Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-135/2023 11.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, X4 katibliyi, İcra məmuru X1, Tələbkar, Borclu Məmmədova (Aslanova) Şəfa Fazil qızının iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2299/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin olunması məqsədilə “Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 137A saylı evin 510 saylı mənzilinin qapısının məcburi qaydada açılması” barədə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2299/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Tələbkar Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 137A saylı evin 510 saylı mənzilinə köçürülüməlidir. İcra sənədi icra olunması üçün Bakı şəhəri Nizami rayon İcra şöbəsinə göndərilmişdir. İcra məmuru Əlihüseyn Aslanov təqdimatla məhkəməyə müraciət edərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2299/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin olunması məqsədi ilə Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi 137 A saylı evin 510 saylı mənzilinin qapısının məcburi qaydada açılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmış, borclu X3 tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Borclu Şəfa Məmmədova icra sənədinin icrası ilə əlaqədar müəyyən edilən gündə icradan boyun qaçıraraq icra sənədinin icrasını təmin etməmiş və Tələbkar Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 137A saylı evin 510 saylı mənzilinə köçürülməsinə şərait yaratmamışdır. Belə olan halda Tələbkar ərizə ilə şöbəyə müraciət edərək həmin mənzilin qapısının məcburi qaydada açılmasına dair təqdimatla məhkəməyə müraciət etməyi xahiş etmişdir. Məhkəmə iclasında İcra məmuru X2 təqdimatın və xx.xx.2023-cü il tarixli aktın məzmununa uyğun izahat verərək, onların təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən müəyyən edilən icra sənədinin icrası ilə bağlı müəyyən edilən günlər borclu Şəfa Məmmədova icra sənədinin icrasından boyun qaçırmış, tələbkarın evə köçürülməsinə şərait yaratmamışdır. Məhkəmə tərəfindən tərəflərlə razılaşdırılaraq iclas təxirə salınmaqla müəyyən olunmuş vaxtda borcu gələrək mənzilin qapısını açmamış və məhkəmə qətnaməsini icrasına şərait yaratmamışdır. Məhkəmə iclasında Tələbkar təqdimatın və xx.xx.2023-cü il tarixli aktın məzmununa uyğun izahat verərək, onların təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, xx.xx.2022-ci ildə evin kilidini dəyişmiş, həmin gün icra məmuru telefon vasitəsilə borclu ilə əlaqə saxlayanda borclunun gələ bilməyəcəyi məlum olmuşdur. Dəfələrlə zəng edilməsinə, xəbərdarlıq edilməsinə baxmayaraq borclu gah xəbəri olmaması, gah da SMS bildiriş almaması əsası ilə hər dəfə müxtəlif bəhanələr edərək gəlməmişdir. O, 2017-ci ildə qapını kilidlədiklərinə görə şəxsi əşyalarının olduğu evə daxil ola bilməmişdir. O zaman onlar barışmışlar. Lakin 2020-ci ildə yenidən bu hal təkrarlanmışdır. Bir müddət sonra borclu ona boşanmaq istədiyini bildirmiş və o da razılaşmışdır. Hal-hazırda həmin evdə onun şəxsi əşyaları var. 2012-ci ildə mübahisəli ev alınmışdır və onun şəxsi mülküdür. O, Azərbaycana 2022-ci ilin dekabr ayının 15-də dekabr ayının 16-sı burada iştirak edə bilməsi üçün gəlmişdir. Qardaşı onu polis əməkdaşı adı ilə evə çağırdıqlarını bildirmişdir. Qapını açıb-açmamaqla bağlı onun fikrini soruşanda o da açmasını və açdıqdan sonra borclu və qardaşının evə qanunsuz girdiyini söyləmişdir. O, evin qapısının çərçivəsinin kənarını sökmüşdür. Bununla bağlı borclu 102 Polis Xidmətinə guya evə oğru girib deyə məlumat vermişdir. O, evin arxa tərəfində qapının üzərində olan açarı götürmüş, evə girməmiş, açardan həmin vaxt və sonra da istifadə etməmişdir. Qapının 2 kilidi var. Biri işləkdir, digəri isə işlək deyil. O da icra məmurunun yanında qapının açılması ilə bağlı ərizə yazmışdır. Polis əməkdaşları da məhkəməyə müraciət etmələrini söyləmiş və o da polis əməkdaşlarını dinləyib məhkəməyə müraciət etmişdir. Bundan sonra yenidən gün təyin edilmiş, 6 yanvar və 13 mart aktlaşdırılma aparılmışdır. Orada hamı bilir ki, bu ev onundur. O, həmçinin bildirdi ki, 3 ildir evində yaşaya bilmir. O, ölkə xaicində də olur, burada olanda valideynlərinin evində də yaşayır. Borclu isə gah mübahisəli mənzildə yaşayır, gah da valideynlərinin evində yaşayır. Övladı onu görəndə ağlayır, halbuki o, onun üçün lazım olan hər bir şeyi etmişdir. O, neçə illərdir ki, övladına, uşağın psixologiyasını düşündüyünə görə susmuşdur. O, məhkəmənin icazəsi və icra məmuru olmadan içəri daxil ola bilmir. Məhkəmə tərəfindən iclas təxirə salınmaqla müəyyən olunmuş vaxt yenə borcu bəhanə edərək onun mənzilə köçürülməsinə mane olmuşdur. Hazırda borclunun izahatında bildirdiyi borcun bu işlə heç bir əlaqəsi yoxdur. Bununla bağlı məhkəmə ayrı qətnamə çıxarmışdır. Məhkəmə iclasında borclu Məmmədova (Aslanova) Şəfa Fazil qızı təqdimatla razı olmadığını bildirdi və əlavə olaraq qeyd etdi ki, əgər qapı sındırılıbsa, qapının kilidi dəyişdirilibsə, tələbkar evə girə bilməməkdən necə danışa bilər? Belə ki, tələbkar 06 yanvar 2023-cü il tarixində qapının kilidini qırmışdır. Bununla bağlı videogörüntülər də var. İcra sənədinin icrası ilə bağlı 2022-ci ilin dekabr ayında müraciət edilmiş, lakin o, xəstələndiyini bildirdiyi üçün baxış yanvar ayının 6-da baş tutmuşdur. Mübahisəli evdə qalmaq üçün gələndə qonşular evin kilidinin dəyişdirildiyini ona bildirmişdir, o da məcbur olaraq çilingər çağıraraq həmin kilidi dəyişdirərək evə daxil olmuşdur. İcra məmuru gəlib qapının açıq olmadığını görüb getmişdir. Hal-hazırda icra məmuru özü etməli olduğu işi məhkəməyə yönəldir. O, icra məmuruna teleqram vuraraq övladını müalicə etdirdiyi, sistem qoşdurduğu üçün evdə olmadığını bildirmişdir. Tələbkarın orada heç bir əşyası yoxdur. Tələbkar atası ilə birlikdə küt alətlə evin qapısını sındırıblar. Qonşular tərəfindən 102 Polis Xidmətinə qapını qıran zaman onların da evinə zərər dəydiyi üçün müraciət edilmişdir. Tələbkar ümumiyyətlə məsuliyyətli deyil. Həmin evdə övladının da əşyasının olduğunu düşünmür. Onu da dəfələrlə ölümlə hədələmişdir. Evin hər tərəfində, xüsusən də otaqlarda evdə dayə olduğu üçün kameralar var. O, tələbkarın xalası, xalasının yoldaşı Cavad əmi ilə də əlaqə saxlamışdır. Bu insanın 5000 manata yaxın ödənilməmiş aliment borcu var. Həmçinin, birgə nikah dövründə 10000 manat məbləğində avtomobil alınmış və həmin məbləğ boşanandan sonra aralarında bölünmüşdür. Tələbkar hazırda həmin vəsaitləri ona qaytarsa o da mübahisəli mənzildən çıxacaqdır. Fakt budur ki, tələbkarda evin açarı var. O, bu insanın Gürcüstanda, Zabratda və ya başqa yerdə yaşamağı ilə bağlı izləyə bilməz və onun uşağı onunla yaşamaq istəmir, övladına travma yaşadır. Övladı qonşunun qapısı döyüləndə sanki evlərinin qapısı qırılırmış kimi hiss edir. Tələbkar "xxxx" ASC-yə 2020-ci ilin noyabrında müraciət etmişdir ki, qazın verilməsi dayandırılsın. Qaz kəsildikdən sonra o, məhkəməyə müraciət etmiş, ondan sonra qazın müvəqqəti dayandırılmasını və açılacağını ona bildirmişlər. Həmin gün o, qışın soyuğunda, qar yağan bir ərəfədə təbii qazdan istifadə edə bilməmişdir. Bundan sonra övladı xəstələnmiş, o da ağciyərlərinə, bronxlarına görə pediatra müraciət etmişdir, bununla bağlı pediatrdan arayışı da var. Tələbkar bir ata kimi öz borcunu yerinə yetirə bilmir. Əgər qapı yararsız vəziyyətdədirsə, açarı da varsa hansı qərardan söhbət gedə bilər? Fakt budur ki, tələbkarın açarı varsa, evə daxil ola bilər. Hansı ki, tələbkarın mart ayının 13-də qapını sındırıb götürdüyü açar özündədir. Həmin vaxt da evin kilidi dəyişdirilməmişdir. Hazırda da qapı qırıqdır, tələbkar istəsə yenidən qırıb içəri daxil ola bilər. Qapı yararsız vəziyyətdədir, icra məmuru özü də gəlib baxanda bunu görəcəkdir. O, tələbkarın evə gəlməsinə etiraz etmir, maneə yaratmır, lakin onun onu öldürməyəcəyinə də heç kəs təminat verə bilməz. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş materialları araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş icra məmuru hal şahidi Sədi Hüseynov və tələbkar tərəfindən imzalanaraq xx.xx.2022-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2299/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 137A saylı evin 510 saylı mənzilinin qapısı döyülmüş, lakin qapı açılmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə işin icrası başqa vaxta təxirə salınmışdır. Bununla bağlı borcluya, tələbkara və Nizami RPİ-nin 24-cü Polis Bölməsinin rəisinə, "xxxx" MTK-ya işin icrası barədə məlumat verilmişdir. Həmin işin icrası həmin vaxt baş tutmadığından icra məmurları Əlihüseyn Aslanov, Tahir Ağayev, hal şahidi Sədi Hüseynov, Tələbkar tərəfindən imzalanaraq xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2299/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 137A saylı evin 510 saylı mənzilinin qapısı döyülmüş, lakin qapı açılmamışdır. İcra vərəqəsinin icrası ilə bağlı borcluya məlumat verilsə də, icra yerinə gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən icra vərəqəsinin icrası mümkün olmamışdır. Bundan sonra tələbkar icra şöbəsinə ərizə ünvanlayaraq həmin mənzilin giriş qapısının açılması ilə bağlı məhkəməyə təqdimat verilməsini xahiş etmişdir. Eyni zamanda, məhkəmə tərəfindən icra sənədinin icrasını təmin etmək məqsədi ilə məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında tərəflərə xx.xx.2023-cü il tarixdə, saat 18:00-da mübahisəli mənzilə gedilməsi və mənzilin qapısının açılması bildirilmiş, tərəflər razılaşmış və bununla bağlı məhkəmənin iclası təxirə salınmışdır. Lakin borclu tərəfindən yenidən uşağının xəstə olması əsası ilə icra tədbiri zamanı iştirak edilməmiş və mənzilin qapısı açılmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: 3.1-ci və 3.2-ci maddələrinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 43.1.5-ci maddəsinə əsasən bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər məcburi icra tədbirləridir. 73.1-ci maddəsinə əsasən tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsinə köçürülməsi haqqında icra sənədi borclu tərəfindən könüllü icra üçün icra məmurunun müəyyən etdiyi müddətdə icra edilmədikdə, köçürülmə icra məmuru tərəfindən həyata keçirilir. İcra məmuru tələbkarın icra sənədində göstərilmiş yaşayış və ya qeyri-yaşayış sahəsinə maneəsiz daxil olmasını və orada yaşamasını (olmasını) təmin edir. İşin məhkəmə iclasında araşdırılan hallarına və qanunvericiliyin tələbinə əsasən məhkəmə belə qənaətə gəlir ki, borclu Məmmədova (Aslanova) Şəfa Fazil qızı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2299/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmədiyindən təqdimat təmin edilməli və Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 137A saylı evin 510 saylı mənzilinin qapısı məcburi qaydada açılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2299/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin olunması məqsədilə Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 137A saylı evin 510 saylı mənzilinin qapısı məcburi qaydada açılsın. Qərardadın icrası Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №8(007)-135/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-135/2023
11.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver