Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-166/2025 17.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, Ərizəçi Tələbkar, Borclu iştirakları ilə, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2654/2020 saylı, 11 noyabr 2020-ci il tarixli icra sənədi üzrə ərizəçi (tələbkar) Tələbkar “alimentin məbləğinin indeksasiyası”na dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: İşin faktiki halı:
1. Ərizəçi Tələbkar maraqlı şəxs (borclu) Borclu qarşı “alimentin məbləğinin indeksasiyası” tələbinə dair ərizə ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Xətai Rayon Məhkəməsinin 2(007)-2654/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqı məbləğinin müəyyən mislinə sabit pul məbləğində indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(011)-174/2025 saylı qərardadına əsasən Tələbkar Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2654/2020 saylı, 11 noyabr 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya edilməsi barədə ərizəsinin baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Tələbin əsaslandığı hallar:
3. Xətai Rayon Məhkəməsinin 2(007)-2654/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən 7 yanvar 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 246 manat sabit pul məbləğində aliment iddiaçı Tələbkar xeyrinə tutulmalıdır. Bu məbləğ uşağın minimum dolanacaq xərclərini ödəmədiyi üçün cavabdeh tərəfindən verilən alimentin artırılması zərurəti yaranmışdır.
Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən ərizəçi Tələbkar alimentin indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, Nizami rayon Məhkəməsinin qətnaməsinə əsasən 170 manat məbləğində aliment tutulması qət edilsə də, bu 2020-cü il üçün təyin edilmiş məbləğdir. Ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləği artmışdır. Borclu indiyə qədər alimenti hər zaman vaxtında ödəmişdir. Sadəcə olaraq uşağın ehtiyacı artdığı üçün artıq kifayət etmir.
5. Məkhəmə iclasında iştirak edən Borclu izahatında həmişə alimenti vaxtlı-vaxtında ödədiyini, 170 manat aliment ödəməyə imkanı çatdığını, bundan artıq aliment ödəməyə maddi imkanının olmadığını bildirərək, alimentin indeksasiya edilməsinə etiraz etmişdir. Əlavə olaraq onun əməkhaqqısı 610 manat təçkil etdiyini bildirməklə əmək haqqısına uyğun aliment müəyyən edilməsini xahiş etmişdir.
İş materialları :
6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)-2654/2020 saylı qətnaməsindən çıxarışdan görünür ki, iddianın təmin edilməsi, Borclu ilə X3 arasında 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsində xx.xx.2017-ci il tarixdə bağlanmış və 3125 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından anandan olmuş xx.xx.2019-cu il təvəllüdlü X4 anası X1 himayəsində saxlanılması, Borclu xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 170 manat sabit pul məbləğində aliment X1 xeyrinə tutulması qət edilmişdir.
7. AZ-İV seriyalı, 824806 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 xx.xx.2019-cu il tarixdə anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında Şirvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə 95 nömrə ilə qeyd edilmişdir.
8. AZ-İ seriyalı, 441930 nömrəli “nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Borclu ilə X3 arasında bağlanılmış nikaha Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında xx.xx.2021-ci il tarixində xitam verilmişdir.
Tətbiq edilən hüquq :
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.
10. Azərbaycan Respublikası Ailə Məcəlləsi:
110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-2-ci bəndi: Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).
12. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu:
1-ci maddə. İndeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. 3-cü maddə. Aliment indeksləşdirmənin obyektlərindən biridir
Məhkəmənin mövqeyi :
13. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, iş materiallarını araşdıraraq qeyd edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir.
14. Ərizəçi Tələbkar Borclu qarşı “alimentin məbləğinin indeksasiyası”na dair ərizəsini Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)-2654/2020 saylı qətnaməsi ilə aliment təyin edildikdən sonra ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artması ilə əsaslandırmışdır.
15. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2654/2020 saylı, 11 noyabr 2020ci il tarixli qətnaməsinə əsasən Borclu xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 170 manat sabit pul məbləğində aliment X1 xeyrinə tutulması qət edilmişdir.
16. Məhkəmə qeyd edir ki, müvafiq qətnamə ilə alimentin məbləği müəyyən edildikdən sonra ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləği artdığından ərizəçi (tələbkar) məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının indeksasiya olunmasını tələb etməkdə haqlıdır.
17. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbənd əlavə edilmişdir: - Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.
18. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2654/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə alimentin məbləği təyin edilən zaman ölkə üzrə minimum əmək haqqı məbləği 250 manat olmuşdur.
19. Belə ki, “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 250 manat müəyyən edilmişdir.
20. Göründüyü kimi, 2020-ci ilin noyabr ayında tələbkarın xeyrinə aliment tutularkən ölkə üzrə minimum əmək haqqı 250 manat təşkil etmiş, məhkəmə tərəfindən uşağın saxlanılması üçün 170 manat sabit pul məbləğində aliment tutulmuşdur ki, bu da həmin dövrdə olan minimum əmək haqqının 0.68 (170:250) mislini təşkil etmişdir.
21. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 400 manat olaraq müəyyən edilmişdir.
22. Belə olan halda məhkəmə Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə əsasən qeyd edir ki, hazır ki ərizə alimentin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyindən və ölkə üzrə minimum əmək haqqının miqdarı artdığından məhkəmə qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulan aliment məbləği 2020-ci ilin noyabr ayında aliment müəyyən edilən zaman həmin il üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə uyğun olaraq indeksasiya edilməlidir.
23. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, qanunverici tərəfindən ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə əsaslandırılan alimentin indeksasiyası barədə ərizələrə baxılarkən əvvəlki alimentə dair məhkəmə aktı ilə müəyyən edilmiş aliment məbləğinin müvafiq indeksasiyanın həyata keçirilməsi məhkəmənin vəzifəsi olaraq müəyyən edilmişdir. Hazırki ərizələrə baxılan zaman məhkəmə əvvəlki alimentə dair məhkəmə aktı ilə müəyyən edilmiş aliment məbləğinin müvafiq qaydada indeksasiyasını həyata keçirir, yeni məbləğ müəyyən etmir.
Nəticə :
24. Beləliklə, məhkəmə qeyd edir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)- 2654/2020 saylı, 11 noyabr 2020-ci il tarixli qətnaməsi üzrə alimentin indeksasiya edilməsi barədə ərizə təmin edilməli, xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 (sıfır tam yüzdə altmış səkkiz) misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 232, 263-264, 268, 395, 396-cə maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı: Ərizə təmin edilsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2654/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunsun. xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu sonrakı artımlar nəzər alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 (sıfır tam yüzdə altmış səkkiz) misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva