz səbəbdən təmin edilmədiyindən icra məmurunun təqdimatı təmin edilməli, Borclu ölkədən getmək hüququ Bakı şəhər Nizami rayon Məhkəməsinin 2(007)- 1240/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası təmin edilənədək müvəqqəti məhdudlaşdırılmalıdır.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 267, 268, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

Təqdimat təmin edilsin. Borclu ölkədən getmək hüququ Bakı şəhər Nizami rayon Məhkəməsinin 2(007)- 1240/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası təmin edilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Bakı şəhəri Nizami rayon İcra şöbəsinə tapşırılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar