Məhkəmə qərarları › İş №8(007)-138/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-138/2023

03.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-138/2023 03.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, X1, X4, X2 və X5 “qətnamənin hissə-hissə icra olunmasına” dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X1, X4, X2 və X5 “qətnamənin hissə-hissə icra olunmasına” dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2-(007)2026/2022 saylı qətnaməsinin bir il müddətində icra olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Qeyd edilməlidir ki, qətnamənin hissə-hissə icra edilməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia ərizəsinin verilməsi ilə bağlı müddəalara uyğun olaraq analoji münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Göründüyü kimi ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 149cu maddəsinə riayət edilmədən tərtib olunmuşdur. Belə ki, ərizəsdə borclular, onların yaşayış yeri qeyd olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda sadalanan normanın tələblərinə borclular tərəfindən riayət edilməmiş, belə ki, ərizəyə şəxsiyyəti eyniləşdirməyə imkan verən məlumatlar, yaşayış yeri və ya olduğu yer, yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı və s. məlumatları təsdiq edəcək sənədlər əlavə edilməmişdir. Bu səbəbdən ərizə geri qaytarılmalıdır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə hesab edir ki, məhkəməyə müraciət edilərkən şəxs iddia ərizəsinin verilməsinə dair Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydaya, formaya və məzmuna, həmin sənədlərə dair müəyyən edilmiş tələblərə əməl etməlidir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan nöqsanlara əsasən ərizə və ona əlavə edilmiş sənəd geri qaytarılmalı, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması borclulara izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 149, 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1, X4, X2 və X5 “qətnamənin hissə-hissə icra olunmasına” dair ərizəsi və ona əlavə edilmiş sənəd geri qaytarılsın. Borclulara izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla aidiyyəti məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar