Məhkəmə qərarları › İş №8(007)-143/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-143/2025

19.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-143/2025 19.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Tələbkar, X2 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-923/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icra qaydasının dəyişdirilərək, aliment məbləğinin 50 faizinin uşaqların depozit hesabına köçürülməsi barədə X2 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-923/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ondan 22 mart 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün qazancımın və başqa gəlirlərimin ¼ hissəsi miqdarında aliment tutularaq keçmiş arvadı Tələbkar verilməsi qət edilib. O, uşağını saxlamaqdan imtina etmir və valideyn olaraq onun bu günü, gələcəyi üçün məsuliyyət daşıyır. Hesab edir ki, onun həyatında onun iştirakı, onun təminatında rolu onun məsuliyyətidir. O, uşağını müdafiə etmək məqsədi ilə, onun gələcəyinə biganə yanaşa bilməz. Bu səbəbdən də hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkənəsinin 2(007)-923/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ondan 22 mart 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında tutulan aliment məbləğininin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55 3-cü maddəsinə uyğun olaraq 50 faizdən çox olmayan məbləğini 22 mart 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadədək adına açılmış bank hesabına köçürülməsini tələb edir. Özü “X17” Qapalı Səhmdar Cəmiyyətinin X21 Donanrr arasında Kapitanın Baş köməkçisi vəzifəsində işləyir və 1800 (-+) manat məbləğində əmək haqqı alır. Eyni zamanda X8 və aylıq 80 manat müavinət alır. Eyni zamanda Tələbkar SOCAR şirkətində mühəndis vəzifəsində işləyərək kifayət qədər əmək haqqı alır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-923/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ondan tutulan alimentin uşağın gələcəyini nəzərə almaqla onun adına açılmış bank hesabına köçürülməklə Tələbkar da işlədiyi üçün məqbul hesab edir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikasının Konstitusiyasının, Müılki, Ailə qanunveriçiliyinin tələblərinin rəhbər tutaraq Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-923/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə qərara alınmış 22 mart 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün qazancımın və gəlirlərinin ¼ hissəsi miqdarında ondan tutulmalı olan aliment məbləğinin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq, 50 faizdən çox olmayan məbləğinin 22 mart 2019-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar (qərardad) qəbul edilməsini xahiş etmişdir. Tələbkar etirazla məhkəməyə müraicət edərək qeyd etmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-923/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə 22 mart 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 25 dekabr 2024-cü il tarixdən başlayaraq X6 hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulub, ona verilməsi qət edilib. X4 ərizə ilə məhkəməyə müraciət edərək, təyin edilmiş alimentin tutulmasında icra qaydasını dəyişdirilərək 50 faizdən çox olmayan məbləğini uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərardad çıxarılmasını xahiş edib. X10 məhkəməyə təqdim etdiyi ərizədə yazdıqları yalandır. Belə ki, o, “Azəriqaz” İB BRQSD-nin Qazın balansı, satışı və müştəri xidmətləri şöbəsində nəzarətçi vəzifəsində işləyir və əmək haqqısı cəmi 609,02 manat təşkil edir. Eyni zamanda az yaşlı uşağı ilə birlikdə atasının mülkiyyətində olan 2 otaqlı mənzildə yaşamaq məcburiyyətindədir. X20 Qarabağ müharibəsinin veteranıdır və İİ qrup əlilidir. X11 İİİ qrup əlildir. X6 əmək haqqı 1800 manat təşkil edir, onun əmək haqqının 25%-i cəmi 450 manat təşkil edir. Bu zamanda bir uşağın tək təhsil haqqı bu məbləğdən çox olur. X3 6 yaşı var, o məktəbə getməlidir. Məktəb hazırlıqları və sair xərclər üçün uşağa küllü miqdarda vəsait lazımdır, lakin cavabdeh hansı məqsədlə oğlunun təhsilinə və inkişafına maneə törətmək istəyir. Qeyd edilənlərə əsasən X6 ərizəsinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Tələbkar etirazın dəlillərinə uyğun izahat verərək, ərizənin təmin edilməsinə etiraz etdi. Məhkəmə iclasında X4 ərizənin dəlillərinə uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, 1800 manat əmək haqqı alır. Ölkə üzrə müəyyən edilmiş 246 manat minimum aliment məbləği nəzərə alınmalıdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş icraatında icra sənədi olan icra məmuru məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə ərizəyə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, ərizəni təqdim edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, ərizəyə əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-923/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək, X10 ilə Tələbkar arasında 18 sentyabr 2018-ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanılmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 2663 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından 22 mart 2019-cu il təvəllüdlü X5 anası Tələbkar yanında qalması, 22 mart 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 25 dekabr 2024-cü il tarixdən başlayaraq X6 hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutulub, Tələbkar verilməsi, cavabdeh X6 övladı 22 mart 2019-cu il təvəllüdlü X9 ünsiyyət hüququnun müəyyən edilməsi və ünsiyyət qaydasının iddiaçı Tələbkar iştirakı olmadan, hər həftənin şənbə və bazar günləri, iki gündən artıq davam edən (Yeni il, Novruz, Ramazan, Qurban) bayramların birinci günündə saat 10:00-dan saat 22:00-dək təyin edilsin. Ünsiyyət hüququnun təmin edilməsi üçün uşaq onun yaşayış yeri üzrə ünvan 1 ünvanında hər həftənin şənbə və bazar günləri, iki gündən artıq davam edən (Yeni il, Novruz, Ramazan, Qurban) bayramların birinci günündə saat 10:00-da iddiaçı Tələbkar tərəfindən cavabdeh X7, həmin günlər saat 22:00-da isə eyni ünvanda cavabdeh X10 tərəfindən iddiaçı Tələbkar təhvil verilməsi qət edimişdir. - Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxaırşdan görünür ki, X10 "xxxx" QSC-də kapitan vəzifəsində işləyir və aylıq əmək haqqı məbləği 2060 manat təşkil edir, Tələbkar isə “Azəriqaz” İB-də qaz avadanlığının istismarı və təmiri çilingəri vəsizəfində işləyir və aylıq əmək haqqı məbləği 608,33 manat təşkil edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e- 2(007)-923/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə 22 mart 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 25 dekabr 2024-cü il tarixdən başlayaraq X6 hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutulub, Tələbkar verilməsi qət edilib. Tərəflərin izahatları ilə müəyyən edilir ki, borclunun faktiki əmək haqqı məbləği 1800 manat təşkil edir, hazırkı borclu tərəfindən icra sənədi üzrə hər ay 450 manat məbləğində aliment ödənilir. Hazırda borclu uşağın saxlanılması üçün ödədiyi alimentin yarısının uşaqların depozit hesabına köçürülməsini xahiş edir. Ali Məhkəmənin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Həmin qərarının 8.9-cu bəndində müəyyən edilmişdir ki, alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunub-olunmamasını və s. bu kimi halları nəzərə almalıdır. “20 dekabr 2024-cü il Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarına əsasən 8.9-cu bəndə aşağıdakı məzmunda 8.9-1-ci yarımbənd əlavə edilmişdir: “8.9-1. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan tələb qətnamənin icra qaydasının müəyyən edilməsi barədə müraciətdir. Alimentin tutulması tələbinə dair iddiaya baxılarkən bu barədə edilmiş müraciət MPM-in 220.6-cı maddəsində nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə qətnaməsi ilə tutulan alimentə münasibətdə bu məsələ borclunun ərizəsi əsasında MPM-in 231.1-ci maddəsində nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Azərbaycan Respublikası “Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə” 08 dekabr 2023-cü il tarixli 04/2023 saylı qərardadında qeyd etmişdir ki, alimentin məbləği uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən olunur. Ödənilən alimentin məbləğinin ölkədə uşaqlar üçün müəyyən olunan yaşayış minimumundan yüksək olması özü-özlüyündə alimentin artıq olan hissəsinin bank hesabına köçürülməsi üçün əsas vermir. Belə ki, bu zaman uşağın yaşı, təhsili (ödənişli və ya ödənişsiz), o cümlədən əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, müxtəlif dərnəklərə getməsi, səhhəti, həmçinin bu qaydanın müəyyən edilməsinin uşağın mənafelərinə uyğunluğu da nəzərə alınmalıdır. Ödənilən aliment məbləğinin yüksək olması əsası ilə onun bir hissəsinin bank hesabına köçürülməsi barədə müraciət edən şəxs bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini əsaslandırmaq və sübut etmək vəzifəsi daşıyır. Müraciət, alimentin (bir hissəsinin) uşağa deyil, başqa məqsədlərə sərf olunması əsası ilə edildiyi halda da mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı ümumi prinsiplərinə uyğun olaraq, sübutetmə yükü bu müraciəti edən tərəfin üzərinə düşür. Nəzərə alınmalıdır ki, ödənilən alimentin məbləği uşağın ödənişli təhsilə, əlavə məşğələlərə cəlb edilməsinə, uşağın mənafeyinə xidmət edən daha yaxşı həyat şəraitinin təmin edilməsinə imkan verirsə, aliment ödəyən tərəfin yuxarıda qeyd edilən məsələlərlə bağlı xərclərə razılığı tələb edilmir. Belə ki, uşaq himayəsində saxlanılan valideyn məhkəmə qətnaməsi ilə xeyrinə tutulmuş alimentin məbləği, habelə öz şəxsi vəsaitləri və imkanları həddində uşağın saxlanılması, təhsili, tərbiyəsi və normal inkişafı üçün zəruri hesab etdiyi tədbirləri həyata keçirmək hüququna malikdir. Hazırda isə borclu uşağın saxlanması üçün ödədiyi alimentin, uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumdan artıq olduğunu və ödənilən alimentin hamısının tələbkar tərəfindən uşağın saxlanması üçün xərclənmədiyini bildirmişdir. Tələbkar isə uşağın 6 yaşı olduğunu, məktəbə getməli olduğunu və hazırlıqları və s. xərclər üçün külli miqdarda vəsait lazım olduğunu qeyd etsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edilmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə borclunun ərizəsini qismən əsaslı hesab edərək, belə qənaətə gəlir ki, hazırda tələbkara ödənilən 450 manat aliment məbləğindən 2025-ci il üçün uşaqlar üçün müəyyən edilmiş 246 manat məbləğində yaşayış minimumu çıxılmaqla, qalan məbləğ uşağın adına açılmış bank hesabına köçürülməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-923/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icra qaydası aşağıdakı qaydada həyata keçirilməlidir: 22 mart 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 25 dekabr 2024-cü il tarixdən başlayaraq X6 hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında tutulan alimentin 33,3 %-i 22 mart 2019-cu il təvəllüdlü X5 adına açılmış bank hesabına köçürülməli, ərizə qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-923/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icra qaydası aşağıdakı qaydada həyata keçirilsin: 22 mart 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 25 dekabr 2024-cü il tarixdən başlayaraq X6 hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında tutulan alimentin 33,3 %-i 22 mart 2019-cu il təvəllüdlü X5 adına açılmış bank hesabına köçürülsün. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar