Məhkəmə qərarları › İş №8(007)-153/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-153/2022

10.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-153/2022 10.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Tələbkar iştirakları ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-162/2020 saylı, 25.02.2020-ci il tarixli icra sənədi üzrə qətnamənin hissə-hissə icra edilməsi barədə X1 ərizəsinə dair açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-162/2020 saylı, 25.02.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, X3 vurulmuş maddi zərərə görə 1432 manat, hüquqi xidmətlərin göstərilməsinə görə 300 manat olmaqla, ümumilikdə 1732 manat məbləğində vəsaitin Tələbkar ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. X2 Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-162/2020 saylı, 25.02.2020-ci il tarixli icra sənədi üzrə qətnamənin hissə-hissə icra edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər Nizami Məhkəməsinin 2(007)-162/2020 saylı, 25.02.2020- ci il tarixli icra sənədi üzrə borcunun hər ay 50 manat olmaqla ödənilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayon Məhkəməsi 16.08.2021 -ci il tarixli 8(007)-210/2021 saylı qərardadı ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-162/2020 saylı 25.02.2020-ci il tarixli icra sənədinin hissə-hissə icra edilməsinə dair ərizəsinə baxaraq rədd edilməsi barədə qərar qəbul etmişdir. Hazırkı vəziyyətdə dolanışıqları, ailə vəziyyəti, ailə üzvlərinin səhhətində ağır xəstəliklər səbəbindən qeyd edilən məbləğin tərəfimdən birdəfəlik ödənilməsi mümkünsüzdür. Ailə üzvləri mövcud pandemiya vəziyyəti ilə bağlı heç bir yerdə işləmir. Ailədə yeganə gəlir mənbələri onun aldığı pensiyadır. Onun da pensiyası onların quru çörəklərinə, dərmanlarına güclə çatır. Özü müharibə veteranı, 1-ci Qarabağ müharibəsi əlili onkoloji xəstəsidir. İcra sənədinə əsasən tutulacaq pul tələbini birdəfəlik ödəməyə imkanı yoxdur. Pensiyası 566 (beş yüz altmış altı) manatdır, tələb olunan məbləği o, hissə-hissə ödəyə bilər. Məhkəmə iclasında Tələbkar ərizəni qəbul etmədiyini, borclunun evi və torpaq sahəsi olduğunu, satıb borcunu ödəməsini, hissə-hissə ödənilməyə razı olmadığını, iki il səkkiz ay borclunu gözləməsini bildirdi və ərizənin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş icraatında icra sənədi olan icra məmuru və borclu məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə ərizəyə borclunun və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni təqdim edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, hesab edir ki, ərizə təmin olunmamalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2015-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələni həll etdikdə, təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi”nin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997ci il tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1 -ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 22.05.2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qətnamənin icra qaydasının dəyişdirilməsi işdə iştirak edən şəxslərin məhkəmə müdafiəsi hüququnun səmərəliliyini təmin edən vasitə kimi qiymətləndirilir və belə yanaşma Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin tələblərinə cavab verir. Burada bir daha nəzərə almaq lazımdır ki, möhlət verilməsi nəticəsində qanuni qüvvəyə minmiş qətnamə üzrə icra hərəkətlərinin uzun müddət ərzində başlaya bilməməsi məhkəməyə müraciət etmək hüququnun, habelə məhkəmə müdafiəsi təminatının ağlabatan müddətdə həyata keçirilməsi tələbinin pozulmasına gətirib çıxara bilər. Belə ki, artıq qeyd edildiyi kimi, məhkəməyə müraciət etmək hüququ, həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Yuxarıda göstərilən səbəbdən icra üzrə icraatın uzun müddət ərzində başlanmaması məhkəməyə müraciət etmək hüququnu əhəmiyyətsiz edə bilər. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tarixli 4 №-li qərarının 12-ci bəndində göstərilir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər və məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə iclasında müəyyən edildi ki, X2 qətnamənin hissə-hissə icra olunması üçün Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin borclunun əmlak vəziyyətinə və digər hallara əsasən qətnaməni hissə-hissə icra etdirməyə haqlı olması ilə bağlı qənaətə gəlməsini əsaslı edə biləcək hər hansı bir sübutunu ərizəsinə əlavə etməmiş və məhkəməyə təqdim etməmişdir. Həmçinin, X2 Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-162/2020 saylı, 25.02.2020-ci il tarixli icra sənədi üzrə qətnamənin hissə-hissə icra edilməsi, borcun hər ay 30 manat olmaqla ödənilməsi barədə ərizəylə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsi 16.08.2021 -ci il tarixli 8(007)-210/2021 saylı qərardadı ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-162/2020 saylı 25.02.2020-ci il tarixli icra sənədinin hissə-hissə icra edilməsinə dair ərizəsinə baxaraq rədd edilməsi barədə qərar qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-536/21 saylı, 13.10.2021-ci il tarixli qərardadı ilə X1 şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nizami rayon Məhkəməsi 16.08.2021 -ci il tarixli 8(007)-210/2021 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərardadda göstərilmişdir ki, məhkəməyə qətnamənin icrasını mümkünsüz edən əlverişsiz halların mövcudluğunu sübut edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, X1 hazırkı ərizəsində qeyd etdikləri onun qərarı hissə-hissə icra etməsi ilə bağlı qərar qəbul edilməsinə əsas ola bilməz, məhkəmə iclasında qətnamənin icrası üçün çətinlik törədən və ya borclu üçün əlverişsiz vəziyyət yaranmasını təsdiq edən hər hansı hal müəyyən olunmamışdır. Qeyd edilməlidir ki, Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Məhkəmə nəzərə alır ki, borclu qətnamənin hissə-hissə icrasına dair ərizə ilə müraciət edərkən bunun səbəbi kimi ödəmə imkanının olmadığını, yeganə qazancı 566 (beş yüz altmış altı) manat pensiyası olduğunu, müharibə veteranı, İ-ci Qarabağ müharibəsi əlili onkoloji xəstə olduğunu bildirmişdir. Beləliklə borclu əmlak vəziyyətinin ağırlığını bildirsə də ərizədə 566 manat pensiya aldığını etiraf etmişdir. Həmçinin tərəflərin əmlak vəziyyəti ilə bağlı olmayan hallarla əlaqədar qətnamənin hissə-hissə icra olunmasını təmin etmək həm də o zaman mümkündür ki, borclu ilə bağlı yaranmış və qətnamənin icrasını mümkünsüz edən ciddi əlverişsiz halların mövcudluğu mötəbər sübutlarla təsdiq olunsun. Bu mənada nəzərə alınmalıdır ki, borclu məhkəməyə qətnamənin icrasını mümkünsüz edən əlverişsiz halların mövcudluğunu sübut edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, tələbkar məhkəmə iclasında qətnamənin hissəhissə ödənilməsinə razı olmadığını bildirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, borclu X1 qətnamənin hissə-hissə icra edilməsi ilə bağlı ərizəsinin təmin edilməsi üçün heç bir əsas yoxdur, ona görə borclunun ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-162/2020 saylı, 25.02.2020-ci il tarixli icra sənədi üzrə qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar