Məhkəmə qərarları › İş №8(007)-142/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-142/2023

10.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-142/2023 10.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, Borclu X1 iştirakı ilə, Borclu X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə böyük icra məmuru Zaur Həmzəyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2151/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, iş üzrə Borclu xx.xx.2015-ci il tarixli müqavilə 3120 manat əsas borc və ödənilmiş 52 manat dövlət rüsumunun əvəzi Tələbkar MMC-nin xeyrinə tutulmalıdır. İcra sənədi icra olunması üçün Bakı şəhəri Nizami rayon İcra şöbəsinə göndərilmişdir. Böyük icra məmuru Zaur Həmzəyev borclu X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədi şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək könüllü icra barədə bildirişlə icra olunması üçün Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Verilmiş könüllü müddət ərzində borclu tərəfindən icra sənədinin icrası təmin edilmədiyi üçün ona şöbəyə gəlməsi barədə məktub göndərilmiş, icra vərəqəsi və qanunverciliyin tələbləri bir daha izah edilmiş və sonradan izahatı alınmışdır. Borclu müxtəlif vaxtlarda respublika sərhədini tərk etmişdir. Lakin icra sənədi şöbənin icraatına daxil olduğu vaxtdan hazırkı vaxtadək borclu tərəfindən heç bir ödəniş edilməmişdir. Odur ki, icra sənədinin icrasından yayınan Borclu ölkə xaricinə çıxması icra sənədinin icrası istiqamətində hərəkətlərin davam etdirilməsinə mane olur. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2151/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə olan xx.xx.1986-cı il təvəllüdlü, Gürcüstan Respublikası, Masis rayonu, Kalinin qəsəbəsində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında borclu X2 təqdimat ilə razı olmadığını bildirdi və təqdimatın rədd edilməsini məhkəmədən xahiş etdi. O, əlavə olaraq bildirdi ki, Ermənistan Respublikasında anadan olmuşdur. O, icra məmuru Zaur Həmzəyevə ödəniş edilməsi üçün ona 6 ay vaxt verilməsini demiş, Zaur müəllim də ona 2 ay vaxt verilə biləcəyini bildirmişdir. Onun iş yeri və əmlakı yoxdur, şəxsi bizneslə məşğul olur. İcra şöbəsinə nə vaxt çağırıblarsa həmişə getmişdir. Onun üçün ölkədən getməsinə məhdudiyyət qoyulmasına problem yoxdur. Uzun müddətdir ki, ölkə xaricinə çıxmır. Təqdimat vermiş icra məmuruna və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, icra məməuru və tələbkar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, X1 borclu olduğu icra sənədi üzrə tələbin könüllü qaydada icra edilməsi məqsədilə onun ünvanına müvafiq qaydada bildirişlər göndərilmişdir. Borcluya verilən müddətin ötməsinə baxmayaraq o borcun hər hansı hissəsinin ödənilməsini təmin etməmişdir. Aparılmış icra tədbirləri nəticəsində borclunun borcunun ödənilməsi ilə bağlı əmlakı aşkar edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur; 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir və həmin təqdimata bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, X1 borclu olduğu icra sənədinin icraya yönəldilməsindən sonra hal-hazıradək keçən müddət ərzində borclu tərəfindən həmin icra sənədi üzrsüz səbəbdən icra edilmədiyindən, məhkəmə qərarına əsasən verilmiş icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə icra məmurunun təqdimatı qismən təmin edilməli, icra sənədinin icra edilməsinədək borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalı, borclu Erməinstan Respublikasının, Masisi rayonunda anadan olduğundan təqdimat qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2151/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə xx.xx.1986-cı il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan borclu X1 ölkədən getmək hüququ, icra sənədinin icra edilməsinədək, müvəqqəti məhdudlaşdırılsın. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar