Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(007)-167/2025 16.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, X1 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(007)-802/2025 saylı icra sənədinin hissə-hissə icra edilməsinə dair ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı "Unibank KB” ASCnin ona qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə bağlı məhkəməyə müraciət edib. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, e- 2(007)-802/2025 saylı qətnaməsi ilə iddia təmin edilərək, ondan 2499,71 manat əsas, 31,9 manat faiz borcu, 6,09 manat cərimə borcu olmaqla, cəmi 2537,70 manat borc və 45.38 manat dövlət rüsumu tutularaq ’’Unibank KB” ASC-yə ödənilməsi qət edilib. Nəzərə çatdırır ki, o və əri işləmir, himayələrində 2 azyaşlı uşaqları var. Uşaqların ikisi də xəstədir, biri gözdən əlil, o biri isə şəkər xəstəsidir. Birbaşa 2537,70 manat pulu ödəməyə imkanı yoxdur, lakin o, pulu ödəməkdən imtina etmir. Hər ay mütamadi olaraq 50 manat ödəyə bilər. Qeyd edilənlərə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, e-2(007)-802/2025 saylı qətnaməsi üzrə iddiaçı "Unibank KB*’ ASC-yə borclu olduğu 2537,70 manatın hissə-hissə olaraq hər ay 50 manat ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 ərizənin dəlillərinə uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırda işləmir və uşaqları xəstədir. Əvvəl kredit ödənişlərini vaxtında edirdi, lakin sonradan uşaqlarının xəstəliyi ilə əlaqədar ödəniş edə bilməyib. Bankla əlaqə saxlanmayıb. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş icraatında icra sənədi olan icra məmuru və tələbkar məhkəmə iclasına gəlməyib, gəlməməsinin səbəbləri barədə məlumat verməyiblər. Məhkəmə ərizəyə icra məmurunun və tələbkarın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunu dinləyib, ərizəni təqdim edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, hesab edir ki, ərizə təmin olunmamalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2015-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələni həll etdikdə, təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi”nin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbul edilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997ci il tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(007)-802/2025 saylı icra sənədinə əsasən iddia təmin edilərək, X3 2499,71 manat əsas, 31,9 manat faiz borcu, 6,09 manat cərimə borcu olmaqla, cəmi 2537,70 manat borc və 45,38 manat dövlət rüsumu tutularaq "Unibank KB” ASC-yə ödənilməsi qət edilib. Sözügedən icra sənədi xx.xx.2025-ci il tarixdə icra şöbəsinin icraatına daxil olmuş və qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraya yönəldilib. Lakin borclu icra məmuru tərəfindən ona verilmiş könüllü icra müddətində icra məmurunun qanuni tələblərini yerinə yetirməyib. İcra sənədi üzrə ödəniş edilməyib və buna dair müvafiq sübutlar məhkəməyə təqdim edilməyib. Borclu qətnamənin hissə-hissə icra olunması üçün Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin borclunun əmlak vəziyyətinə və digər hallara əsasən qətnaməni hissə-hissə icra etdirməyə haqlı olması ilə bağlı qənaətə gəlməsini əsaslı edə biləcək mötəbər sübutunu ərizəsinə əlavə etməmiş və məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, X1 hazırkı ərizəsində qeyd etdikləri qətnaməni hissə-hissə icra etməsi ilə bağlı qərar qəbul edilməsinə əsas ola bilməz. Belə ki, məhkəmə göstərilənləri ümumiləşdirərək qeyd edir ki, borclunun hazırkı mövqeyi, yəni borcun hər ay 50 manat ödənilməsi qətnamənin icrasının ağlabatan olmayan müddətdə təmin olunması, xeyrinə qərar çıxarılmış tələbkarın isə hüquqlarının və qanunla qorunan mənafeyinin pozulması deməkdir. Beləliklə, məhkəmə hesab edir ki, X1 qətnamənin hissə-hissə icra edilməsi ilə bağlı ərizəsinin təmin edilməsi üçün heç bir əsas olmadığından, ona görə borclunun ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(007)-802/2025 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №8(007)-167/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №8(007)-167/2025
16.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver